İyunun 7-də “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət və özəl qurumların əməkdaşları, Avropa İttifaqının, Avropa Komissiyasının rəsmiləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, son illər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində yüksək inkişafa nail olunub, yoxsulluğun səviyyəsi minimuma enib və ölkəmiz orta gəlirli ölkələr sırasında yer tutub. Peşə təhsilinin iqtisadiyyatın real sektoruna və əmək bazarına ən yaxın təhsil sahəsi olmaqla ixtisaslı kadrların hazırlanmasında xüsusi əhəmiyyətini qeyd edən təhsil naziri bu sahənin inkişafının təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışıb. Nazir qeyd edib ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi dövlət-biznes əməkdaşlığına əsaslanan, ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatını ödəyə bilən və müasir iqtisadi çağırışlara çevik cavab verən peşə təhsili sisteminin yaradılmasına təkan verib.
Layihənin əsas hədəflərinin peşə təhsili üzrə qanun layihəsinin hazırlanmasına hüquqi dəstəyin göstərilməsi, peşə təhsili və təlimi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi olduğunu deyən Mikayıl Cabbarov bu layihənin peşə təhsilinin inkişafına öz layiqli töhfəsini verəcəyinə ümid etdiyini vurğulayıb.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev layihənin Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərin icrasında böyük rol oynayacağını vurğulayıb.
“Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin əsas məqsədi ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunun cəlbediciliyini artırmaq və əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaqdır
https://mektebgushesi.az