“Məktəblilərin, tələbələrin və əsgərlərin qidalanması, yediyi yeməklər gələcək nəslin sağlamlığını şərtləndirir”.
Bunu “Sherg.az”a məktəblərin yeməkxanalarında əməl edilməli qaydaları izah edərkən Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov deyib. O, bir neçə il əvvəl apardığı eksperimentin nəticələrini xatırladıb:

“Müasir Təhsil Kompleksində azyaşlı uşaqların və məktəblilərin yemək sistemini müəyyənləşdirib, təhvil verdik. Elə həmin il müşahidələrimiz çox müsbət istiqamətdə oldu. Belə ki, ətraf məktəblərdə qrip, soyuqdəymə xəstəlikləri baş alıb, gedəndə həmin məktəbdə tamam sağlam mühit var idi. Hətta yoluxma halı da baş vermirdi. Həmin məktəbə gələn uşaqların əvvəllər mədə-bağırsaq sistemində qızartı kimi problemlər var idi. Amma yeməklərin düzəlməsindən 6 ay sonra görüldü ki, onların narahatlıqları aradan qalxıb. Həmin uşaqlar məktəbdə şorba yeməyi, süd içməyi artıq öyrəndilər. Məktəblilər mütləq şorba, sulu yeməklər yeməlidir.
Sovet hökumətinin idarəçiliyi dövründə hər uşağa 1 stəkan təzə süd verilirdi. Kənddə ailələrdə mal-heyvan saxlandığından bəzi uşaqlar süd içir. Lakin şəhərdə uşaqlar çox az hallarda gündəlik süd içə bilirlər.
Uşaqların qidalanması pul qazanmaq yeri deyil. Qida müəssisələri qeyri-kommersiya müəssisələri içərisinə daxildir və gəlirsiz fəaliyyət göstərir. Təhsil Nazirliyinin bu prosesi hansı formada həyata keçirməsi haqqında məlumatım yoxdur. Bir yerdə ki, məqsəd pul qazanmaqdır, orada sağlam qidalanmadan danışmaq mümkün deyil”.
Orta məktəblərdə qiymətlərin aşağı olduğunu xatırladan T. Əmiraslanovun sözlərinə görə, pul qazanmaq üçün sahibkarlar yeməklərə müxtəlif vasitələrdə dad verir, daha çox satmağa çalışırlar:
“Həmçinin yeməklərin keyfiyyətindən, miqdarından da oğurlayaraq, daha çox pul qazanmaq istəyirlər. Bu kommersiyanın qanunlarıdır.
Dövlət və valideynlər tərəfindən maliyyələşdirilən qeyri-kommersiya müəssisələrində isə qidalanma düzgün qurulur. Məsələn, mənim nəvəm bufetdən yemək istifadə etmir. Anası və nənəsi çantasına yemək qoyur. Həmin bufetdəki yeməklər, satılan hazır qidalar keyfiyyətli olsa, heç bir valideyn övladını artıq yükləməz.
Məktəb bufetlərində sosiska, koka-kola, enerji içkiləri, yerində qızardılmış yeməklər, moyanezli qidalar verilirsə, deməli, sağlam qidalanma sıfır səviyyədədir”.
T. Əmiraslanov deyib ki, uşaqların məktəbli yaşında dad duyma qabiliyyəti formalaşır:
“Onu qabaqcadan məhv etmək də, yaxşı formalaşdırmaq da olar. Bu gün məktəblərin və uşaq bağçalarının başlıca məqsədi uşaqların sağlam qidalanması olmalıdır. Bununla bağlı ölkədə sosial addımlar güclənməlidir”.
Aysel Aslan