Dərc olunub: 18.06.2019

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işləyən alimlərə əlavə yaradıcılıq imkanları yaratmaq, fundamental və tətbiqi xarakterli elmi tədqiqat işləri, neft, qaz və neft-kimya sənayesi ilə bağlı innovativ elmi araşdırmaları daha da inkişaf etdirmək məqsədilə elan etdiyi müsabiqəyə layihələrin qəbulu başa çatıb.

AMEA-dan Mektebgushesi.az -a bildirilib ki, müsabiqəyə yer, texnika və kimya elmləri üzrə təqdim olunan layihələrdən 113–ü texniki ekspertizadan keçib.

Müsabiqədə elmi araşdırmaların qeyd olunan prioritet istiqamətləri üzrə təqdim edilən və fənlərarası xarakter daşıyan layihələrə üstünlük verilib:

– neft-qaz yataqlarının neftveriminin artırılması;

– işlənmədə olan yataqlarda istismar şəraitindən, dərinlikdən, sulaşma faizindən, hasilat səviyyəsindən, digər geoloji, texnoloji və iqtisadi amillərdən asılı olaraq quyuların istismarının rentabellik həddinin təyin edilməsi;

– yeraltı qaz anbarlarının istismarının xüsusiyyətləri, laydaxili və layarası itkilərin azaldılması üçün texnoloji proseslərin təkmilləşdirilməsi;

– neft-qaz yataqlarının xüsusiyyətlərini nəzərə almaqla işlənmə proseslərində baş verə biləcək risklər, onları yaradan amillər və təsirin azaldılmasına dair tədbirlər;

– nanotexnologiyaların tədqiqi və tətbiqi ilə neft sənayesində olan problemlərin həllinə yönəlmiş tədbirlər;

– respublika üzrə işlənmədə olan məhsuldar çöküntülərin neft-qazlılıq potensialının dəyərləndirilməsi;

– Azərbaycanın geotektonik və neft-qazlılıq rayonlaşdırılmasının təkrar öyrənilməsi;

– qeyri-struktur tipli tələlərin aşkarlanma və öyrənilmə metodikasının işlənməsi;

– neft quyularında parafin, qətran, asfalten və qum çökmə problemləri;

– neft sənayesində qazma, hasilat, nəql, emal və s. proseslərdə innovativ texnika və texnologiyaların (o cümlədən nanotexnologiyaların) tətbiqi;

– quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqində müasir robototexnikadan istifadə;

– neft-qaz hasilatının identifikasiyası məqsədilə elmi cihaz və avadanlıq parkının yaradılması;

– neft-qaz kompleksində informasiya kommunikasiya texnologiyalarının tətbiqi problemləri;

– neft-qaz sənayesində intellektual mexatron sistemlər;

– neft-qaz hasilatının optimallaşdırılmasında kompüter proqram təminatı;

– kiçik dərinliklər geofizikasının geoloji və arxeoloji aspektləri;

– neft-qaz kompleksinin ekoloji problemləri və ətraf mühit.

Xatırladaq ki, mürəkkəbliyindən, işin həcmindən, yerinə yetirilmə müddətindən asılı olaraq kiçik həcmli layihələr üçün 50 (əlli) min manat, orta həcmli layihələr üçün 50 (əlli) mindən 100 (yüz) min manata qədər, böyük həcmli layihələr üçün 100 (yüz) mindən 200 (iki yüz) min manata qədər maliyyə vəsaiti ayrılıb.

“Həvəsləndirici mükafat” nominasiyasında isə birinci yerə 10 (on) min manat məbləğində bir mükafat, ikinci yerə hər biri 5 (beş) min manat məbləğində olan iki mükafat, üçüncü yerə isə hər biri 3 (üç) min manat məbləğində üç mükafat nəzərdə tutulub.