Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Təhsil Şurasının sədri, BDU-nun professoru Hikmət Əlizadə, ADA Universitetinin təhsil sahəsində tədqiqatçısı və baş müəllimi Dr. Ülviyyə Mikayılova, BDU-nin dosenti Elmina Kazımzadənin iştirakı ilə 22.11.2019 – cu il tarixində ADPU – nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Pedaqoji təhsilin aktual problemləri və gələcək perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir.
Mektebgushesi.az xəbər verir ki, Dəyirmi masanı ADPU – nun nəzdində ADPK – nın direktoru, dosent İsrayıl İsgəndərov açaraq qısaca olaraq pedaqoji təhsildə müasir çağırışlar, bu çağırışlara uyğun kollecdə görülən işlər barədə təqdimat etdi. İsrayıl müəllim öz çıxışında XXI əsr pedaqoji təhsilin trendləri: rəqəmsal innovasiya inqilabı – açıq kodla işləməyi bacarmalı, qloballaşma, tələbə – müəllim mobilliyi, “yeni qocalar – ömür boyu təlim” mövzularına toxundu. Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Təhsil Şurasının sədri, BDU – nun professoru Hikmət Əlizadə qeyd etdi ki, bu gün tədris müəssisələrinin qarşısında duran əsas məsələ təkcə bilik vermək deyil, biliyin təhsilalanların düşüncə məhsuluna çevrilməsi üçün mühitin formalaşdırılmasıdır.

Daha sonra dəyirmi masada iştirak edən müəllimlər son illərdə müasir təlim və innovasiyalar üzrə seminarlarda iştirakı, əldə etdiklərinin tədrisə tətbiqi, qarşıya çıxan problemlər, onların həlli üsulları və nəticələr haqqında müzakirələr apardı. 100 ilin 20 ili pedaqoji kollecdə “Addım – addım proqramı”, “Müasir təhsil və tədrisə yardım mərkəzi” ilə əməkdaşlıq şəraitində keçdiyi və bu əməkdaşlığın pedaqoji kollecin tədris həyatında əhəmiyyətli rolunun olması xüsusi olaraq qeyd edildi.
Müzakirədə kollecin müəllimlərindən Sənubər Məmmədova, Rəna Xəlilli, şöbə müdirlərindən Mətanət İsmayılova, Aygün Quliyeva, riyaziyyat – informatika fənn birləşmə komissiyasının sədri Lətifə Ələkbərova təhsilin aktual problemləri və problemlərdən çıxış yolları haqqında öz nöqteyi – nəzərlərini bildirdilər.
Dəyirmi masada Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinə mövcud problemlərin həlli üzrə təkliflərlə müraciətlər edildi.
Kollecin müəllimi Sənubər Məmmədova əsas problemləri aşağıdakı məsələlərdə gördüyünü bildirdi:
Bu gün təhsilimizlə bağlı mövcud problemlər sırasında müəllim hazırlığı ilə bağlı problemlər öndə gedir. Əğər təhsilin keyfiyyətini yüksəltmək, mövcud problemləri aradan qaldırmaq istəyiriksə müəllim hazırlığı ilə bağlı aşağıdakı prinsiplər gözlənilməlidir:
· Müəllim kimi hazırlanmaq üçün uyğun, doğru namizədlərin seçilməsi;
· Effektiv təlim və yüksək ixtisaslı müəllimlərin hazırlanması;
· İşlə və yüksək maaşla təmin etmə, daim məqsədli şəkildə dəstəkləmə.
Təhsilə innovasiyaların daxil edilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təhsili inkişaf etmiş ölkələrin təcrübəsinə inteqrasiya, uğurlu təlim və tədris proqramlarına qoşulmaq üçün çevik işçi qruplarının təşkili vacib məsələlərdən biri kimi səsləndirildi.
Dəyirmi masanın təşkili sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundovanın dəstəyi, davamlı təhsil və təlim şöbəsinin müdiri Sevinc Hacıyeva, kollecin riyaziyyat müəllimi Sənubər Məmmədovanın təşəbbüsü ilə baş tutub.