Fehruz Sovet oğlu İsmayılov 1997-ci il sentyabrın 3-də Ağcabədi rayonu Yeni Qaradolaq kəndində anadan olub. 2006-cı ilə qədər ailəsi ilə birlikdə əvvəlcə Moskvada, daha sonra Özbəkistanda yaşayıb. İki il Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki orta məktəbin rus bölməsində əla qiymətlərlə təhsil alıb. Daha sonra ailəsi ilə Bakıya köçüb. Bir il Azərbaycanda yaşayıb. Sonra Moskva vilayətindəki Vidnoye şəhərindəki orta məktəbi fərqlənmə attestatı və 2 qızıl medalla (federasiya və şəhər səviyyəsində) bitirib. 2015-ci ilin sentyabrından “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində “Müalicə işi” ixtisası üzrə təhsil alır. Mərhəmət hissi həkim peşəsini seçməyimdə yardımçı olub Orta məktəbdə oxuyarkən hər zaman kimya və kimyəvi eksperimentlərlə maraqlanırdım, bundan sonra maraq dairəmə biologiya fənni də daxil oldu. Nəticədə adıçəkilən profil fənlər üzrə ali məktəbə qəbul imtahanında iştirak etməyə və İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinə daxil olmağa qərar verdim. Bu nüfuzlu universitetdə baza ali tibb təhsili almaq hüququ əldə etmək üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müraciət etdim. Dövlət proqramına qəbul olunmağım ailəmin mənim təhsil xərclərim ilə yüklənməməsinə imkan yaratmış oldu. Lap uşaq yaşlarımdan valideynlərim mənə həkim peşəsini sevdirməyə cəhd edirdilər, baxmayaraq ki, mən daha çox psixologiya peşəsinə üstünlük verirdim. Lakin mən “Şindlerin siyahısı” adlı çox gözəl filmə baxdım, sonra isə filmin əsasını təşkil edən “Şindlerin gəmisi” kitabını oxudum. Bu kitab insanı şəfqət və mərhəmətə öyrədir, bu hissin həyatımızda nə qədər əhəmiyyətli və vacib olduğunu göstərir. Mərhəmət isə mənim həkim peşəsini seçməyimin ən əhəmiyyətli səbəblərindən biridir, çünki öz xəstəsinə ürəkdən yanmayan, ona mərhəmət və şəfqətini göstərə bilməyən həkim peşəkar nöqteyi-nəzərdən yaxşı həkim ola bilməz. Həmçinin həyatımın bu dövründə mən tibbi mövzuya həsr olunmuş “Doktor Xaus” serialına tamaşa etdim. Bu filmdə həkimin işi, onun vəzifələri və yaşadığı problemlər ətraflı göstərilirdi. Nəticədə mən müalicə işi ilə maraqlanmağa başladım və biologiyanı, xüsusən də insan anatomiyası fiziologiyasını daha dərindən öyrənməyə başladım. Beləliklə də mən həkim olmağa qərar verdim. Mən əvvəldən Seçenov universitetini seçmişdim Xaricdə təhsil almaq üçün Avropaya yox, Rusiyaya yollanmağımın səbəbinə gəlincə, bu, çox sadədir. Ailəm Rusiyada yaşayır, mən burada böyümüşəm, dostlarım buradadır. Mən əvvəldən Seçenov Universitetini seçmişdim və bu ali məktəbə daxil olmağa can atırdım. Dövlət Proqramına qəbul olunmağım barədə xəbəri sevinclə qarşıladım. Ancaq müsbət cavab alacağıma əmin deyildim, çünki müsahibə zamanı çox həyəcanlı idim. Lakin görünür, müsahibə yaxşı keçmişdi və məni proqrama qəbul etdilər. Bu proqram mənə Rusiyanın ən nüfuzlu ali tibb məktəbində təhsil alaraq yüksəkixtisaslı mütəxəssis kimi yetişməyimə, gələcəkdə öz ölkəmdə işlə təmin olunmağıma təminat verir. Əlbəttə ki, biz tələbələrin əsas vəzifəsi vətənimizə öz töhfələrimizi verməkdir. Mən şübhəsiz ki, milli təhsil sistemimizdə baş verən dəyişiklikləri izləyirəm. Mənə elə gəlir ki, bizim təhsil sistemimiz kifayət qədər güclü surətdə müvəffəqiyyət qazanır, dövlətimiz əminliklə Azərbaycanda yüksəkixtisaslı, xaricdə nüfuzlu universitetlərdə təhsil almış peşəkar mütəxəssislərin artırılmasına çalışır və bu, bizləri sevindirməyə bilməz. Digər tərəfdən, bəzi valideynlərin övladlarının təhsil sahəsində uğur qazanması üçün onlara təzyiq etməsi, bəzən onların əvəzinə ixtisas seçməsi kimi tendensiyalarla rastlaşmaq mümkündür. Bu mənim xoşuma gəlmir, çünki bu kimi səylər uşaqların öz maraqlarına müvafiq sərbəst seçim etməsi ilə ziddiyyət təşkil edir. Ali məktəblərdə görmək istədiyim yeniliklərə gəlincə, mən universitetlərimizdə elmə daha obyektiv münasibət görmək istərdim. Mənə elə gəlir ki, ölkəmizdə ali məktəblərə daxil olmanın çətinliklərini asanlaşdırmaq lazımdır, çünki insanlar nüfuzlu ali məktəblərə daxil olmaq üçün sadəcə həyatı unudurlar, bu isə insanın özünə qarşı düzgün olmayan münasibətdir. Mütaliəyə çox müsbət yanaşıram Hazırda tələbə həyatımın sakit dövrünü yaşayıram, tətildəyəm. Ancaq tezliklə yeni tədris ili başlayacaq və mən dərslərə hazırlaşmalıyam. Boş vaxtlarda mən əsasən evdə otururam. Adətən müxtəlif platformalarda olan hansısa elmi-kütləvi, idraki-əyləncə mövzusunda videolara baxıram. Mütaliəyə çox müsbət yanaşıram. Son vaxtlar yalnız universitetimizin kitabxanasında olan elmi ədəbiyyatları oxuyuram. Lakin bədii ədəbiyyat da mənim xoşuma gəlir, son oxumağa başladığım kitab Lev Tolstoyun “Anna Karenina” romanıdır. Mən universitetin II kursunu başa vuraraq, bütün fənlərdən imtahanda əla və ya yaxşı qiymətlər aldım. Burada tələbələrə yüksəksəviyyəli tədris təqdim olunur. Hələ ki, ixtisaslaşma başlamayıb, mən cərrahiyyəni seçməyi düşünürəm. Lakin hələlik cərrahiyyənin hansı istiqamətini seçəcəyimə qərar verməmişəm. Bütövlükdə həkimlik peşəsi məni daha çox cəlb etməyə başlayıb, hərçənd ki, burada təhsil almaq o qədər də asan deyil. Mühazirələr xoş və mehriban atmosferdə keçir Ali məktəbdə müəllim-tələbə münasibətlərinə gəlincə, deməliyəm ki, bu, özünü fərqli şəkildə göstərir. Müəllimlərimizin bəziləri çox xeyirxahdır və bizə seçdiyimiz ixtisas üzrə maksimum bilik verməyə çalışırlar, daha yaxşı oxumağımıza can atırlar, bəziləri əsasən nizam-intizamı qoruyub saxlamağa cəhd edir, bəziləri isə yalnız öz səlahiyyətləri çərçivəsində vəzifələrini yerinə yetirirlər. İmtahan sessiyaları kifayət qədər rahat atmosferdə keçir, heç kim yüklənmir, düşünmək üçün vaxt verirlər. Elə müəllimlər də var ki, onlara bu və ya digər mövzuya dair ən xırda detallar çox əhəmiyyətlidir ki, onları da yadda saxlamaq olduqca çətindir. Mühazirələr adətən sadə şəkildə təşkil olunur, müəllimlər dərsə məsuliyyətlə yanaşırlar. Hərçənd ki, bütün informasiyalar həqiqətən əhəmiyyətli deyil, amma bu daimi deyil, istisna hal təşkil edir. Bütövlükdə isə mühazirələr xoş və mehriban atmosferdə keçir. Tələbələrin elmi tədqiqatlarda iştirakına da diqqət yetirilir. Tələbələrin elmi işlərdə iştirakı üçün bütün imkanlar yaradılır. Əsas məsələ odur ki, tələbə özü fəallıq göstərsin, tənbəl olmasın, onda tədqiq olunan mövzulara maraq olmalıdır. Təəssüflər olsun ki, mənim hələlik bu cür tədqiqatlarda iştirak etmək imkanım olmayıb, lakin gələcəkdə mən bu sahə ilə məşğul olmağı düşünürəm. Müəllimlərimiz Bakı filialından razılıq edir Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə artıq iki ildir ki, Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı fəaliyyət göstərir. Müsahibimizlə söhbətdə Bakı filialı ilə bağlı fikirlərini də öyrəndik. İlk növbədə qeyd edim ki, universitetimizin bəzi professorları mühazirələr oxumaq üçün Bakı filialında olublar. Onlar Bakı filialının tələbələri barədə çox yaxşı rəylər səsləndirirlər. Qeyd edirlər ki, azərbaycanlı tələbələr çox məsuliyyətlidir və daha yaxşı təhsil almaq əzmindədirlər. Mən Bakı filialının rolunu çox yüksək qiymətləndirirəm. Filialın fəaliyyəti ölkəmizdə səhiyyə sahəsində yüksəkixtisaslı mütəxəssislərin sayının artmasına gətirib çıxaracaq. Bu, eyni zamanda Azərbaycanda tibb təhsilini keyfiyyətcə yeni mərhələyə qaldıracaq. Çünki bu universitet dünya arenasına çıxmağa çalışır və biz tezliklə ali məktəbin islahatlar sayəsində bu hədəfə çatmasının şahidi olacağıq. Gələcək planlarıma gəldikdə demək istəyirəm ki, ali məktəbi yüksəkixtisaslı mütəxəssis kimi bitirmək və daha sonra isə Azərbaycanda həkim işləmək istəyirəm. Oruc MUSTAFAYEV |