İyunun 7-də Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) beynəlxalq layihələr üzrə meneceri Veronika Di Luna AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış şəraitlə tanış olub.
AMEA-dan Mektebgushesi.az-a bildirilib ki, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev institutun fəaliyyət istiqamətləri haqqında danışıb. O, qurumda “Big Data” analitika, kibertəhlükəsizlik, “Data mining”, elektron tibb, bulud texnologiyaları, proqram mühəndisliyi, elektron elm və digər istiqamətlərdə tədqiqatlar aparıldığını bildirərək əldə edilən nəticələrin informasiya cəmiyyətinin formalaşmasında tətbiq olunduğunu diqqətə çatdırıb.
Azərbaycanda ilk dəfə internetə çıxışın 1991-ci ildə məhz bu institutda həyata keçirildiyini deyən B.Nəbiyev ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olan elmi müəssisənin “AzScienceNet” xidmətləri barədə məlumat verib. Şəbəkənin GEANT Assosiasiyasında Azərbaycanı təmsil etdiyini vurğulayan şöbə müdirinin sözlərinə görə, “AzScienceNet” və “AzEduNet” arasında inteqrasiyanın təmin olunması nəticəsində AMEA ilə yanaşı, Təhsil Nazirliyinin ali təhsil müəssisələrinin alim və mütəxəssisləri, doktorant və dissertantlarının da GEANT tərəfindən təqdim olunan çoxsaylı xidmətlərdən istifadəsinə geniş imkanlar yaradılıb.
Ölkəmizin bir çox ali təhsil müəssisəsinin “AzScienceNet” şəbəkəsinə qoşulduğunu qeyd edən B.Nəbiyev hazırda digər ali məktəblərdə də bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb. O, həmçinin institutun Tədris-İnnovasiya Mərkəzi haqqında məlumat verib.
Sonra qonaqlar institutun Elmi tədqiqatlar, Distant Tədris və Elektron Kitabxana mərkəzləri, “İnformasiya texnologiyaları” nəşriyyatı, internet-kafedə yaradılmış şəraitlə tanış olublar.
Veronika Di Luna institutda yaradılmış innovativ şəraiti, xüsusilə də “AzScienceNet” şəbəkəsinin imkanlarını yüksək qiymətləndirib. Qonaq Azərbaycanın, eləcə də İnformasiya Texnologiyaları İnstitutunun Avropanın elm və təhsil layihələrinə qoşulması üçün böyük imkanlar yaradıldığını qeyd edərək əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını bildirib.