Dərc olunub: 24.06.2020

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc müəllimlər-3” layihəsi çərçivəsində gənc müəllimlərin işə qəbuluna başlanılıb.

UNEC-dən Mektebgushesi.az-a bildirilib ki, texniki və texnoloji ixtisaslar üzrə (“Kommunikasiya sistemləri mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Kompüter elmləri”, “Qida mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Dizayn”) tədris aparmaq arzusunda olanlar CV-lərini 2020-ci il iyulun 24-dək cv@unec.edu.az ünvanına göndərə bilərlər.

UNEC-də texniki və texnoloji ixtisaslar üzrə tədris aparılacaq yeni və müasir tədris binasında üç min tələbənin təhsil almaq imkanı yaradılıb, eləcə də ən müasir təchizata malik 14 laboratoriya qurulub.

Gələcəyini müəllimlik peşəsinə həsr etmək arzusunda olan, tələbələrlə çalışmağa həvəs göstərən, ünsiyyətcil, bilik və bacarıqlarını daim təkmilləşdirən, innovativ tədrisə üstünlük verən hər kəs UNEC-in gənc müəllim kollektivinə qoşulmağa dəvət edilir.

Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtlərdəndir. Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə fərdi şəkildə onlayn müsahibə keçiriləcək.