İyunun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Yardımlı Rayon Polis Şöbəsi (RPŞ) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə M.F.Axundov adına Yardımlı şəhər 1 saylı tam orta məktəbində “Gənclər arasında dini radikalizm və narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Arif Babayev, Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rusif Babayev, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə cəmiyyətdə dini radikalizmin və narkomaniyanın törətdiyi fəsadlardan danışıb.
Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli mövzu ilə bağlı çıxışında vurğulayıb ki,Yaxın Şərqdə gedən müharibələrdə müsəlmanlar əziyyət çəkir. Natiq gəncləri radikal dini qruplardan uzaq olmağa, Vətənini, dinini sevməyə çağırıb.

Rayon Polis Şöbəsinin rəisi Arif Babayev çıxışında bildirib ki, bu gün bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən biri cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyadır. O, bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyini diqqətə çatdırıb.
SHXÇDX-nin rayon şöbəsinin rəisi Rusif Babayev bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin fəal olmasının əhəmiyyətini vurğulayıb.
Digər çıxış edənlər mövzu ətrafında fikirlərini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.