Dərc olunub: 28.12.2019

Artıq 2019-cu il yekunlaşmaq üzrədir. Bu il də dövlətin təhsil siyasətini həyata keçirən qurumlardan biri kimi Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi dövlət proqramları, verdiyi fərman və sərəncamlardan irəli gələn vəzifələri yerinə yetirmək üçün davamlı və məqsədyönlü iş aparmışdır. Cari ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, həmçinin dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi ilə əlaqədar görülmüş işlər bu fəaliyyətin tərkib hissəsidir.

Hazırda Dövlət İmtahan Mərkəzində qeyd olunan işlərin icra edilməsi ilə bağlı Mərkəzin strukturuna daxil olan şöbələrin təqdim etdikləri hesabatlar müzakirə olunur. Dövlət İmtahan Mərkəzi daim görülən işlərin şəffaflığının təmin edilməsinə böyük önəm verir və müntəzəm olaraq öz fəaliyyəti barədə ictimaiyyəti də məlumatlandırır. Aşağıda yerləşdirilmiş müvafiq keçidlərdə şöbələr və onların görülən işlərlə bağlı illik məruzələri ilə tanış ola bilərsiniz. Digər şöbələrin hesabatları da ilin son gününə qədər buraya əlavə ediləcəkdir.

DİM-in strukturuna daxil olan şöbələr və onların illik hesabatları:

İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi Mərkəz tərəfindən keçirilən imtahanların və tədbirlərin təşkil edilməsi üçün kompüter sistemləri, proqram-texniki təminatın yaradılması, təkmilləşdirilməsi və istismarı, məlumat bazalarının yaradılması, göstərilən xidmətlərin elektronlaşmasının təmin edilməsi və digər istiqamətlərdə zəruri tədbirlər həyata keçirir. Şöbənin hesabatına əsasən il ərzində Mərkəz tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlarda 571 mindən (detallı məlumat burada) artıq iştirakçı sayı qeydə alınmışdır. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün 16 yeni proqram yazılmış və ya mövcud proqramlar üzərində dəyişiklik edilmişdir. Hesabatın geniş məzmunu ilə buradan tanış ola bilərsiniz.

Texnoloji nəzarət və informasiya təhlükəsizliyi şöbəsinin hesabatına əsasən il ərzində təxminən 887 min sual kitabçası və cavab vərəqi çap olunmuşdur. Bunlardan 545 mini sual kitabçalarının, 222 mini buraxılış imtahanlarının cavab vərəqələrinin, 120 mini isə qəbul imtahanlarının cavab vərəqələrinin payına düşür. Hesabatın geniş məzmunu ilə buradan tanış ola bilərsiniz. Bundan əlavə, şöbənin Avtomatlaşdırılmış İstifadəçi Xidməti Mərkəzinin (IT Service Desk) məlumatına əsasən 2019-cu ildə mərkəzdaxili 1300-dən çox sorğu emal olunub. Ətraflı burada.

Metodika və dərsliklərin monitorinqi şöbəsi tərəfindən ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, hərbi liseylərə və bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarının məzmunu ilə bağlı (buraxılış və qəbul imtahanları üçün proqramlar, imtahan modelləri) və imtahanlara hazırlaşanlara, şagirdlərə və müəllimlərə metodiki köməklik baxımından metodiki materiallar hazırlanır. Fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla şöbə tərəfindən 5-11-ci sinif dərslikləri əsasında 110 “Qiymətləndirmə tapşırıqları” kitabçası (Azərbaycan və rus dillərində) yenidən hazırlanıb. Bundan əlavə, Təhsil Nazirliyinin sifarişi ilə ümumtəhsil məktəblərinin 1, 4, 7 və 8-ci sinifləri üçün hazırlanmış 57 dərslik komplektinin  nəşrəqədərki layihələrinin elmi-metodiki monitorinqi və qiymətləndirilməsi aparılıb. Fənlər üzrə hazırlıq kurslarının fəaliyyəti də davam etdirilib. İl ərzində 113 kurs: Bakıda 27, bölgələrdə 86 kurs təşkil olunub. Kursu müvəffəqiyyətlə keçmiş müdavimlərdən 678 nəfər sertifikat alıb. Hesabatın geniş məzmunu ilə buradan tanış ola bilərsiniz.

Təşkilat şöbəsinin 2019-cu ildəki fəaliyyətinə əsasən ümumiləşdirilmiş nəticələrə görə imtahanların təşkili və idarə edilməsi məqsədi ilə 1384 imtahan binası ayrılmış, 4040 imtahan rəhbəri, 42374 zal nəzarətçisi və 4159 buraxılış rejimi əməkdaşı prosesə cəlb edilmişdir. Zal nəzarətçilərinin fəaliyyətinin müxtəlif meyarlar əsasında qiymətləndirilməsinə əsasən 1423 nəzarətçi-müəllimə təşəkkür elan edilmiş, 27 nəfər isə fəxri fərmanla təltif edilmək üçün nəzərdə tutulmuşdur. İl ərzində zal nəzarətçiləri bazası daha da genişləndirilmiş və “Zal nəzarətçilərinin elektron qeydiyyatı”sisteminə əsasən bazada 15003 nəfər vardır. Nəzarətçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün onların sertifikatlaşdırılması işi bu il də davam etdirilmiş və hazırda bazada 557 nəfər sertifikatlı nəzarətçi mövcuddur. Hesabatın geniş məzmunu ilə buradan tanış ola bilərsiniz.

İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin hesabatına əsasən mütəmadi olaraq qəbul kampaniyasının mərhələləri barədə ictimaiyyət hərtərəfli məlumatlandırılmış, qəbul prosesinin şəffaflığının təmin edilməsinə böyük önəm verilmişdir. DİM-in saytı vasitəsilə müxtəlif tədbirlərlə bağlı 1000-dən artıq məlumat dərc edilmişdir. İl ərzində “Facebook” səhifəsində 600-dən çox post paylaşılmışdır. Postlarda verilən suallara 15 mindən çox cavab yazılmışdır. Qəbul kampaniyası və imtahanlarla əlaqədar bu il “Youtube” və “Facebook” kanallarında 15-ə yaxın canlı yayım edilmişdir. Kargüzarlığın aparılması ilə bağlı 13131 sənəd qeydə alınmışdır. Email (info@dim.gov.az) vasitəsilə hesabat ilində şöbənin əməkdaşları tərəfindən 13188 müraciət cavablandırılmışdır. Ümumilikdə, DİM-in elektron poçtuna daxil olmuş müraciətlərə 18847 cavab yazılmışdır. 2019-cu ildə DİM-in Çağrı mərkəzi tərəfindən 71900 müraciət cavablandırılmışdır. Hesabatın məzmunu ilə buradan tanış ola bilərsiniz.

Dövlət elektron informasiya sistemləri şöbəsinin hesabatına əsasən 15-ə yaxın yeni proqram sistemi yaradılmış və ya mövcud proqramlar üzərində dəyişiklik edilmişdir. Bu il də informasiya sistemlərinə yeni məlumatlar daxil edilmişdir. “Şagird-məzun” sistemində cari il məzunlarından IX sinif üzrə 110070 nəfərin, XI sinif üzrə 83074 nəfərin, eksternat və əvvəlki illərin məzunlarından IX sinif üzrə 786 nəfərin, XI sinif üzrə 1197 nəfərin yekun qiymətləndirilməsi aparılmışdır. Bütün məzunların attestat rekvizitləri sistemə daxil edilmişdir. Hesabatın məzmunu ilə buradan tanış ola bilərsiniz.

Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin hesabatına əsasən imtahanlarda iştirak etmiş 370000-dən çox şagird ümumilikdə 7 milyona qədər yazı işi yerinə yetirib və bu işlərin qiymətləndirilməsi üçün 15 milyona yaxın yoxlama (qiymətləndirmə) aparılıb. Hesabatın məzmunu ilə buradan tanış ola bilərsiniz.