Xəzər Universiteti və ya Xəzər Universitəsi — Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir.
Xəzər Universiteti professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur. O, 1991-ci ildən 2010-cu il sentyabrın 6-na qədər rektor vəzifəsini də daşımışdır. 6 sentyabr 2010-cu ildən başlayaraq təsisçilikdən əlavə professor Hamlet İsaxanlı Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri kimi fəaliyyətə başlamışdır.
Mövcud olduğu illər ərzində müxtəlif dərgi və televiziya sorğuları, tələbələr arasında keçirilən sorğular, qeyri-hökumət təşkilatlarının apardığı tədqiqatlar, beynəlxalq komissiyaların dəyərləndirmələri, beynəlxalq şirkətlərin rəyi, beynəxalq reytinqlər və sairlərdə Xəzər Universiteti Azərbaycanın, eləcə də Qafqaz və Mərkəzi Asiyanın, Yaxın Şərqin və Şərqi Avropanın ən yaxşı ali məktəblərindən biri olaraq qiymətləndirmişdir.Xəzər Universiteti ən ciddi və müasir ali məktəb, güclü elm və mədəniyyət ocağı kimi ictimai rəy qazanmışdır.
Yaranma tarixi və akreditasiya.
Keçmiş SSRİ-də ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universiteti 1991-ci il martın 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 41 saylı qərarı ilə, Azərbaycanda beynəlxalq standartlara uyğun kadrlara, eləcə də ingilisdilli mütəxəssislərə olan kəskin ehtiyacı ödəmək məqsədilə yaradılmışdır. Bir qədər əvvəl – 1990-cı il dekabrın 20-də Nazirlər Sovetinin 286 saylı sərəncamına əsasən bu ali məktəbin yaradılması üçün hazırlıq işləri aparılmışdı. Universitet 1993-cü il aprelin 10-da Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının 9/1 saylı qərarı və 1995-ci il martın 4-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 45 saylı qərarı ilə özəl ali məktəb kimi yenidən qeydiyyatdan keçmişdir.
—
Universitetdə 200-dən çox professor-müəllim heyəti, o cümlədən 40-a yaxın elmlər doktoru, 100-ə yaxın elmlər namizədi (Ph.D) çalışır. Müəllimlərin əksəriyyəti xarici ölkələrdə təhsil almış və ya təcrübə keçmiş tanınmış alimlər, elm və mədəniyyət xadimləridir. Universitədə yerli müəllimlərlə yanaşı xarici mütəxəssislər də çalışır.
Universitet geniş maddi-texniki bazaya malikdir. Burada 5 tədris korpusu, nəşriyyat, mətbəə, elmi-tədris laboratoriyaları və muzeylər mövcuddur, üç dildə elmi-kütləvi jurnal və bir sıra elmi jurnallar nəşr olunur. Tələbələrə və tədqiqatçılara ən müasir xidmət göstərın zəngin kitabxanada Azərbaycan, rus, ingilis, fransız, alman, fars, türk, ərəb, yapon, ispan, italyan, çin və digər dillərdə 200 mindən çox kitab, minlərlə elmi jurnallara çıxışı təmin edən elektron məlumat bazası mövcuddur. Bu kitabxana Azərbaycanda ən müasir və zəngin ingilisdilli kitabxanadır, ən böyük və zəngin özəl ali məktəb kitabxanasıdır. Universitədə mövcud olan kitab, jurnal və digər çap və elektron məhsullarının çox böyük hissəsi yeni və müasir nəşrlərdir.
Kitabxana arasıkəsilmədən öz fondunu genişləndirməkdədir, xidmətini təkmilləşdirməkdədir.
Universitetdə 7 kompüter mərkəzi fəaliyyət göstərir. Universitetdə təhsil alan 4-5 tələbəyə 1 kompüter düşür; bu, Azərbaycan ali məktəbləri arasında ən yüksək göstəricidir. Bütün mərkəzlər tələbə və işçilərin tədris və tədqiqat ehtiyaclarına xidmət edir.
Xəzər Universitetində dərslər, əsasən, ingilis dilində tədris edilir. Bununla yanaşı, ingilis dilini zəif bilən və ya ingilis dilini öyrənməmiş abituriyentlər də Xəzər Universitetinə qəbul oluna bilərlər. Onlar ingilis dilini təcrübəli müəllimlərin köməyilə intensiv surətdə xüsusi proqram əsasında öyrənir və sonra təhsillərini ingiliscə davam etdirirlər.
Təhsildə fərqlənən tələbələr təhsillərinin bir hissəsini ABŞ, Kanada, Avropa və Asiyanın çoxsaylı universitetlərində davam etdirmək imkanı qazanırlar. İndiyə qədər müxtəlif ixtisaslar üzrə təhsil alan yüzlərlə tələbə öz təhsilinin müəyyən hissəsini xarici ölkələrdə davam etdirmişdir.
Хəzər Universiteti tələbəyə geniş seçim imkanı verən çevik kredit sistemini Аzərbаycаndа tаm tətbiq edən ilk аli məktəbdir (Bu işə o, Avropadakı Bologna sistemindən xeyli əvvəl başlamışdır!)
Tаnınmış yerli və хаrici mütəхəssislərin işə cəlb оlunmаsı, geniş beynəlхаlq əlаqələr, ciddilik, hаlаllıq, çevik və ədаlətli yeni təhsil mоdeli, dünyа təhsil təcrübəsinə və təhlilə əsаslаnаn təhsil-tədris prinsipləri “Хəzər”i fərqləndirən cəhətləridir.