Prezident İlham Əliyevin 2019-cu il 11 iyun tarixli fərmanları ilə təsdiq olunmuş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” Ali Attestasiya Komissiyasının fəaliyyətində köklü dəyişikliklərə təkan verib, elmi kadrların attestasiyası ilə bağlı məsələlərə yeni yanaşmanın tətbiqini təmin edib.
Mektebgushesi.az-ın məlumatına görə, Ali Attestasiya Komissiyasından bildirilib ki, elmi dərəcə və elmi adların verilməsi, ölkə hüdudundan kənarda verilən sənədlərin tanınması, elmi seminarların təşkili və keçirilməsi mexanizmləri yenilənib, iddiaçılardan tələb olunan sənədlərdə mücərrədliyin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb.
2019-cu ildə elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində dissertasiya şuraları fəaliyyət göstərməsə də, ötən illərdə dissertasiyalarını müdafiə etmiş iddiaçılara 339 fəlsəfə doktoru və 57 elmlər doktoru, elmi ad iddiaçılarına 635 dosent və 71 professor attestatı təqdim edilib.