Oktyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi-yarmarkanın açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov, Mədəniyyət naziri Anar Kərimov, Təhsil naziri Emin Əmrullayev, Xalq yazıçısı Anar, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah həmçinin, şair və yazıçılar, müxtəlif ölkələrin nəşriyyat nümayəndələri və digər tanınmış şəxslər iştirak edib.
Açılış mərasimində çıxış edən Baş nazirin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edərək, sərginin əhəmiyyətindən söz açıb. O, Azərbaycan xalqının ən şərəfli tarixi günlərini yaşadığı bir vaxtda bu tarixin gələcək nəsillərə çatdırılması üçün tarixçilərimizin, yazıçılarımızın və şairlərimizin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.
VII Bakı Beynəlxalq Kitab Sərgisini qalib bir dövlətin öz ərazisində təşkil etdiyi ilk beynəlxalq kitab festivalı kimi dəyərləndirən Mədəniyyət naziri Anar Kərimov 2 ildən bir keçirilən kitab sərgisinin bu ildən etibarən hər il keçiriləcəyini deyib.
Sərgidə xüsusi stendlə təmsil olunan Azİİ e-Kitab Evinin 100-dən çox eksponatı nümayiş etdirilir. Kitablar arasında Heydər Əliyev irsi, qədim əlyazmalar, unikal və nadir kitab meyarlarına cavab verən miniatür kitablar, həmçinin universitetin professor və müəllimlərinin yazdıqları dərsliklər və monoqrafiyalar, neft və sənayenin digər sahələrini əhatə edən kitablar, o cümlədən ADNSU-nun “Oil and İndustry” jurnalı nümayiş olunur.
Qeyd edək ki, bu ilki sərgidə 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir və sərgi müddətində, müxtəlif formatda 200-dən çox tədbir təşkil olunacaq. Sərgidə uşaqlar üçün, Nizami Gəncəvi əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar və musiqi proqramları təşkil ediləcək. Yerli və xarici yazıçılar və aktyorlar sərgidə iştirak edəcəklər. Sərgi oktyabrın 10-dək davam edəcək.