Dərc olunub: 11.03.2020

Xəbər verdiyimiz kimi, bu gündən etibarən həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilir. Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.

Artıq müstəqil öyrənmə vərdişləri qazanmış 5-11-ci sinif şagirdləri ilə isə həftədə 2 dəfə görüşüləcək. İbtidai siniflərlərdə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək.

Bəs, bu dərslər effektiv olacaqmı? Şagirdlər təqdim olunan proqramı tam mənimsəyə biləcəklərmi?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Yenisabah.az saytına açıqlamasında bildirib ki, hələki başqa alternativ yoxdur.

“Koronavirus bizə xəbərdarlıq etmir ki, hazırlaşın gəlirəm. Qəfildən gəldiyinə, amansız və unikal olduğuna görə ehtiyyatlı davranmalıyıq. Məktəb bir dəyərdir. Amma ondan da böyük bir dəyər var, o da gənclərin sağlamlıqdır. Biz hansına üstünlük verməliyik, dərslərin keçirilməsinə, ya şagirdlərin sağlamlığına? Ona görə də dövlət təcili qərar qəbul etdi. Hökümət koronavirusu cilovlamaq üçün əlindən gələni edir. Bunu dövlət etdi, bəs Təhsil Nazirliyi nə etməlidir? Təhsil Nazirliyi də uyğun olaraq qərarlar qəbul etməlidir. Məktəblə şagird arasında əlaqə qırılıb. İndi bunu təmin etmək üçün nəsə etmək lazımdır. Bu gündən etibarən teledərslərə start verilib. Bunun başqa bir alternativi yoxdur. Bu, məcburi addımdır. Dövlət strukturları öz üzərinə düşən vəzifələri yerinə yetiriblər. Artıq sən, mən və valideyn üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik. Amma biz heç nə etmirik. Əsasən də valideynlər uşaqlarına kömək etməlidirlər. Burda günahkar axtarmağa ehtiyac yoxdur”.