Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Azərbaycan tarixində böyük başlanğıc” adlı onlayn konfrans keçirilib.
Tədbiri YAP Quba rayon İdarə Heyətinin (İH) üzvü, ADPU-nun Quba filialının direktor müavini Aysel Şeydayeva açıq elan edib və sözü moderator Rəşidə Həsənovaya təqdim edib.
Giriş sözü ilə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov ”Gələcəyimizin böyük başlanğıcı” mövzusunda məruzə edib. Məruzənin əvvəlində 1 dəqiqəlik sükutla Ulu Öndərin ruhu yad edilib. Daha sonra Y. Abidov tədbirin təşkilatçılığı üçün ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyevə, Yevlax rayon YAP kollektivinə, şəxsən dəvəti qəbul etdiyi üçün Əminə Yusifqızına dərin təşəkkürlərini bildirib, bütün azərbaycanlıları bayram münasibətilə təbrik edib.
Natiq deyib: “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür”.
Daha sonra tədbirdə Yevlax ŞİH başçısı yanında İctimai Şuranın sədri, YAP Yevlax şəhər təşkilatı İH üzvü, “Kür”qəzetinin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı “Heydər Əliyev imzası” mövzusunda çıxış edib. Bildirib ki, tanrı Heydər Əliyevin timsalında xalqımıza elə bir sənətkar bəxs etdi ki, insanların qəlbini ehtizaza gətirdi, o azman şəxsiyyətdir, xalqın boyunbağıdır. Özümə sual edirəm ki, ulu öndər özünü bizə yetirməsə idi nə olardı?! H.Əliyev xilaskar oldu, tarixin səhifələrində iz saldı. Əslində, dünyanın bütün inkişaflarında, təkamül tarixlərində paralellərlə dolu bir müddətdə, əfsanəvi qəhrəmanlar xalqları bəlalardan xilas edir, H.Əliyev də belə dahi şəxsiyyətlərdir.
Tədbirdə həmçinin YAP Quba rayon təşkilatının Gənclər Birliyinin sədri Əhməd Bəkirli “Böyük missiya – tarixin liderlik dərsi” mövzusunda, Quba rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin əməkdaşı Lalə Məmmədova, ADPU-nun Quba filialının birinci tədris ili tələbəsi Səma Asəfova “Xalq Heydər Deyəcək” mövzusunda çıxış ediblər.
Ulu öndər Heydər Əliyevə aid videoçarxın nümayiş etdirilməsi ilə tədbir sona çatıb.
ADPU-nun mətbuat katibi Cavid Hüseynov