Lənkəran elm, mədəniyət mərkəzi olmaqla yanaşı həm də görkəmli ziyalıları, ağsaqqalları ilə fəxr ediləsi bir məkandır. Belə ziyalılardan biridə Abduləli müəllimdir. Nəslimizin ağsaqqalarından sayılır. Həmişə onunla fəxr etmişik. Uzun illər daxili işlər orqanlarında yüksək vəzifələrdə şərəflə çalışmışdır. Çalışdığı rayonlarda bugündə haqqında xoş sözlər deyilir. İnsanın şəxsiyyət kimi formalaşması üçün uzun illər lazım gəlməsinə baxmayaraq Abdüləli müəllim artıq gənc yaşlarından əsl vətənpərvər, xalqına, torpağına, dövlətinə layiqli kadr kimi formalaşmışdı. O, bilirdi ki, vəzifələr gəldi gedərdi. Əlindən gələn yaxşılığı heç kəsdən əsirgəməyib. Buda onun ürəyinin böyüklüyünü göstəricisidir. Ömrü boyu halallıqla yaşayıb, dostlarının qayğısına qalıb. Xalqına bağlılığı, dövlətçiliyə sadiqliyi, köməksizə arxa-dayaq durması həmişə ona başucalıq gətirib. Gəlin Cənub torpağının görkəmli ziyalısı Abduləli müəllimin həyatına qısa nəzər salaq.
Abduləli Mehman oğlu Abdullayev 1938–ci ildə Respublikamızın dilbər güşəsi olan Lənkəran rayonunun Port–İliç (indiki Liman) şəhərində anadan olmuşdur. Liman şəhər 1 saylı orta məktəbi müvəffəqiyyətlə başa vurmuşdur. Hərbi xidmətini Qazaxıstanda başa vurduqdan sonra Moskva şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasına qəbul olur və sovet respublikaları üçün rəhbər kadrlar hazırlayan fakultəsini uğurla bitirir. 1965-69-cu illərdə Salyan RDİŞ-də rəis müavini, daha sonra rəis, 1969-73-cü illərdə Kürdəmir, 1974-78-ci illərdə Oğuz, 1978-80-cı illərdə Tovuz, 1980-81-ci illərdə Xaçmaz RDİŞ-nin rəisi vəzifələrində çalışmışdır. 1981-ci ildə ona böyük etimad göstərilərək DİN-nin kadrlar idarəsinə təyin edirlər. 1984-87-ci illərdə DİN-nin xüsusi milis məktəbinə rəis təyin olunur. 1987-1992-ci illərdə DİN-də xidmət üzrə rəisi vəzifəsində çalışmışdır. 1988-ci ildə dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini alır. 1992-ci ildə polkovnik rütbəsində ehtiyata buraxılır. 1992-97-ci illərdə Ticarət nazirliyində hüquq şöbəsinin müdiri işləyir. 1997-2002-ci illərdə Milli Aviasiya Akademiyasının “Hüquqşunaslıq” kafedrasında baş müəllim, 2002-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının dosentidir. İşlədiyi müddət ərzində DİN-nin əməkdar işçisi, şərəf nişanı ordeni, əmək veteranı medalı, qabaqcıl təhsil işçisi döş nişanı, ilin vətənpərvər alimi adına layiq görülmüşdür. 2013-cü ildə DİA-da keçirilən sorğu nəticəsində Ədüləli müəllimin rəhbərliyi ilə hazırlanmış “İnzibati xətalar məcəlləsinin kommentariyası” adlı kitabı “İlin kitabı” adına layiq görülür. Əbdüləli müəllim ölkəmizin ictimai-siyasi həyatında həmişə fəal iştirak edir. 10-dan artıq dərslik və dərs vəsaiti, 5 fənn proqramı, 60-dan artıq elmi tezis və məqaləsi nəşr olunmuşdur. Hüquqşunas alim, ehityatda olan polkovnik, “Qızıl qələm” mükafatçısı əzizimiz Abduləli müəllimi ömrünün 80-cı baharına qədəm qoyması münasibətilə təbrik edir, ona şəxsi həyatında can sağlığı, uzun ömür, elmi yaradıcılıq fəaliyyətində uğurlar arzulayıram.
Cəmil QULİYEV
tarix üzrə fəlsəfə doktoru