Dərc olunub: 22.08.2020

Videoçəkiliş üzrə operator ixtisası üzrə təhsil almaq istəyən şəxslər Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçə bilərlər.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Mektebgushesi.az -a bildirilib ki, ixtisas üzrə qəbul ümumi orta təhsil bazasından dövlət vəsaiti hesabına aparılır, tədris müddəti 2 ildir. Mərkəzin videoçəkiliş üzrə operator ixtisasını seçənlər telekanallar ilə birlikdə tətbiq edilən ikili proqramlar çərçivəsində tədris fürsəti qazanacaqlar. Təcrübəni bilavasitə sahə peşəkarlarından əldə edəcəklər.

Qeyd edək ki, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi sənətkarlıq, kino, teatr üçün texniki sahələrdə çalışacaq kadrlar hazırlayır. Müəssisəyə 25 ixtisas üzrə qəbul aparılır.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün peşə təhsili pilləsi üzrə tələbə qəbulu avqustun 24-dək elektron qaydada həyata keçiriləcək. Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində (http://qebul.vet.edu.az/) ərizəni doldurmalıdır.

Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Qəbul prosesində hər namizədə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılıb.

Müsabiqənin nəticələri avqustun 25-də elan ediləcək və qəbul olunan namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə SMS gələcək.

Xatırladaq ki, 2020/2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılır.