Dərc olunub: 12.06.2019

AMEA-nın Fizika İnstitutunun molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, akademik Çingiz Qacarın və Nazilə Soltanovanın “Şərqin Eynşteyni – Əli Cavan” kitabı rus dilində çapdan çıxıb.

Akademiyadan Mektebgushesi.az-a bildiriblər ki, bioqrafik xarakter daşıyan nəşr Əli Cavanın müxtəlif dövrlərdə çəkilən fotoları ilə müşayiət olunur.

Qaz (neon gel) lazerinin ixtiraçısı, “Şərqin Eynşteyni”, “lazerin atası” adlandırılan Əli Cavanın həyat və elmi fəaliyyətinə həsr edilən vəsaitin redaktoru və dizayneri Leyla Qarayevadır.

Əli Cavan Albert Eynşteyn mükafatına layiq görülüb. Rabitə sahəsindəki texnoloji quraşdırma, materialların işlənilməsi, tibb və digər sahələrdə informasiyaların saxlanılması, ötürülməsi alimin kvant elektronikasındakı kəşfi ilə bağlıdır. Elm dünyasının 100 dahisi siyahısına düşən Əli Cavan Massaçusets Universitetinin professoru, ABŞ Elmlər Akademiyasının, Amerika Elmlər və İncəsənət Akademiyasının, həmçinin Triest Elmlərin İnkişafı Fondunun üzvü olub.