AMEA-nın Fəlsəfə İnstitutu Fransanın nüfuzlu Sorbonna və Sofiya-Antipolis universitetləri ilə əməkdaşlıq edir, birgə tədqiqatlar və layihələr həyata keçirir, elmi nəşrlər çapa hazırlayır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu fikir elmi müəssisənin direktoru, professor İlham Məmmədzadənin Fransanın ölkəmizdəki səfiri Zakari Qros və Azərbaycandakı Fransız İnstitutunun direktoru Jerom Kel ilə görüşündə səsləndirilib.
Görüşdə İ.Məmmədzadə qonaqlara rəhbərlik etdiyi elmi müəssisəsinin fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələrindən danışıb.
Daha sonra Fransanın ölkəmizdəki səfiri Zakari Qros 2020-ci il yanvarın 30-da beş qitəni əhatə etməklə “Sağ olmaq” mövzusunda keçiriləcək “İdeyalar gecəsi” barədə məlumat verib. O, Fransız İnstitutu tərəfindən təşkil olunacaq tədbirdə müxtəlif ölkə filosoflarının iştirak edəcəyini və bir sıra mövzular ətrafında müzakirələr aparacağını bildirib.
Görüşdə son beş ildə Fəlsəfə İnstitutunda Fransa səfirliyinin dəstəyi ilə gənc tədqiqatçılar üçün təşkil edilən fransız dili kurslarının davam etdirilməsi barədə razılığa gəlinib. Həmçinin fransız filosofların Fəlsəfə İnstitutunda keçirilən seminarlara dəvət olunması barədə fikir mübadiləsi aparılıb.