Bu gün bütün dünya ali təhsil qurumlarının yeniləndiyi və onlara qarşı gözləntilərdə dəyişikliklərin olduğunu müşahidə edirik. Buna müxtəlif faktorlar təsir etsə də fikrimizcə bunlardan ən mühümü formalaşmaqda olan informasiya cəmiyyəti və iqtisadiyyatıdır. Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid və beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər nəticəsində “informasiya iqtisadiyyatı” nəzəriyyəsi meydana çıxmış, bu yeni ekosistemdə ali təhsilin əhəmiyyəti daha da artmışdır. Bunun əsas səbəbi şübhəsiz ki, yeni sistemdə informasiyanın önəminin daha da artmasıdır.
İnformasiya iqtisadiyyatının üç əsas ünsürü vardır: tədqiqat və işləmə, innovasiya (yenilikçilik) və təşəbbüskarlıq. Bu üç amilin birləşməsi nəticəsində əmələ gələn informasiyanın iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olduğu bu yeni ekosistemdə universitetlərin sənaye müəssisələri ilə əməkdaşlıq etmələri demək olar ki məcburiyyət olmuş, universitetlər və elmi tədqiqat institutları klassik vəzifələrindən əlavə bu yeni vəzifəni yerinə yetirmək üçün – maliyyə mənbələri də daxil – bütün tərəfdaşları ilə yeni növ münasibətlər qurmağa başlamışlar. Buna misal olaraq universitetlərdə patentlərin, başqa mənbədən maliyyələşən layihələrin artmasını, texnoparklar və inkubasiya mərkəzlərinin qurulmasını, “informasiyanın kommersiyalaşdırılması” məsələlərinin ön plana çıxmasını göstərə bilərik.
Bütün bu yeniliklər fonunda adət etdiyimiz, ənənəvi universitet tipindən fərqli yeni bir universitet tipinin formalaşması zərurət olduğundan “üçüncü nəsil universitet” anlayışı təklif edilmiş və bir nəzəriyyə formasında təqdim edilmişdir.
Ümumiyyətlə universitetləri tarixi inkişaf baxımından üç yerə ayırmaq mümkündür. Birinci nəsil universitet – orta əsrlər universiteti, ikinci nəsil universitet – Humboldt1 tip elm təməlli universitet, üçüncü nəsil universitet – son zamanlar müzakirə olunan, qismən təşkil olunan universitetlərdir. İnkişaf etmiş ölkələr sonuncu universitet tipinin yayılması istiqamətində xeyli işlər görmüşlər.
İlk universitetlərin ortaq və yeganə nümunə əsasında qurulmamışdır. Avropada ilk universitet olan Baloniya Universiteti (1088-ci il) tələbələri mərkəzdə saxlamış və maliyyə mənbəyi tələbələr olmuş, Paris Universiteti (1200-ci il) alimləri mərkəzdə saxlamış və maliyyəsi Kilsə tərəfindən təmin edilmişdir, Oksford Universiteti isə (1096-cı il) Kral və dövlət tərəfindən dəstəklənmiş və maliyyələşdirilirmişdir. Bu universitetlərin daha sonra qurulan universitetlərə nümunə təşkil etdiyi söyləmək mümkündür (Vissema, 2009).
İkinci nəsil universitetlərin ilk nümunəsi olaraq Humbold Universiteti (1810-cu il) göstərilir. Baloniya və Humbold Universitetlərinin yaranması arasındakı yeddi yüz il ərzində Avropanın fəlsəfə, təbii elmlər və texnologiya sahələrində sürətlə inkişaf etdiyini, İntibah, islahat, əks-islahat hərəkatlarının yaşandığını və nəhayət Maarifçilik dövrünün, sənayeləşmənin və kapitalizmin başladığını müşahidə edirik.
Universitetlərin yuxarıda sadalanan təsnifatını həyata keçirən Prof. Dr. J.G. Vissemanın fikrincə müasir dövrdə universitetlərdən maliyyə mənbəyi yaratmaqları və təşəbbüskar olmaqları tələb olunur. İkinci nəsil universitetlərlə müqayisədə üçüncü nəsil universitetlərin fərqləndirici xüsusiyyətləri ətraf aləmi kəşf etməkdən daha çox dəyər yaratmada rol oynamaq; tək bir elm sahəsi istiqamətində araşdırma aparmaq əvəzinə fənlərarası araşdırmalara üstünlük vermək; elm insanından daha çox təşəbbüskar yetişdirən təhsil və ümumbəşəri düşüncə tərzinə malik idarəetmə sistemidir.
Üçüncü nəsil universitetlərin müzakirə edildiyi indiki vaxtda, universitet bir təşkilat olaraq gələcəyini, yeni ictimai amilləri düzgün analiz edilməsi ilə zəmanət altına ala bilər. Müasir universitetləri təsiri altın faktorları aşağıdakı kimi qruplaşdıra bilərik(Vissema, 2009: 21-29):
1. Ali təhsilin ictimailəşməsi,
2. Qloballaşma,
3. Fənlərarası araşdırmaların vacibliyinin artması,
4. Araşdırmanın əsas informasiya istehsalı modeli olaraq yayılması,
5. Xərclərin artması,
6. Universitet xarici sektorların informasiya əsrində müstəqil olaraq ortaya çıxması,
7. Fərdiliyin, yenilik və təşəbbüskarlıq kontekstində güclənməsi,
8. Professional idarə etməyə duyulan ehtiyacın artması.
Formalaşması və inkişafı bir növ zərurət olan yeni nəsil universitetlər bizim fikrimizcə sadəcə müəyyən ixtisasa yiyələnmiş məzunlar deyil, üzvü olduğu cəmiyyətin tarixi təcrübələrinə və milli-mənəvi dəyərlərinə sahib çıxmaq şərti ilə bütün insanlığa faydalı olacaq məzunlar yetişdirməlidir. Bu isə ümumilikdə universitet anlayışının yenilənməsini tələb edir. Çünki, sənaye inqilabının və sənaye cəmiyyətinin tələblərinə uyğun olaraq təşkil edilmiş universitet tipi ilə postindustrial (sənaye sonrası) cəmiyyətin tələblərinə cavab vermək mümkün deyildir. Ali məktəb tələblərinin diplom almaqdan, ali təhsil qurumlarının isə məzun sayını artırmaqdan daha böyük bir “dərd”ləri olmazsa cəmiyyətdə ictimai məsuliyyət yavaş-yavaş yox olmağa başlayar ki, bu da arzuedilməz problemlərlə nəticələnər.
Sevindirici haldır ki, ADAU-da son illərdə müasir dünyanın tələblərinə uyğun kadr hazırlanması istiqamətində bir çox addımlar atılmış, xırda və iri miqyaslı layihələr həyata keçirilmişdir. Tələblərə təşəbbüskarlıq qabiliyyətinin aşılanması məqsədi ilə Azərbaycanda ilk dəfə “Təşəbbüs və işgüzarlıq” adlı fənn təsis edilərək Menecment və Marketinq ixtisaslarında təhsil alan üçüncü kurs tələbələrinə tədris edilməyə başlanmışdır. Bundan başqa, tələbələrin komandada işləmək, öz üzərinə məsuliyyət götürmək və müxtəlif layihələrdə iştirak edərək praktik qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə Tələbə Elmi Cəmiyyətinin nəzdində müxtəlif tələbə klubları yaradılmışdır. Professor-müəllim heyətinin və tələblərin öz ideyalarını məhsula çevirərək bazara çıxara bilməyi üçün çox vacib şərt olan “Aqrobiznes İnkubatoru”nun yaradılması üçün layihə işlənmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilmişdir. Biz inanırıq ki, atmış addımlar tezliklə öz bəhrəsini verəcək.