“Nə qədər demək olar ki, bu “qarşı” sözünü işlədəndə ehtiyatlı olmaq lazımdır. Böyük alimdir, televiziyaya çıxıb deyir ki, “mənim Azərbaycan xalqına qarşı böyük məhəbbətim var”
Müsahibimiz Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor, yazıçı-dramaturq Aqşin Babayevdir. Bugünlərdə 82 yaşını qeyd edən qocaman jurnalistlə Azərbaycan mətbuatının ümumi durumu, keçmişi və bu günu haqqında söhbət apardıq. Uzun müddət televiziya, radio və qəzetlərdə rəhbər vəzifələrdə çalışmış professor mediamızın vəziyyəti ilə bağlı bir sıra məqamlara toxundu. Müsahibimizlə söhbətə keçməzdən qabaq professorun həyat və yaradıcılığına qısaca nəzər salmaq yerinə düşər. 1936-cı ildə Bakıda anadan olan A.Babayev 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.
Əmək fəaliyyətinə tələbə ikən respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. İngilis, fransız, alman və ispan dillərində çap olunan “Moskou nyus” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Azərbaycanın ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib. Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev, Niyazi, T.Salahov kimi sənətkarları xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, Bədii Şuraya rəhbərlik edib. Mahnı və diktor müsabiqələrində münsiflər heyətinin sədri olub. Milli Məclisin mətbuat katibi vəzifəsində çalışıb.
Ümummilli lider Heydər Əliyev Prezident seçilən günədək ulu öndərin mətbuat katibi olub. Aqşin Babayev 35 bədii və elmi kitabın müəllifidir. Elmi əsərləri, hekayələri dünyanın bir çox ölkəsində nəşr olunub. 1991-ci ildən Mədəniyyət və İncəsənət Universitetində çalışan Əməkdar jurnalist 2006-2016-cı illər ərzində “ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasına rəhbərlik edib. İki il kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müdiri olub. Hazırda rektorun humanitar məsələləri üzrə müşaviri vəzifəsini icra edir.
– Aqşin müəllim, uzun illər ölkənin nüfuzlu televiziya, radio və qəzetlərində çalışmış qocaman mətbuat nümayəndəsi kimi mətbuatımızın indiki durumunu necə dəyərləndirirsiniz?
– Sovet dövründə iki-üç qəzet var idi, amma indi qəzet bolluğudur. Lakin mən istərdim ki, hər qəzetin öz siması olsun. Bilim ki, aldığım qəzetdə məni konkret maraqlandıran nələr var. Hamının dediyi sözü bütün qəzetlərin təkrar formada dərc etməsi oxucuların marağına səbəb olmur. Məsələn, “Azərbaycan”, “Ədəbiyyat”, “525-ci qəzet”lər maraqla oxunur. Bu qəzetlər insanlar tərəfindən axtarılır. Çünki bu cür qəzetlərin artıq öz siması formalaşıb. Mən hansısa yazım olanda ya “Ədəbiyyat” qəzetinə, ya da “Azərbaycan”, “525-ci qəzet”lərə verirəm. Əlbəttə, digər qəzetləri qətiyyən inkar etmirəm. Başqa qəzetlərdə də çox maraqlı materiallar, yazılar dərc olunur. Lakin ümumən hesab edirəm ki, jurnalistikada müəyyən ixtisaslaşma olduğu kimi qəzetlər arasında da ixtisaslaşma olmalıdır. İnformasiya üçün bir qəzet axtarmalısan, başqa sahələr üçün digər qəzetləri almalısan. Hazırda ölkə mətbuatında müxtəlif sahələrdən, ədəbiyyatdan, idmandan yazan jurnalistlər fəaliyyət göstərir. Məsələn, “525-ci qəzet”də Şahanə Müşfiq adlı xanım jurnalist çalışır.
Onun yazılarını böyük məmnuniyyətlə oxuyuram. Çünki orijinal yazır. Klassik qəzetlərdə belə bir prinsip var idi. Bir jurnalist eyni mətbu orqanda iki yazısı ilə çıxış edə bilməzdi. Məsələn, mən qəzetdə işləyəndə bir yazımda Aqşin Babayev imzası, digərində isə Aqşin Səttaroğlu adı ilə yazırdım. Yaxud da A.Səttaroğlu imzasından istifadə edirdim. Ancaq indi mətbuatda bu cür qadağalar yoxdur. Elə olur ki, qəzetin bir nömrəsində eyni müxbirin üç-dörd yazısı çıxır. Hamısı da eyni imza ilə çıxır. “Ədəbiyyat” qəzetindən çox xoşum gəlir. O dəfə alim dostlarımdan biri – Arif Şəfiyev mənə deyirdi ki, “Ədəbiyyat” qəzetini oxuyandan sonra adamın qəzeti atmağa heyfi gəlir. Bilirsiz, bu, həmin qəzetin qələbəsidir. Fikrimcə, hər qəzetin öz spesifik xarakteri olmalıdır. Mətbuat orqanları ilk növbədə bunun üçün çalışmalıdır.
– Televiziya və radioların fəaliyyəti də ciddi tənqid olunur. Əksər izləyicilər efirdəki bayağılıqdan, səviyyəsiz verilişlərdən narazılıq edirlər. Bu barədə düşüncələriniz nədir?
– Mən 32 il ozamankı adı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmışam. Komitə nazirlik statusunda idi, yəni sədr nazir, müavinlər isə nazir müavini sayılırdı. Şübhəsiz, həmin illərdə çətinliklərimiz, problemlərimiz daha çox olub. Əksər məsələlər birbaşa Moskva vasitəsi ilə həll olunurdu. Xüsusən, xarici verilişlərdə hansısa siyasi material dərc etmək ixtiyarımız yox idi. Hətta adi informasiyanı belə verə bilmirdik. Mütləq Moskva teleqrafla göndərməli, ondan sonra efirə verməli idik. Amma indi Allaha şükür olsun ki, azadlıqdır. Hamı ürəyi istəyən sözü deyir.
– Televiziya kanallarında əsas problemlər nələrdir?
– Telekanallarımızda çatışmayan odur ki, efirlər konsertlərə həddindən çox yer verirlər. Bu qədər konsert olmaz. Əlbəttə, musiqi lazımlıdır, ancaq müəyyən həddə. Mən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Bədii Şuranın sədri olmuşam. O zaman Bədii Şuranın üzvləri Tofiq Quliyev, Cahangir Cahangirov, Bəhram Mansurov kimi böyük şəxsiyyətlər idi. Əgər bəstəkar bir mahnı bəstələyibsə, dərhal Bədii Şuranın iclasını çağırırdım. Bəstəkar Emin Sabitoğlu Bədii Şuraya mahnı təqdim edirdisə, onunla bərabər şeirin müəllifi Vaqif Səmədoğlu da gəlirdi. Mahnını ifa edən Şövkət Ələkbərova da orada olurdu. Təsəvvür edirsizmi, o boyda sənətkarlar bir yerə toplaşır, Emin Sabitoğlu royalda çalır, Şövkət xanım oxuyurdu. Mahnının sözlərinə isə Cabir Novruz, İbrahim Göyçaylı baxırdı. Şurada mahnıya razılıq verildikdən sonra Redaksiya Şurasına həvalə edilirdi. Redaksiya Şurasında həmin mahnı yazılandan sonra müğənni tərəfindən sözləri necə oxunub, musiqisi necə yazılıb və s. məsələlər təsdiq olunandan sonra mahnı efirə çıxa bilərdi.
– Efirlərdə aparıcıların danışığı, diktorların nitq mədəniyyəti də narazılığa səbəb olur. Sizcə, bu sahədə əsas çatışmazlıqlar nələrdir?
– Televiziyalarda ciddi problemlər var, ən əsası isə dil problemidir. Bu da təkcə aparıcıların günahı deyil. Efirə çıxanların, hətta professorların danışığında qüsurlar üzə çıxır. Nə qədər demək olar ki, bu “qarşı” sözünü işlədəndə ehtiyatlı olmaq lazımdır. Böyük alimdir, televiziyaya çıxıb deyir ki, “mənim Azərbaycan xalqına qarşı böyük məhəbbətim var”. Xalqa qarşı məhəbbət ola bilərmi?! Axı “qarşı” mənfi çalarlı sözdür. Desin ki, “mənim Azərbaycan xalqına məhəbbətim var”. Yaxud bəzən deyirlər ki, filankəs “məruzə ilə çıxış etmişdir”. Ay başınıza dönüm, ya “məruzə etdi” deyin, ya da “çıxış etdi”. “Məruzə ilə çıxış etmək” nə deməkdir?! Diktorların nitqində də ciddi qüsurlar var. Məsələn, akademik, Mətbuat Şurası, Molyer, Solovyov və s. çoxsaylı sözlərin tələffüzündə vurğu düzgün deyilmir. Bunlar diktor və aparıcılar üçün son dərəcə vacib məqamlardır.
Məni qane etməyən digər məqamlar da var. Məsələn, iki aparıcı yan-yana oturub söhbət edirlər. Ancaq elə bil ki, öz evlərində danışırlar. Canım, bu, dövlət televiziyasıdır, özəl olanda nə olar? Biri digərinə deyir ki, “bu gün işə necə gəldin?” Cavab verir ki, “hava yaman yağışlı idi, ayağım palçığa batdı. Palçığa baxdım, çox maraqlı palçıq idi”. Vallah, hər şeyin maraqlısını görmüşəm, ancaq palçığın maraqlısını həyatımda ilk dəfə eşidirəm. Sonra aparıcı kiməsə deyir ki, “bu gün sənin anadan olan gündür, təbrik eliyirəm, böyük qız olasan”. Qardaş, efir qızıl parçasıdır, bu cür söhbətlərin yeri deyil. Vaxtı ilə “Danışır və göstərir Bakı” adlı qəzetimiz var idi. Qəzetdə adi bir orfoqrafiya səhvinə görə, üç nəfəri işdən çıxartmışdılar. Mən Azərbaycan radiosuna 15 il rəhbərlik etmişəm, belə şeylər görməmişəm.
– Televiziyalarda sizi narahat edən başqa məqamlar varmı?
– Efirlərdə xəbərlərin templə, yəni sürətlə oxunması da problemdir. Templə idman xəbərlərini, futbol reportajlarını oxuyarlar. Beynəlxalq informasiyaları iti oxumaq olmaz. Aman versinlər, oxuduqları xəbərləri başa düşək də. Hələ mən savadlı adamam. Bir də görürsən, xəbərlər oxunanda yanımda əyləşən adam soruşur ki, “o, nə dedi?”. Deyirəm, vallah mən də başa düşmədim, o qədər sürətlə oxudu ki, nə dediyi anlaşılmadı. Aparıcılar elə bilirlər ki, sürətli xəbər oxumaq jurnalistin məharəti deməkdir. Elə deyil.
– KİV-lərdə Azərbaycan dilinin istifadəsi ilə bağlı problemlər mütəmadi gündəmə gətirilir. Media məkanında dilimizin qorunması nə qədər önəmli məsələdir?
– Ən mühüm məsələ dildir. Televiziya və radioda mürəkkəb cümlə olmamalıdır. Telekanala “Azərtac”dan birbaşa gələn informasiyalar üzərindən iş getmir. Necə gəldi, olduğu kimi efirə verirlər. Halbuki xəbərlərin hamısı redaktə olunmalıdır. Məsələn, informasiya belə başlayır: “Qarabağ Azərbaycan ərazisidir. Bütün dünya bunu bilir və müdafiə edir”. Ardınca deyir: – “Bu sözləri Avropa Şurasının sədri…” Ay qardaş, əvvəlcə sitat verib, sonra bu sitatın kimə məxsus olduğunu ancaq qəzetlər çap edə bilər. Qəzetdə mövzuya bir daha qayıtmaq mümkündür. Televiziya və radioda belə şey ola bilməz. Diktor dedi və üzərindən keçdi, yəni uçdu havaya. Mən bilmədim axı sitat kimə aiddir. Ay televiziya və radio işçiləri, zəhmət çəkin, “Azərtac”dan aldığınız informasiyanı redaktə edin. Deyin ki, “Avropa Şurasının sədri belə dedi…”. Ondan sonra sitatı verin. Bunlar zahirən xırda məsələlər kimi görünür, amma hamısına diqqət yetirmək lazımdır. İlk növbədə Prezidentimiz İlham Əliyevin xüsusi Sərəncamla diqqət yetirdiyi Azərbaycan dilinin saflığını mütləq qorumalıyıq. Dilimizin ifadə tərzini, nitq mədəniyyətini hifz etməliyik. Mən Mədəniyyət və İncəsənət Universitetinin professoruyam. Bizim universitetdə Azərbaycan ədəbi dili fənni 17 ixtisas üzrə tədris edilir. İnstrumental ifaçılıqla, ədəbi yaradıcılıqla, kino ilə məşğul olanlar da ədəbi dil normalarını bilməlidir. Azərbaycan dilini yaşatmaq, varlığımızı, ənənələrimizi yaşatmaq deməkdir. Xalq öz dili, mənliyi, mentaliteti və bayrağı ilə tanınır.
– Mövcud problemlərə baxmayaraq, televiziya və radioda hansısa müsbət məqamları göstərmək olarmı?
– Əlbəttə. Dediyim bütün nöqsanlara, arzu və təkliflərə rəğmən, ümumi mənada Azərbaycan televiziya məkanının uğurları çoxdur. Hər şeyi inkar etmək, qara eynəklə baxmaq düzgün deyil. Yaxşı ədəbi verilişlər, pyeslər var. AZTV-də normal televiziya rejissorları var. İctimai Televiziyanı da həmişə maraqla izləmişəm. İTV Azərbaycan musiqilərinin və nəğmələrinin incilərini vermək baxımından çox qabaqdadır. Seçmə, retro mahnılara üstünlük verirlər. Üzeyir Hacıbəyovun, Səid Rüstəmovun, Qara Qarayevin, Fikrət Əmirovun yazdığı mahnılar hər dövr üçün şedevrdir. Məsələn, Fikrət Əmirovun “Azərbaycan elləri” mahnısı görün, nə vaxt yazılıb, amma indiyə qədər müasirdir. Adam ona qulaq asanda ürəyi titrəyir. İndi çıxan musiqilər isə qısa müddət sonra unudulur. Ona görə mahnı janrına tələbat azalıb. Ona görə də Bədii Şuraları bərpa etmək lazımdır. Bəzi məsələlərdə geri qaytarmalıyıq. Vaxtı ilə faydalı olan klassiklər indi də xeyirlidir. Rubrikalar var ki, bir müddət yaşayır və ölür. Amma elə rubrikalar olur ki, nə qədər zaman keçsə də yaşayır. Misal üçün, radioda Gülsüm Əhmədqızının təqdim etdiyi “Ovqat”, millət vəkili, professor Rəfael Hüseynovun “Axşam görüşləri” verilişlərini böyük məhəbbətlə dinləyirəm. Çalışıram, verilişlərin heç bir sayını qaçırtmayım. Yaxud radio xətti ilə “Poeziya dəqiqələri” verilişi verilir. Orada şairlərin öz səsi ilə şeirlər səsləndirilir. Yəni televiziya və radioda uğurlu layihələr var.
– Müasir dönəmin media məkanı əsasən internet saytlar üzərindən formalaşır. Hətta zamanla onlayn medianın klassik çap mətbuatını sıradan çıxaracağını iddia edirlər. Sizcə, bu, mümkündürmü?
– Çap mediası sənəddir, arxivdir, tarixdir. Heç vaxt sıradan çıxa, ölə bilməz. Bizim universitetdə həm elektron kitabxana, həm də ənənəvi kitabxana var. Kim deyə bilər ki, klassik kitabxana məhv olacaq. Elektron kitabxananın özü ənənəvi kitabxananın bazasında yaradılıb. Adicə işıqlar sönəndə ortada elektron kitabxana deyilən bir şey qalmır. Hələ bunun gözə, orqanizmə ziyanlarını demirəm. Düzdür, tədricən hər şey elektronlaşdırılır, hətta elektron universitetlər yaradılır. Bu, təbii və tarixi qanunauyğunluqdur. Ancaq kitabların və çap mətbuatının rolu əvəzsizdir, onları silib ata bilmərik.
– Sosial şəbəkələrə münasibətiniz necədir? Özünüz istifadə edirsinizmi?
– Sosial şəbəkələrin üstünlüyü var, böyük bir ünsiyyət vasitəsidir. Mən də sosial şəbəkədə çox fəal iştirak edirəm. Özüm yazıram, dostlardan xəbər tuturam. Bir də görürsən, kimsə hekayəmi feysbukda paylaşır, mən də bununla fəxr edirəm, xoşuma gəlir. Ancaq hər məsələdə mədəniyyət, etika olmalıdır. Nə vaxt girirsən, sosial şəbəkələrdə ağızlarına gələni yazırlar, söyüş yazırlar. Vallah, elə olur ki, üç-dörd gün küsürəm, sosial şəbəkəyə girmirəm. Sonra məcbur olub daxil oluram, neynim, bütün informasiyalar ordadır. Proqramçıların dediyinə görə, onlarla mübarizə aparmaq, yazdıqlarını silmək effektli deyil, çünki bir müddət sonra təkrar yazacaqlar.
Ancaq bunun qarşısını almaq barədə düşünməliyik. Mexanizmini tapmalıyıq. Şəxsən mən yolunu bilmirəm. Gündəmdə bir sıra təkliflər var, lakin onlar ağlabatan deyil. Əlbəttə, sosial şəbəkələrə senzura qoymaq mümkün deyil. Ümumiyyətlə, senzuranın əleyhinəyəm, çünki sovet dövründə senzuraya çox məruz qalmışam, başıma oyunlar gəlib. Azərbaycan radiosuna rəhbərlik edəndə də, yazıçı kimi kitablar yazanda da adi bir şeyə görə nöqsan tutublar. İndi böyük xoşbəxtlikdir ki, bizdə senzura yoxdur. Amma bu dərəcədə də olmaz axı.
– Son dönəmlər mətbuata ləkə gətirən “reket jurnalistika” fəaliyyəti də meydana çıxıb. Bu barədə nə deyərdiz, bununla necə mübarizə aparmaq olar?
– Jurnalist olaraq hər zaman “reketçiliyi” pisləmişəm. Hesab edirəm ki, “reket jurnalistlərin cəzası çox böyük, ağır olmalıdır. Bununla bağlı mətbuat haqqında qanunumuzda müəyyən dəyişiklik edilməlidir. Reketçiliklə məşğul olan jurnalistin ümumiyyətlə bu sahədə fəaliyyəti tamamən qadağan olunmalıdır. Hətta həbs olunması da müzakirə oluna bilər. Yəni çox kəskin addım atmaq lazımdır ki, digərlərinə ibrət olsun və heç kim buna cəhd etməsin. Bir məsələni də vurğulayım ki, müasir mətbuatımızda plagiatlıq da böyük bəlaya çevrilib.
O gün bir məqalə oxuyuram, görürəm ki, bir mətbu orqanın əməkdaşı məqaləmi götürüb öz adı ilə çap edib. Zəng etdim baş redaktora, sonra müxbirlə danışdım. Dedi ki, “istifadə etmişəm”, dedim, “qızım, belə istifadə olmaz. Məqaləmi olduğu kimi verib, altına da öz imzanı qoymusan”. Elmi işlərdə də plagiat çoxdur. Bizim universitetdə buna qarşı çox ciddi mübarizə aparılır. Elmi iş hazır olan kimi onu xüsusi proqramla yoxlayırıq. Bir gündən sonra proqram bizə cavab verir ki, elmi işin fılan faizi plagiatdır. Sonra həmin adama deyirik ki, get, zəhmət çək, plagiat yerini yendən yaz”. (Şərq.az)