Dərc olunub: 05.07.2017

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Məzun Günü keçirilib. Tədbirdə AMEA-dan nümayəndə, millət vəkilləri, özəl qurumların təmsilçiləri, AzMİU-nun fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak edib.
 
Universitetdən APA-ya bildirilib ki, rektor, professor Gülçöhrə Məmmədova məzun adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb, onlara təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə edib. O qeyd edib ki, bu gün zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 42-ci təntənəli buraxılış gecədir. “Başa vurduğumuz tədris ilində universiteti bakalavr səviyyəsində 25 ixtisas üzrə 1223 tələbə bitirir. Təhsilin magistratura səviyyəsində 153 magistr məzun olur. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, onlardan 25-i universiteti fərqlənmə diplomu ilə  bitirir. Bakalavr tələbələrimizdən 221 nəfər təhsilin magistratura pilləsinə qəbul imtahanlarını uğurla başa vurub. Bu il SABAH qruplarının ilk məzunu olaraq 53 tələbə Memarlıq, İnşaat mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə universiteti bitirir, SABAH məzunlarından 7 nəfəri Avropanın qabaqcıl universitetlərinin magistraturasına qəbul olunub”.
 
AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli ölkəmizin yüksək bilik və bacarıqlı gənclərə daim ehtiyacı olduğunu vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Tədbirdə universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarının təqdim olunma mərasimi keçirilib, təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə mükafatlar verilib.

Tədbir AzMİU-nun özfəaliyyət ansamblı üzvlərinin ifasında konsert proqramı ilə davam edib.

mektebgushesi.az