Dekabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yazıçı, ssenarist Azərbaycan Yazıçılar Birliyinin üzvü Mövlud Süleymanlı ilə tələbələrin görüşü keçirilib. “Milli mentalitet və mütaliə mədəniyyəti” layihəsi çərçivəsində keçirilən görüşdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru Ata Babayev, Azərbaycan dili kafedrasının müdiri, dosent Ədalət Abbasov, müəlllim və tələbələr iştirak edib.
Tərbiyə işləri üzrə prorektor A.Babayev ADNSU-nun rektoru, professor Mustafa Babanlının tədbir iştirakçılarına salamını çatdırdıqdan sonra bu kimi tədbirlərin universitetdə ənənə halı aldığını qeyd edib. Gənclərə mütaliənin aşılanması və təbliğindən danışan dosent A.Babayev ADNSU-nun texniki profilli ali məktəb olmasına baxmayaraq mütaliənin həm tələbələr, həm də müəllimlər üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Yazıçı Mövlud Süleymanlı tələbələrlə görüşdən məmnun olduğunu qeyd edib və texniki profilli ali məktəb olan ADNSU-da mütaliəyə yüksək maraq olmasından sevinc hissi keçirdiyini bildirib. Yazıçı tələbələrə öz ixtisas fənlərini öyrənməklə yanaşı, bədii ədəbiyyatla da məşğul olmağı, çətinliklərdən qorxmamağı, öz dilini hər zaman qorumağı tövsiyə edib.
“Azərbaycan dili” kafedrasının müdiri, dosent Ədalət Abbasov mütaliənin faydaları və dilin zənginləşdirilməsindən danışıb. Daha sonra tələbələrin suallarını cavablandıran yazıçı M.Süleymanlı tələbələrə kitablarını hədiyyə edib. Sonda qonağa yazıçı Mövlud Süleymanlıya ADNSU-nun xatirə hədiyyəsi təqdim olunub.