Dərc olunub: 08.09.2017

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) biotexnologiya şöbəsinin insan genetikası qrupunun elmi işçiləri Xaqani Eynullazadə və Bayram Bayramov Türkiyənin paytaxtı Ankarada yerləşən “İntergen” Genetik Mərkəzində bir ay müddətində ezamiyyətdə olublar. Bu barədə AZƏRTAC-a institutdan məlumat veriblər.
Azərbaycan alimləri ezamiyyət müddətində xəstənin mərkəzə ilk müraciəti, nümunələrin alınması, analiz olunması və yeni nəsil sekvenser cihazlarından əldə olunan məlumatların (data) bioinformatik analizi və alınan nəticələrin xəstəyə bildirilməsi mərhələlərində iştirak ediblər.
Qeyd edək ki, “İntergen” Genetik Mərkəzi Türkiyənin ilk özəl genetik analizlər həyata keçirən və genetik servis göstərən mərkəzlərindən biridir. Mərkəzdə tibbi genetika, farmakogenetika, sitogenetika, hüceyrə kulturası, genetik məsləhətləşmə, perinatal və postnatal diaqnostika, xərçəng genetikası sahəsində genetik analizlər aparılır. Eyni zamanda, mütəxəssis həkimlər tərəfindən türk populyasiyasında nadir rast gəlinən genetik xəstəliklərin diaqnozunun qoyulması və genetik məsləhətləşmə həyata keçirilir. Burada mütəmadi təşkil olunan kurs və təlimlərdə isə həm genetik xəstəliklər haqqında məlumat verilir, həm də analizlərdə istifadə olunan metodlarla bağlı praktik məşğələlər təşkil olunur.
Mektebgushesi.az