Dərc olunub: 07.10.2016
Yaranma tarixi
Ölkəmizdə ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci     illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır.
Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir.
1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub.
1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb. Yeni təşkil edilən ali məktəbin tərkibinə Sosialist Uçotu, Sovet Quruculuğu və Hüquq, Maliyyə və Plan-iqtisad institutları da daxil edilib. Universitet K.Marks adına Azərbaycan Sosial İqtisad İnstitutu adı altında 1936-cı ilin sonunadək fəaliyyət göstərib.
1936-cı il dekabrın 30-da Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul edib. Buraya həmçinin Azərbaycan Sovet Ticarət İnstitutu da aid edilib. Bu institut 1937-ci il yanvarın 15-də fəaliyyətə başlayıb və müstəqil bir ali təhsil müəssisəsi kimi 1941-ci ilin iyul ayına kimi mövcud olub.
Azərbaycan Dövlət İqtisad Universiteti
1941-ci ildə Böyük Vətən müharibəsi başlandığına görə bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və 1944-cü ilin sonuna qədər yalnız Azərbaycan Dövlət Universitetinin tərkibində iqtisadiyyat fakültəsi kimi mövcud olub.
1944-cü il sentyabrın 16-da Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin bərpa olunması barədə qərar verilib. Bu qərarın əsasında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bərpa edilib..
Bu adla Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətini 1959-cu ilədək davam edib. 1959-cu ilin mart ayında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və o yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilib. Dövlət Universitetində iqtisadiyyat sahəsində mütəxəssislərin hazırlanması əvvəlcə “Ümumi iqtisadiyyat” fakültəsində, 1962-ci ildən etibarən “İqtisadiyyat” və “Əmtəəşünaslıq” fakültələrində aparılıb. Adı çəkilən hər iki fakültə 1966-cı ilədək Azərbaycan Dövlət Universitetinin tərkibində qalıb.
1966-cı ilin fevral ayında universitet Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı adı ilə bərpa olunub. Bu barədə qəbul edilən qərarla 1966-cı il sentyabrın 1-də Azərbaycan Dövlət Universitetinin tərkibindəki “Ümumi iqtisadiyyat” və “Əmtəəşünaslıq” fakültələri, eləcə də Azərbaycan Neft-Kimya İnstitutunun mühəndis-iqtisadçı fakültəsinin bir neçə yeni ixtisası təzə təşkil edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tərkibinə verilib. Müstəqil işləyən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1987-ci ilə qədər mövcud olub.
1987-ci ilin oktyabr ayında institut müstəqil fəaliyyətini dayandıraraq Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilib. 1990-cı ilin iyulunda SSRİ Nazirilər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə başlamışdır.
349 saylı Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı. Beləliklə, 1930-cu ildə əsası qoyulmuş universitetimiz kiçik bir fakültədən bu gün Azərbaycanın ən aparıcı müəssisələrindən biri olaraq Qafqazın ən böyük ali iqtisad təhsil ocaqlarından birinə çevrilməklə, ölkəmizdə sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment kimi mühüm sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlandığı əsas mərkəz hesab olunur. Bizim məqsədimiz gələcəkdə universitetimizi dünya təhsil məkanına inteqrasiya olunan müasir elektron universitetə çevirməkdir. ADİU-nun həyatında yadda qalan hadisələrdən ən önəmlisi Ulu Öndər Heydər Əliyevin universitetə gəlişi olmuşdur. 2002-ci ilin iyun ayının 13-də o zaman Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ADİU-nun 70 illik yubiley mərasimində iştirakı çoxminli kollektivimizin xatirində əbədiyaşar hadisəyə çevrildi. Heydər Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycan elminə, təhsilinə, fədakar alimlərə və müəllimlərə qayğı və diqqəti xüsusi yer tutmuşdur.
Rektorlar[redaktə | əsas redaktə]
Mehdi bəy İsmayılov (1930–1934)
Rəşid Qayıbov (1934–1937)
Məcid Quliyev (1937)
Həbib Hüseynov (1937–1939)
Bilqeyis Həşimzadə (1939–1941)
Əliqulu Fərəcov (1945–1950)
Xurşud Məmmədov (1951–1954)
Şamil Əliyev (1955–1959)
Sərvər Aslanlı (1966–1973)
Zeynal Ələkbərov (1973–1986)
Rahib Quliyev (1986–1989)
Fuad Ələsgərov (1989–1992)
Həsən Qasımov (1992–1994)
İslam Qarayev (1994–2000)
Əli Abbasov (2000–2004)
Şəmsəddin Hacıyev (2004–2014)
Ədalət Muradov (2014–hal-hazıradək)
Elmi potensialı
Azərbaycan Dövlət İqtisad Universiteti ölkənin ən aparıcı və potensial gücə malik ali məktəblərindən biridir. İndi Universitetin 11364 tələbəsi (bakalavr), 20 fakültədə 47 ixtisas üzrə 738 magistri var. Onlara 56 kafedrada 805 müəllim dərs deyir. Müəllimlərdən 59-u professor, 49-u elmlər doktoru, 395-i elmlər namizədi, 302-si isə dosentdir.
Universitetdə tədris intizamının gücləndirilməsi, təhsilin və elmi araşdırmaların səviyyəsinin yüksəldilməsi, həmçinin müəllimlərin və tələbələrin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün maksimum şərait yaradılıb. Dünyadakı qlobal iqtisadi problemlərlə daha yaxından tanış olmaq və tədrisin səviyyəsini yüksəldib beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə universitetimiz İNTERNET sisteminə qoşulub. Azərbaycan Dövlət İqtisad Universitetində müasir standartlara uyğun aparılan elmi aşadırma işləri dövrün real iqtisadi problemlərinin həllini tapmağa imkan verir.
Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyatın bütün sahələrini təmin etmək üçün yüksək səviyyəli, peşakar kadrlar hazırlayan yeganə ali məktəbdir. İqtisad Universitetində öyrədilən ixtisaslar bunlardır:
4-cü binası
İqtisadiyyat,
Biznesin idarə edilməsi,
Dünya iqtisadiyyatı,
Statistika,
Kommersiya,
Mühasibat uçotu və audit,
Sənayenin təşkili və idarə olunması,
Menecment,
Maliyyə,
Dövlət və bələdiyyə idarəetməsi,
Marketinq,
Turizm və otelçilik,
İstehlak mallarının ekspertizası və marketinqi,
Dizayn,
Beynəlxalq münasibətlər
və s.
Azərbaycan Dövlət İqtisad Universitetinin zəngin maddi-texniki bazası tədrisin və elmi araşdırmaların beynəlxalq standartlara uyğun aparılmasına imkan verir. Universitetin tədris auditoriyaları, laboratoriya, redaksiya və mətbəə, idman zalı, səhiyyə məntəqəsi, yeməkxana, kompyuter zalı, istirahət zonası, sağlamlıq düşərgəsi və kitabxanası var.
Universitetin alimləri müasir iqtisadiyyat elminin ən müxtəlif sahələri üzrə fundamental araşdırmalar aparır, müasir iqtisadi nəzəriyyənin əsaslarını hazırlayırlar. Bu ali məktəbin elmi potensialı müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Həmçinin universitetin mövcud elmi potensialı hesabına dünyanın bir sıra tanınmış təhsil mərkəzləri ilə sıx əlaqələr qurmaq mümkün olub. Bu sırada Fransanın Monpelye I, Türkiyənin “Mərmərə”, Moskva Dövlət Universiteti, Moskva Xalq Təsərrüfatı Akademiyası, Ukrayna və Belorusun Dövlət Universitetləri, Bonn Universiteti, Amsterdam Universitetinin adlarını xüsusilə çəkmək lazımdır.
Azərbaycan Dövlət İqtisad Universiteti “Soros”, “Tasis”, “Tempus” və s. beynəlxalq proqramların fəal iştirakçısıdır. Xarici Ölkələrin ali təhsil müəssisələri ilə Universitetin müəllim-tələbə heyəti arasında təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı kadr hazırlanmasına böyük önəm verilir. İndi Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyədən, Livandan, Suriyadan, İordaniyadan, Yəməndən, Rusiyadan və Türkmənistandan xeyli tələbə təhsil alır.
Hal-hazırda universitet dünyanın 100 universiteti ilə əməkdaşlıq edir.[2]
Dərbənd filialı[redaktə | əsas redaktə]
Əsas məqalə: Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı
Dərbənd filialı 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Rusiya Federasiyanın Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq, onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir.
Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən etibarən filialın yüzlərlə gənc məzunları olmuşdur.
Həmin məzunlar hal-hazırda Rusiya Federasiyasının iqtisadiyyatının müxtəlif sahələrində müvəffəqiyyətlə çalışırlar.
Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır:
Dünya iqtisadiyyatı;
Maliyyə-Kredit;
Mühasibat uçotu və audit;
Gömrük işinin təşkili;
İqtisadiyyatın hüquqi tənzimlənməsi.