Dərc olunub: 11.10.2016

İyulun 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransız-Azərbaycan Universiteti (UFAZ) ilə bağlı açıq qapı günü keçirilib. Tədbirdə  Universitetin rektoru prof. Mustafa Babanlı, Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev,  Fransa səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri İohan Şitterer və UFAZ-ın  koordinatoru Şarlotta Payen iştirak ediblər. 
Tədbirdə UFAZ-a sənəd qəbulu və imtahan prosedurları izah olunub eləcə də UFAZ-da təhsil almaq istəyən abituriyentlər və onların valideyinlərinə universitet və təhsil qaydaları haqqında geniş məlumat verilib. 
Tədbiri giriş sözü ilə açan  ADNSU-nun rektoru prof.  Mustafa Babanlı  bütün abituriyenləri salamlayaraq onlara gələcək həyatlarında və təhsildə uğurlar arzulayıb. Prof M. Babanlı UFAZ-ın Fransa və Azərbaycan arasında əməkdaşlıq layihəsi olduğunu diqqətə çatdirıb. Daha sonra rektor abituriyentlərin  UFAZ-la bağlı suallarını  cavablandırıb.
UFAZ  Fransa və Azərbaycan prezidentlərinin təklifi ilə yaradılan  bir layihədir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə dünyanın aparıcı ali məktəblərindən bir olan Strasburq Universitetinin iştirakı ilə yaradılan UFAZ Avropa və bütövlükdə dünyanın təhsil sahəsində ən yüksək standartlarına cavab verən təhsil verməklə yanaşı, eyni zamanda tələbələrə Azərbaycanın hüdudlarını tərk etmədən ADNSU ilə Strasburq Universitetinin diplomunu qazanmaq imkanı yaradır “, – deyə rektor M.Babanlı qeyd edib.
Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev UFAZ-ın yaranmasının tələbələrə yeni imkanlar açacağını qeyd edib.
“ Fransanın Strasburq Universiteti ilə ADNSU arasında olan bu layihə tələbələr üçün təhsildə yaxşı fürsətlər yaradır. Bu həmçinin tələbələrə Azərbaycan və Fransa təhsil sisteminin qarşılıqlı imkanlarını təqdim edir. Bununla bağlı Təhsil Nazirliyində yeni layihələr də gözlənilir. Təhsil Nazirinin Fransanın təhsil naziri ilə görüşəcəyi də gözlənilir”, – deyə o vurğulayıb.
Tədbirdə Fransa səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri İohan Şitterer  çıxış edib. Müşavir UFAZ-ın iki ölkə arasında təhsil sahəsində ilk və uğurlu layihə olduğunu diqqətə çatdırıb.
“ UFAZ Fransa və Azərbaycanın təhsil sahəsində ilk layihəsi olmasına baxmayarq çox böyük maraqla qarşılandığını görürəm. Ümid edirəm ki, UFAZ –da təhsil almaq istəyən abituriyentlər seçimlərindən razı qalacaq”, – deyə İ.Şitterer söyləyib.
Daha sonra çıxış edən UFAZ-ın  koordinatoru Şarlotta Payen bu günün beynəlxalq gün olduğunu deyib. O UFAZ-ın yaranması haqqında məlumat verib və abituriyentlərin suallarını cavablandırıb.
Fransız-Azərbaycan Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Fransa Respublikası və Azərbaycan Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Prezidenti Fransız-Azərbaycan Universitetinin yaranması barədə sərəncam imzalayıb.”
Tədbirin davamında UFAZ-a sənəd vermək istəyən abituriyentlər və onların valideyinlərinin sualları cavablandırılıb. Rektor prof. M. Babanlı, Təhsil Nazirliyinin Elm və  ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev və xanım Şarlotta Payen Açıq mikrofonlar vasitəsilə verilən suallara ətraflı cavablar veriblər.