Dərc olunub: 03.06.2019

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının professor-müəllim heyəti və tələbələri üçün Erasmus+ EQAC proqramı çərçivəsində həyata keçirilən “Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsinin geniş təqdimatı keçirilib. Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırılan və Bakı Biznes Universitetinin (BBU) koordinatorluğu ilə həyata keçirilən layihə ilə bağlı geniş təqdimat ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov tərəfindən təqdim edilib.

ADPU-nun Quba Filialının direktoru, professor Əli Allahverdiyev tədbiri giriş sözü ilə açaraq hazırda universitetdə bir neçə layihənin həyata keçirilməsinin böyük əhəmiyyətindən danışıb. Bildirilib ki, ali təhsil sahəsində keyfiyyətin təmin olunması və onun reallaşması üçün vacib olan mexanizmlərin öyrənilərək tətbiq edilməsi universitetin inkişafına xidmət edir. Təbii ki, tədrisin və idarəetmənin müasir tələblər səviyyəsinə çatdırılmasına şərait yaradacaq bu cür beynəlxalq layihələr filiallara da müsbət təsir göstərəcək. ADPU-nun Quba Filialında tədris prosesinin, öyrətmə və öyrənmə mühitinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb və mütəmadi olaraq keyfiyyətin təmin edilməsi prosesinə də müxtəlif vasitələrlə nəzarət olunur.

Sonra Keyfiyyətin təminatı şöbəsinin müdiri Rəşad Sadıqov təqdimatda iştirak edənləri salamlayıb, Erasmus+ EQAC layihəsi və onun mahiyyəti, məqsədi haqqında məlumat verdikdən sonra Avropa standartları, layihə çərçivəsində, o cümlədən universitet üzrə görülmüş işlər haqqında təqdimat nümayiş etdirib. Təqdimatda layihənin əsas məqamları, tərəfdaş olan təhsil müəssisələri, layihədən nəzərdə tutulan nəticələr haqqında ətraılı məlumat verib. O, keyfiyyətin təminatı ilə bağlı əldə edilmiş Avropa təcrübəsi haqqında danışıb və layihənin sonunda universitetlərdə keyfiyyətin təminatı ilə əlaqədar daha mükəmməl idarəetmə sisteminin qurulması məqsədilə QPR onlayn platformasının yaradılacağını qeyd edib. Bununla yanaşı, ali məktəb müəllimlərinin keyfiyyətin təminatında rolu, keyfiyyətə müxtəlif yanaşmalar, tədris proqramların təkmilləşdirilməsinin əhəmiyyəti, müasir təhsillə ənənəvi təhsilin başlıca fərqləndirici cəhətləri və s. haqqında geniş danışılıb.

2020-ci ilin sonuna qədər davam edəcək layihə çərçivəsində ötən müddətdə bir sıra işlər həyata keçirilib. Universitetlərdə, o cümlədən ADPU-da Keyfiyyətin təminatı şöbəsi yaradılıb, universitetin cari vəziyyəti öyrənilib, özünütəhlil hesabatı hazırlanıb, tələb olunan digər müxtəlif sənədlər təsdiq edilib. 11 yerli və 5 avropalı tərəfdaşı olan layihə ilə bağlı yaradılmış universitetin layihə komandasının üzvləri layihə çərçivəsində müxtəlif respublika və beynəlxalq təlimlərdə iştirak ediblər, beynəlxalq təcrübəni öyrəniblər.

Universitetdə keyfiyyətin təminatına xidmət edən islahatlardan biri 2018-ci ildən etibarən professor-müəllim heyətinin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsinin tətbiq edilməsidir. Professor-müəllim heyətinin, kafedraların, fakültələrin bir il ərzində həyata keçirdiyi fəaliyyətin təsdiq olunmuş qaydalar üzrə dəyərləndirilməsi əsasən müəllimlər üçün motivasiya, onlar arasında sağlam rəqabət, diferensial əməkhaqqı sisteminin tətbiqinə şərait yaradıb. Son illərdə universitetdə insan resurslarının inkişaf etdirilməsinə, onların peşəkarlıq səviyyəsinin yüksəlməsinə, çevik və səmərəli idarəetmənin dərinləşməsinə, müasir beynəlxalq təcrübənin tətbiqinə xüsusi önəm verilir. Artıq üç ildir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun təşəbbüsü və rəhbərliyi ilə universitetdə professor-müəllim heyətinin işə qəbulu çox sayda alternativlərin iştirakı ilə seçki yolu ilə, tədris-köməkçi heyətinin işə qəbulu isə müsabiqə yolu ilə keçirilir. Bu isə işəqəbul prosesinin şəffaf, ədalətli və obyektiv şəkildə həyata keçirilməsinə, potensialı daha çox olan insanların universitetdə çalışmasına şərait yaradılır. ADPU-da təhsilin, insan resurslarının keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması üçün əlverişli şəraitin yaradılmasına, universitetin, müəllimlik peşəsinin nüfuzunun artırılmasına imkan verir.

Təqdimat zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, çıxışlar səsləndirilib. Sonda filialın direktoru, professor Ə.Allahverdiyev yekun sözlə çıxış edib, təqdimatda səsləndirilən fikirlərin əhəmiyyətli olduğunu bildirib, təqdimatın təşkil edilməsinə və məhz ADPU-nun Quba Filialına keçirilməsinə şərait yaradığına görə rektorluğa təşəkkür edib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi