Şəhidlər Vətən uğrunda axıtdıqları öz qanları ilə dünyanın ən uca zirvəsində adlarını yazanlardır. Onlar azadlıq alovunun qığılcımını bütün dünyaya bəxş edirlər, özləri isə o qığılcımda əbədiyyətə qovuşurlar. Bu üzdən də şəhidlər heç vaxt ölmürlər, onların ruhları daim Vətən torpağının üzərində cövlan edir.
Şəhidlər qanları ilə sınanırlar, həyatın son sınağından üzü ağ, alnı açıq çıxırlar. Sözsüz ki, bütün şəhidlərimiz bizim üçün çox uca və əzizdirlər. Amma mən Şuşa uğurunda canından keçmiş, qanı qanımdan olan şəhid Elşad Qasımov haqqında danışacağam.
Şəhid Elşad Məmmədağa oğlu Qasımov mənim doğma əmimdir. Mən onu heç vaxt görməsəm də, ancaq onun barəsində eşitdiklərim məni həmişə düşündürüb. Əmimim keçdiyi döyüş yolu haqqında daha çox atamdan və onun döyüş yoldaşlarının söhbətlərindən eşitmişəm.
Atam çox zəhmli adamdır, mən onun kövrək halını heç vaxt görməmişdim. Yalnız onun yanında Elşad əmimin adı çəkiləndə özündən asılı olmayaraq kövrəlir, hətta göz yaşlarına hakim kəsilə bilmir. Atamın göz yaşları, üzündəki kədər, həsrət isə mənim də qəlbimi həmişə alovlandırır. Atam qardaşını heç vaxt unutmur, onun yoxluğunu heç cür qəbul etmir…
Qasımov Elşad Məmmədağa oğlu 24 dekabr 1963-cü ildə Suraxanı rayon Əmircan qəsəbəsində neftçi ailəsində dünyaya göz açıb. Qəsəbədəki 97 saylı məktəbdə 8-ci sinfi bitirdikdən sonra, orta təhsilini 208 saylı məktəbdə davam etdirib. Sonra ali təhsil almaq üçün Neft-Kimya Akademiyasına daxil olmuşdur. O, atasının yolu ilə getmək, neftçi peşəsinə yiyələnmək arzusu ilə yaşayırdı. Elşad artıq dördüncü kursda oxuyurdu, ali təhsilli başa vurub, atasının işlədiyi mədəndə ixtisaslı mütəxəssis olacaqdı. O, ali təhsil almaqla bərabər Əmircan qəsəbə mədəniyyət evində həm də iki illik əlavə təhsil almaqla ərəb dilini də öyrənmiş, Qurani-Kərimi ərəbcədən sərbəst oxumağa başlamışdır. Təəssüf ki, bütün arzuları yarı yolda qaldı… Elşadda olan arzu-həvəs nə qədər böyük olsa da, el namusunu, qeyrətini qorumaq ona üstün gəldi.
Erməni qəsbkarların doğma torpaqlarımıza sahib çıxmalarına dözməyən xalqımızın mərd oğulları ilə bərabər Elşad öz təhsilini yarımçıq qoyaraq 1991-ci ildə könüllü şəkildə Milli Orduya yazılıb cəbhəyə getdi.
Elşadın döyüşdə diqqətli olması, hərbi tapşırıqları vaxtında və düzgün yerinə yetirməsi, ona olan rəğbəti qat-qat artırmışdır. Ucalığı, yüksəkliyi çox sevirmiş Elşad. O deyirmiş: “Fikir vermişəm ermənilər torpaqlarımızn ən gözəl, ən uca yerlərində məskən salıblar. Görəsən babalarımız yapalağın zirvəyə qalxmasına necə dözüblər? Axı zirvə qartala yaraşır”.
Elşad nişanlısını ailəsinə tapşıraraq müharibəyə gedir. O, aprel ayında yaralandığı üçün evə gəlir. Anası Minaxanım ana: “Oğul, daha getmə, qurbanın olum qoy toyunu edək, nişanlın səni nə qədər gözləməlidir?” – deyir.
Ancaq o, “mən Şuşada olmalıyam, vətəni yağı düşmənlərdən qorumaq mənim müqəddəs borcumdur, məni yoldaşlarım gözləyir. Sağlıq olsun 15 günə qayıdacağam” deyərək Minaxanım ananı sakitləşdirir və tam sağalmamış yenidən cəbhəyə gedir.
Elşad döyüşə atıldığı ilk gündən çevik və hərbi tapşırıqları vaxtında yerinə yetirməsi, onun komandirinin və dostlarının ona olan inamını, rəğbətini daha da artırmışdır.
Mayın 8-də düşmən hücuma keçir. Çünki onlar bilirlər ki, Şuşanın yolu minalanıb. Deməli, düşmən hücumu dayandıracaqdır. Gecə yarısı isə tamamilə başqa hadisə baş verir. Dörd tank, 45-50 zirehli maşın şəhərə doğru qalxır və minalanmış sahəni keçirlər. Bir ədəd də olsun mina partlamır. Düşmən sanki paradda hərəkət edir. Azərbaycan əsgərləri igidliklə qeyri-bərabər döyüşə atılmalı olurlar. Lakin ermənilərin hücumunun qarşısını almaq mümkün olmur.
May ayının 8-də Şuşanın sükutu Elşadın da parlaq qələbələrinə, acılı-şirinli xatirələrinə zəfər dolu döyüş salnaməsinə son qoyur…
Qardaşlarının onu hər yerdə axtarması heç bir nəticə vermir. Minaxanım ana vəfat edənə qədər qulağı səsdə, gözü yolda qalır. Elşadın harada dəfn olunması bugünədək bilinmir.
Qeyd edim ki, yağı düşmən Şuşa üzərinə hücum əməliyyatının məxfi adını “dağlarda toy” adlandırmışdır. 11 min erməni əsgərinə qarşı 10 saatdan artıq davam edən qeyri bərabər döyüşdə 1860 azərbaycanlı yaralanıb, 480 nəfər həlak olub, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə isə bu günə qədər məlumat yoxdur.
Fidan Qasımova
BSU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi