Dərc olunub: 15.04.2019

Mektebgushesi.az  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin ONA-ya müsahibəsini təqdim edir.

– Bildiyiniz kimi, 2019-cu il “Nəsimi ili” elan olunub. Yəqin ki, Əlyazmalar İnstitutu olaraq siz də Nəsiminin yaradıcılığının araşdırılması, onun əlyazmalarının əldə edilməsi ilə bağlı müəyyən işlər həyata keçirmisiniz…

– Cənab Prezidentin 2019-cu ili “Nəsimi ili” elan etməsi təkcə Əlyazmalar İnstitutunun, humanitar elm sahələrinin nümayəndələrinin deyil, bütün ziyalılarımızın qarşısında böyük vəzifə qoyur. Çalışırıq ki, bu vəzifələrin öhdəsindən ləyaqətlə gələk. Əlyazmalar İnstitutunda da Nəsimi irsi çoxdan tədqiq olunub. Siz bilirsiniz ki, ilk dəfə Azərbaycanda keçən əsrin əvvəllərində Nəsimiyə maraq oyanıb. Bizim böyük ədəbiyyatşünasımız Salman Mümtaz Nəsiminin bir neçə əsərini çap etdirmiş və Nəsimi irsi sanki yenidən doğulmuşdu. Nəsimiyə vurulan damğaların səbəbindən onun irsinə maraq XX əsrin əvvəllərinədək güclü deyildi.

– Bir şair kimi unudulmuşdu…

– Bəli, yalnız təzkirələrdə qalmışdı. Nəsimi təkcə cismən qətlə yetirilməmişdi, sanki onun əsərləri də unutqanlıq kölgəsinə düşmüşdü. Ona görə də biz Salman Mümtazın işlərini yüksək qiymətləndiririk. Ondan sonra klassik ədəbiyyatımızla məşğul olan Həmid Araslı, Mirzağa Quluzadə kimi alimlərimiz Nəsimi irsi ilə bilavasitə məşğul olublar və Nəsiminin təkcə Azərbaycanda deyil, bütün dünyada tanıdılması yolunda böyük zəhmət sərf ediblər. Nəsimi irsi Əlyazmalar İnstitutunda saxlanılan ən böyük şəxsiyyətlərin yaradıcılıq əsərlərindən biridir. Vaxtilə İnstitutun direktoru işləmiş mərhum professor Cahangir Qəhrəmanov Əlyazmalar İnstitutunda saxlanılan əlyazmaları əsasında Nəsimi irsini tədqiq etmiş, onun elmi-tənqidi mətnini hazırlamış və sanballı bir “Nəsimi divanı leksikası” adlı əsər yazmışdı. Yəni bu onu göstərir ki, Nəsimi irsinə maraq Əlyazmalar İnstitutunda çoxdan var. 2019-cu ilin də “Nəsimi ili” elan olunması bir daha həmin işlərə qayıtmağı, həmin kitabları müasir poliqrafik tərtibatda təkrar nəşr etməyi bizim qarşımıza bir məqsəd kimi qoyur. Bundan əlavə, özümüzdəki eksponatlardan başqa, biz dünyanın müxtəlif kitabxanaları ilə, müxtəlif kolleksiyaçılarla, şəxsi fondlarla əlaqə saxlayır və Nəsiminin əsərlərinin yeni-yeni nüsxələrini əldə etməyə çalışırıq. Bunların sırasında mən Tehran Milli Məclis kitabxanasının, Təbriz Kitabxanasının adını çəkə bilərəm. Almaniyada yaşayan dostlarımız var, onlar bizə Avropa kitabxanalarındakı əsərlərin surətlərini göndərirlər.

– Sizə əsərlərin yalnız surətləri göndərilir?

– Bəli. Orijinalın gəlməsindən söhbət belə gedə bilməz. Heç bir arxiv əsərin orijinalını verməz. Yalnız surətlərini əldə edə bilirik. Bu yaxınlarda İstanbulda, məşhur Süleymaniyyə Kitabxanasında olduq. Süleymaniyyə Kitabxanasında da Nəsiminin əlyazmaları qorunur. Biz onların surətlərini almışıq.

– O əsərlərin içində əvvəllər bizə məlum olmayan şeirlər var?

– Var. Bilirsiniz, bir çox əlyazmalar nüsxə fərqləridir, amma biz onlardan da istifadə edəcəyik. Sevindirici haldır ki, onların arasında indiyə kimi nəşr olunmamış, təxminən otuza qədər şeir aşkarlanıb. Onların bəziləri Məhəmməd peyğəmbərə, imamlarımıza həsr olunmuş şeirlərdir. Bəlkə əvvəllər də bu şeirlər məlum imiş, bilmirəm. Görünür, bolşevik ideologiyasının zərbələrindən yayınmaq üçün Nəsiminin dinə həsr olunmuş bu əsərləri o dövrdə çap olunmayıb. Hazırda həmin surətlərin ərəb əlifbasından latın qrafikasına çevrilməsi üzərində iş gedir. Bu ilin sonuna kimi kitab halında çap olunacaq.

– Həmin şeirlər Azərbaycan dilindədir, eləmi?

– Bəli, əldə etdiyimiz həmin nüsxələr Azərbaycan dilindədir. Bu qəzəllər, qəsidələr də göstərir ki, Nəsimi Azərbaycan şairidir. Çünki çox vaxt deyirlər ki, Nəsimi Azərbaycanda deyil, Təbrizdə, Şirazda, Bağdadda anadan olub. Bu nüsxələr göstərir ki, belə ehtimalların qarşısını almaq üçün ən gözəl vasitə Nəsiminin əsərləridir. Nəsimi əsərlərini Azərbaycan türkcəsində yazıb.

– Yəqin ki, bu əlyazmalar sırf Nəsiminin deyil, onun şeirlərinin köçürüldüyü nüsxələrdir…

– Xeyr. Nəsiminin deyil, köçürülmə nüsxələridir.

– Bildiyim qədəri ilə son illərdə də Əhməd Şövqi Təbrizinin, Xətainin nəvəsi İbrahim Cahinin və başqa şairlərin əlyazmaları əldə edilib. Daha hansı əlyazmaları əldə etmisiniz?

– Xeyli əlyazma əldə olunub. Mən indi hamısının adını çəkə bilməyəcəyəm. Bizim Səfəvi saraylarında yaşayan, Azərbaycan dilində yazan şairlərimiz olub. Çaldıran döyüşündən sonra Sultan Səlimin Osmanlıya apardığı şairlərin çoxunun əlyazması bizdə yox idi. Müstəqillik qazanandan sonra biz dünya kitabxanalarında Azərbaycan şairlərinə aid əlyazmaları tapmağa başlamışıq və hazırda onların üzərində iş gedir.

– İndiyə qədər bizə məlum olmayan şairlərimiz çoxdur?

– Çox deməzdim, amma var. Mən ümid edirəm ki, gələcəkdə də tapılacaq. Hindistan bir böyük xəzinədir, xüsusən Baburların hakimiyyətindən sonra əlyazmalar xəzinəsi yaranıb. Orda bizim Azərbaycan şairlərinin də yəqin ki, külli miqdarda əlyazmaları var. Mən sizə deyim ki, Azərbaycan şairi Saib Təbrizi uzun müddət Baburların sarayında yaşayıb, onun adı ilə xüsusi bir ədəbi üslub formalaşıb, buna Hind və ya Saib üslubu deyirlər. Bu onu göstərir ki, Azərbaycan ədəbiyyatında Hind üslubu varsa, demək, Hindistanda yaşamış, Hindistanda əsərləri qalmış çoxlu şairlərimiz də var. Gələcəkdə yəqin ki, müxtəlif ekspedisiyalar vasitəsilə həmin əlyazmaları əldə edəcəyik.

– Ən çox hansı arxivlərdə əlyazmalarımız toplanıb?

– Məsələn, Britaniya Muzeyinin kitabxanalarında çoxlu əlyazmalarımız var. Onların çoxunun surətini gətirmişik, amma yenə axtarışlar aparılmalıdır. Çünki Britaniya Muzeyi nəhəng xəzinədir, onu araşdırmaq üçün on illərlə vaxt gərəkdir. Bu yaxınlarda Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz xanım Paşayevanın dəvəti ilə Oksfordda olduq. Orda bizi Bodler Kitabxanasına apardılar. Orda da çoxlu əlyazmalarımız var və gələcək tədqiqatçılarını gözləyir.

– O əlyazmalar nələrə aiddir?

– Əsasən dini tədqiqatların, Quranın şərhinin, müxtəlif dini məsələlərin şərhinin yer aldığı əlyazmalar, ədəbi əlyazmalar var. Bundan başqa, Heydər Əliyev Fondu Vatikanda çox böyük xeyriyyə işləri görüb. Görkəmli professorumuz Fərid Ələkbərli Heydər Əliyev Fondunun təşəbbüsü ilə uzun müddət Vatikanda tədqiqatlar aparıb və “Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar” xülasəsini hazırlayıb. O xülasəyə nəzər yetirəndə görürük ki, Vatikanda müxtəlif elm sahələrinə aid əlyazmalar yer alır.

– Vatikan arxivlərində Səfəvilərə aid məktublar da saxlanılır. Onların da nüsxələri də əldə edilibmi?

– Fərid müəllim Səfəvilərin xristian dövlətləri ilə müxtəlif məktublaşmalarını, xəritələri əldə edib. O xəritələrə baxanda görürsən ki, Azərbaycan bütöv bir ölkədir, XIX əsrdə parçaladılar. XV, XVI və XVII əsrlərə aid həmin xəritələr göstərir ki, Azərbaycan vahid bir ölkədir. Bu, bizim üçün vacib faktdır.

– Əldə olunan məktublarda Osmanlı-Səfəvi çəkişmələrinə aid yazışmalar da yer alırmı?

– O məktublarda qeyd olunub ki, Səfəvilər Avropadan kömək istəyirlər, onlar da vəd verirlər, amma kömək göstərilmir. Bütün bunlar o sənədlərdə əksini tapıb.

– Babəkin də Bizans imperiyası ilə məktublaşmaları olub. Bununla bağlı yeni faktlar aşkar edilibmi?

– Təəssüf ki, bununla bağlı məlumatlar, nüsxələr aşkar edilməyib.

– Bir müddət əvvəl Misirdən Nizaminin türkcə əlyazması əldə olunmuşdu. Onun axırı necə oldu?

– Bəli, belə bir əlyazma tapılmışdı. Amma sonra məlum oldu ki, o əlyazma XVII əsr türk şairi Nizami Qaramanlının əsəridir. O, Nizamiyə pərəstiş etdiyi üçün bu təxəllüsü götürmüşdü, türkcə əsərlər yazırdı. Bizim alimlər də elə bilmişdilər ki, bizim Nizamidir. Mən elə bilirəm ki, Misirdəki o kitabxanada Azərbaycana aid xeyli əlyazmalar var. Biz gələcəkdə axtarışları davam etdirmək fikrindəyik.

– Əldə olunan bu məlumatların, yeni faktların ictimaiyyətə çatdırılması, müxtəlif sahələrin mütəxəssislərinə təqdim edilməsi işləri necə aparılır?

– Akademiyanın prezidenti Akif Əlizadənin təşəbbüsü ilə Əlyazmalar İnstitutunda Multidisiplinar əlyazmalar şöbəsi açılıb. Orada təkcə ədəbiyyata, ilahiyyata aid əsərlər deyil, müxtəlif elm sahələrinə aid əlyazmalar tədqiq olunur və onların araşdırılması üçün təkcə ədəbiyyatçılar, filoloqlar, şərqşünaslar deyil, iqtisadçılar, riyaziyyatçılar, həkimlər də cəlb olunurlar. Həmin mütəxəssislər o əsərləri ərəbcə və başqa dildədirsə, tərcümə edirlər, türkcədirsə, bizim əlifbaya çevirirlər və onları xalqa çatdırılırlar. Bizim xeyli kitablarımız çap olunur, şübhəsiz ki, tədqiqatçılar da bundan istifadə edirlər.

– Əhməd Şövqi Təbrizi, İbrahim Cahi kimi şairlər, Səfəvilərə aid əldə olunmuş yeni tarixi faktlar ədəbiyyat, tarix dərsliklərinə, müntəxəbatlara əlavə olunurmu? Siz özünüz də X sinif ədəbiyyat dərsliyinin müəllifisiniz…

– Dərslik elə bir kateqoriyadır ki, yenilikləri çox çətin qəbul edir. Tutaq ki, bir əlyazma tapılıbsa, onu dərhal dərsliyə salmaq mümkün deyil. O, hələ approbasiyadan keçməli, cəmiyyət onu qəbul etməlidir. Ondan sonra biz onu dərsliyə sala bilərik.

– Adını çəkdiyiniz o şairlər ali məktəblərdə də tədris olunmur?

– Şübhəsiz, tədris olunur, amma dərsliyə salınmadan.

– Əldə olunan elə faktlar, məlumatlar varmı ki, milli maraqlarımıza zidd olduğu üçün indiki halda açıqlamaq mümkün olmasın?

– Belə bir faktın olması mənə məlum deyil. Elə bir hala rast gəlməmişik. Bəlkə də başqa millətdən olan şəxslərin əlyazmaları ola bilər, amma bizim millətdən olan şəxsiyyətlərin əlyazmalarında rast gəlməmişəm.

– Əlyazmalar İnstitutunda erməni dilində olan əsərlər də yer alırmı?

– Erməni dilində və erməni əlifbası ilə Azərbaycan dilində müxtəlif əsərlər var. Əsasən XVII-XVIII əsrlərdə yaşamış erməni aşıqlarının şeirləridir.

– İnstitutdakı ən qədim əlyazma hansıdır?

– Bizim ən qədim əlyazmamız XII əsrə aiddir. Bu cərrahiyyəyə aid, XI əsrdə İspaniyada yaşamış bir həkimin ərəbcə yazılmış əlyazmasıdır. XII əsrdə üzü köçürülüb, bizdədir. O, qiymətli əlyazma UNESCO-nun dünya yaddaşı siyahısına daxil edilib. Əbu Əli ibn Sinanın “Qanun fit-tibb” – “Təbabət qanunu” adlı əsəri var, XII əsrə aid əlyazmasıdır, o da UNESCO-nun dünya yaddaşı siyahısına daxil edilib. Çox sevindiricidir ki, iki il əvvəl Məhəmməd Füzulinin türkcə divanının Bakı nüsxəsi də UNESCO-nun dünya yaddaşı siyahısına daxil edilib. Yeri gəlmişkən, o nüsxə də bizdə saxlanılır.

– Xalq arasından əlyazmalar toplanılırmı?

– Bəli, bizim bir fondumuz var. O fond xalq arasında əlyazmaların toplanması ilə məşğul olur. Bizə əlyazmalar gətirirlər, fondun tərkibində yaradılmış komissiya əlyazmanı qiymətləndirir, bundan sonra onu alırıq və öz saxlancımızda saxlayırıq. Bizim işçilərimiz rayonlara gedir, əlyazmaların toplanılması ilə bağlı təbliğat aparırlar. Bilirsiniz, bəzən kiminsə evində elə qiymətli əlyazma var ki, onun dəyərindən xəbəri yoxdur. Halbuki onu satıb pul qazana bilər.

– Ekonun “Gülün əsəri” romanında süjet belədir ki, əlyazmanın vərəqləri zəhərli olduğu üçün ona toxunan keşişlər ölürlər. Doğrudan da əlyazmalardan belə təhlükə varmı?

– Xeyr, o, çox güman ki, yazıçı təxəyyülünün məhsuludur, zəhər olmur, amma bəzən əlyazmalarda müxtəlif həşəratlar, mikroblar ola bilər. Çünki qabaqlar əlyazmalar xəmir yapışqanla yapışdırılırdı, xəmir də cücüləri cəlb edirdi. Hazırda əlyazmaların bərpasında sintetik yapışqandan istifadə olunur və əlyazmalar xüsusi saxlanclarda mühafizə olunurlar.

– Vaxtilə Əlyazmalar İnstitutunda çalışmış Əbülfəz Elçibəy Azərbaycan prezidenti olduğu zaman Əlyazmalar İnstitutu üçün müasir saxlanclardan ibarət yeni binanın tikilməsi tapşırığını vermişdi, amma o layihə baş tutmadı. İnstitutun gələcəkdə köçürülməsi ilə bağlı hazırda plan varmı?

– Bəli, elə bir təklif olub. Bilirsiniz, mən Türkiyənin Süleymaniyyə Kitabxanasında olanda görmüşdüm, əlyazmalar dəmirdən hazırlanmış xüsusi rəflərdə qorunur. Hər hansı bir fövqəladə hal yaranan zaman o rəflər avtomatik bağlanır, ora nə alov, nə su keçir, sanki hermetik kapsula çevrilir. Mən də elə bir fond yaradılmasını arzu edirəm. Bu barədə Akademiyanın prezidenti Akif müəllimə də demişəm, təklifimi həvəslə qəbul edib. Nə yazıq ki, mənim bu təklifim dünya iqtisadi böhranı dövrünə düşdü və bu, bir qədər təxirə salındı. Amma bu yaxında Akif müəllimlə danışdıq, o bildirdi ki, yeni binanın tikilməsi plandadır. Düşünürəm ki, vaxt ikən müasir standartlara cavab verən binaya ehtiyac var.

– Əlyazmaların elektronlaşması işləri hansı səviyyədə aparılır?

– Elektron kataloqlaşdırma işi aparılır, biz bunu zaman-zaman yeniləyirik və ingilis dilinə çeviririk. Mən yenə də Süleymaniyyə Kitabxanasından nümunə gətirəcəyəm. Orda Türkiyənin müxtəlif şəhərlərində yerləşən əlyazmaların hamısının elektron nüsxəsi var. Sən onları götürmək üçün müəyyən məbləğ ödəməlisən. Biz də özümüzə aid əlyazmaları götürərkən müəyyən məbləğ ödəyirik. Nizaminin “Xəmsə”sinin nüsxələrini əldə edərkən, Paris Kitabxanasından əlyazmalar əldə edərkən külli miqdarda, minlərlə dollar həcmində vəsait ödəmişdik. Hazırda çalışırıq ki, bizdə də bu mexanizmi quraq. Bunun üçün əvvəlcə biz gərək əlyazmaların dəyərini, sonra da məbləği müəyyənləşdirək.

– İnstituta yeni mütəxəssislər gəlirlərmi? Yoxsa bu sahəyə maraq azdır?

– Bütün dünyada bu sahəyə meyl edən kadrlar azdır. Gənclər daha çox gəlirli sahələrə meyllənirlər. Əlyazmaları öyrənmək də o qədər asan deyil. Elə xətt nümunələri var ki, bizdə onları oxuyan mütəxəssis yoxdur, onları oxumaq üçün Türkiyəyə göndəririk. Bizdə də mütəxəssis qıtlığı yaşanır. Ümidimiz şərqşünaslıq fakültəsinin məzunlarına qalır. O da bir problemdir ki, oğlanlarımız bu sahəyə gəlmirlər, çox vaxt qızlarımız gəlir. Amma bütün bunlara baxmayaraq, institutda inkişaf, dinamika var və mən elə düşünürəm ki, ildən-ilə işlərimiz daha da yaxşılaşacaq.

Bənzər yazılar