Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 90 illik yubileyini qeyd edir.
Mektebgushesi.az bununla bağlı Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılovla müsahibəni təqdim edir.
-ARTİ ölkəmizin həyatında mühüm rol oynayır. İnstitutun yaranma və inkişaf tarixi ilə bağlı ən başlıca məqamlar haqqında nələri deyə bilərsiniz?
-İnstitutumuz Azərbaycan SSR Xalq Maarif Komissarlığının əmri ilə 1931-ci il iyulun 1-də yaradılıb. Azərbaycanda təhsil sahəsində ilk elmi-tədqiqat institutu olan bu qurum o zaman Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu adlandırılıb. Onun fəaliyyət istiqamətləri bir neçə dəfə dəyişdirilib: İnstitutun tarixində 1931-1934 –cü illər onun təşəkkül dövrü kimi yadda qalıb. Bu dövrdə ÜİK (b)P MK-nın verdiyi qərarlarda yeni məktəbin yaradılması, inkişafı məsələləri əsas yer tuturdu. Bu isə öz növbəsində yeni pedaqoji-psixoloji tədqiqatların aparılması vəzifələrini qarşıya qoyurdu. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, institutumuzun adı bir neçə dəfə dəyişdirilib.
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki Elmi-Metodik Mərkəz və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adı dəyişdirilərək Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılıb.
İnstitutun tarixində başlıca məqamlar çoxdur. Hər bir tarixi mərhələdə institut öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Pedaqogika, psixologiya elmləri sahəsində ölkəmiz üçün dəyərli mütəxəssislər, elmi kadrlar hazırlayıb. Azərbaycan təhsilinə böyük töhfələr verib. İnstitutumuzda hazırlanan elmi-pedaqoji kadrlar respublikamızın müxtəlif təhsil müəssisələrində idarəetmə, təhsilin məzmunu, metod və texnologiyaları problemlərinin həllində xüsusi xidmət göstəriblər. İnstitutumuz həm də ayrı-ayrı fənlərin tədrisi metodikası ilə bağlı elmi nəşrlərə rəhbərlik edib, institutun əməkdaşlarının redaktorluğu ilə elmi jurnallar, məcmuələr çap olunub.
Tədris proqramları, dərsliklər, müəllimlər üçün metodik tövsiyələr uzun illər boyu bu institutda hazırlanıb. Bu sahədə bəzən müəyyən fasilə yaransa da (1990-cı illərdən), hazırda bu istiqamətdə ənənələrin dirçəldilməsi, inkişafı ilə bağlı ciddi işlər aparılır. İnstitutun beynəlxalq əlaqələri genişlənir.
-Qeyd etdiniz ki, institutun adında müxtəlif zamanlarda dəyişikliklər olub. Bu ad dəyişikliyi onun başlıca funksiyasına nə dərəcədə təsir göstərib?
-Əslində, birmənalı olaraq qeyd etmək olar ki, ad dəyişikliyi aparılan işin məzmununa təsir göstərməyib. Çünki institutun ən başlıca funksiyası həmişə elmi-tədqiqatçılıq, elmi-pedaqoji kadr hazırlığı məsələləri olub. Burada elmi –tədqiqat fəaliyyəti isə aydın məsələdir ki, təhsillə, pedaqoji-psixoloji problemlərlə, təlim-tərbiyənin məzmunu, təşkili məsələləri ilə bilavasitə bağlıdır.
-Aparılan elmi-tədqiqatların əsas istiqamətləri barədə nələri demək olar?
-Bizim institutda həm fundamental, həm də tətbiqi xarakterli araşdırmalar aparılır. İnstitutun yarandığı vaxtdan bu ənənə davam edir. Amma hazırkı dövrün tələblərinə tətbiqi xarakterli araşdırmalara daha çox diqqət ayrılması məqsədəuyğun bilinir. Bu gün məktəb müəllimin fəaliyyətini istiqamətləndirmək, onun yaradıcı iş üslubunu daha da təkmilləşdirmək məqsədilə təcrübədən doğan ideyalara üstünlük verilməsini, mövcud təcrübənin ümumiləşdirilməsini, praktik innovasiyaların tətbiqini tələb edir. Bir məsələni də qeyd edək ki, hazırda institutumuzda təhsilin bütün pillə və səviyyələri üzrə tədqiqatlar aparılır. Tədqiqatların nəticələri metodik vəsait, metodik tövsiyə, bəzən də monoqrafiya şəklində çap edilir.
-İnstitutun təhsil islahatlarının həyata keçirilməsinə verdiyi töhfələr barədə hansı məsələləri önə çəkmək olar?
-Bildiyimiz kimi, institut ölkəmizin təhsil həyatında həmişə fəal iştirak edib. Son illərdə təhsil islahatlarının həyata keçirilməsi baxımından fəaliyyətimiz daha qabarıq nəzərə çarpır. Bu, həm də onunla bağlıdır ki, institut yeni strukturda fəaliyyətə başlayandan sonra tətbiq xarakterli funksiyaları daha da genişləndi. Təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma, təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, o cümlədən təhsil imkanlarının genişləndirilməsi və təhsilalanlar üçün bərabər imkanların yaradılması, müxtəlif təhsil pillələri üzrə təhsilin məzmun və qiymətləndirmə standartlarının hazırlanması üzrə tədqiqatlar, təhsilin inklüzivliyi, psixoloji xidmətin təşkil edilməsi, istedadlı uşaqlarla (o cümlədən olimpiadalara hazırlıq) işin düzgün qurulması və tədris resurslarından istifadə sahəsində metodik tövsiyələrin hazırlanması, elektron təhsilin inkişafı və elektron məzmunun hazırlanması, milli və beynəlxalq qiymətləndirmə və s. kimi problemlər də gündəmə gəldi və bu istiqamətlərdə də fəaliyyətimizi genişləndiririk.