Dərc olunub: 26.12.2018

Dekabrın 26-da Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti) mediatur keçirilib.

Jurnalistlərə məlumat verilib ki, hər iki mərkəz 2014-cü ildə dövlətimizin başçısının “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” Fərmanından və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədilə yaradılıb. xəbər verir ki, müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemləri ilə təchiz edilmiş mərkəzlər Təhsil Nazirliyinin struktur bölmələri və müvafiq təhsil qurumları ilə elektron qaydada əlaqələndirilib. Mərkəzlərə müraciət edən vətəndaşlara metodiki və maarifləndirici məlumatlar verilir, müxtəlif növ hüquqi yardımlar göstərilir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən mərkəzlər həftənin 5 günü saat 09:00-dan 18:00-dək vətəndaşlara fasiləsiz xidmət edir.

Mektebgushesi.az xəbər verir ki, müraciət, şikayət və təkliflər xüsusi məlumat bazasına daxil edilir, elektron formada Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönəldilir, araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir. Bundan əlavə, məlumat bazasında axtarış sistemi yaradılıb. Burada hər bir vətəndaşın müraciətini və onun Təhsil Nazirliyinə müraciətlərinin sayını axtarış meyarları əsasında tapmaq mümkündür.

Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin gündəlik statistikası aparılaraq təhlil edilir. Mərkəzlərə xüsusi təlim keçmiş əməkdaşlar cəlb olunub. Xidmət səviyyəsinin və keyfiyyətin yüksəldilməsi üçün müasir avadanlıqlar vasitəsilə video-audio nəzarət aparılır və hər bir əməkdaşın fəaliyyəti xüsusi meyarlar əsasında qiymətləndirilir.

Bu ilin 11 ayı ərzində Vətəndaşların Qəbulu Mərkəzində 36 541 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzində isə 2018-ci ilin 11 ayı ərzində 76 472 zəng qəbul edilib. Mərkəzlərə daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, birinci sinfə şagird qəbulu, tələbələrin köçürülməsi, diplomların nostrifikasiyası ilə bağlıdır.