Dərc olunub: 30.10.2021

Yaşımızın hər çağında  məktəb, onunla bağlı xatirələr, bu dövrü əks etdirən yazılar bizə maraqlı gəlir. Məktəb sözünün  özündə bir hikmət, əzəmət, doğmalıq olduğuna görə. Etiraf edək ki, hamımız  cəmiyyətdə  tutduğumuz mövqeyə, aldığımız təhsilə, dünyagörüşünə görə məhz məktəbə, müəllimlərə borcluyuq.

Bütün dönəmlərdə təkcə  öyrənənin yox, təlim edənin də öyrənməyə ehtiyacı olub.Ən əsası da, bildiklərini yaymağa, ətrafını maarifləndirməyə, cəmiyyəti narahat edən məsələlərlə bağlı polemika yaratmağa, bilmədiklərini öyrənməyə, qarşılıqlı təcrübədən bəhrələnməyə.

Böyük maarifçi demokrat, təbiətşünas alim, ictimai xadim Həsən bəy Zərdabinin yaratdığı  ilk  milli qəzetimiz “Əkinçi” (1875-1977) Azərbaycan ictimai  fikir tarixində  maarifçilik ideyalarını özünə yenilməz bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi. Sonralar H.B.Zərdabinin ardıcılları artsa da, məhz maarifçiliyi fəaliyyətinin əsas istiqaməti  hesab edən mətbu orqanlarımız  nəinki artdı, əksinə azaldı və  bu günümüzdə deyərdim ki, barmaqla sayılacaq qədərdir. Hazırkı  informasiya bumunda  bunun səbəbini axtarmaq üçün çox  da baş sındırmaq  lazım deyil. Əksər qəzetçilər maarifyönümlü saytların, qəzet və jurnalların qazanclı olmadığını yaxşı bildiklərindən bu sahəyə baş qoşmur, həvəs göstərmirlər. Amma  unutmaq olmaz  ki, qloballaşan dünyamızda müasir gəncliyin, yeniyetmələrin ən çox ehtiyac duyduğu məhz  milli köklərimizi, azərbaycançılığı, milli özünüdərki təbliğ və təhlil edən maarifçilk yönümlü mətbu orqanlardır ki, bunu unutmaq, mənəvi maraqları biznes maraqlarına qurban vermək olmaz.

Elm və təhsillə bağlı məlumatlar hamı üçün maraqlıdır-həm müəllimlər, həm şagird və tələbələr, həm də valideynlər  üçün. Cəmiyyəti də təşkil edən əsas bu təbəqələr olduğundan, deməli, maarifçilk yönümlü  mətbu orqanlar hamıya lazımdır və hər evdə onlara zərurət və tələbat  duyulur, bu tələbatın ödənilməməsi  isə cəmiyyət üçün böyük fəsadlar yarada bilər.

Sözümü  nəyə gətirirəm- deməyim odur ki, hazırkı dönəmdə ölkəmizdə çoxsaylı mətbu orqanların  içərisində sırf maarifçilk istiqamətində olan az saylı saytlardan biri, həm də birincisi olan  “Məktəb guşəsi” saytının  və eyni adlı jurnalın fəaliyyətə başlamasından 5 il ötür. 5 il tarix üçün qısa zaman kəsiyi olsa da,təcrübəli jurnalist Məzahir Məmmədlinin təsisçisi və baş redaktoru olduğu sayt və jurnal bu  müddət ərzində  ölkədə tanınan, oxunan nəşrlərdən birinə çevrilə bilib, özünə böyük, həm də deyərdim ki, etibarlı oxucu kütləsi toplaya bilib. Şəxsən mən  bütün gün ərzində  “Məktəb güşəsi” saytını diqqətdə saxlayır, ölkənin təhsil mənzərəsini  bu saytın üzərindən  diqqətlə izləyirəm. Bu gün ölkə təhsilində baş verən elə bir yenilk, təşəbbüs yoxdur ki, sayt ona biganə qalsın, həmin mövzuda paylaşımlar edilməsin. Müsbət tərəfi budur ki, tənqidi, polemik, problematik  materiallar  da çox verilir və bu yazılar verilərkən balans pozulmur, hər iki tərəfin məsələyə münasibəti əks olunur,tərəfsizlik prinsipi qorunur. Çox təəssüf ki, bu gün çox az mətbu orqan mətbuatın bu ali prinsipinə sadiq qalır.

“Məktəb guşəsi” saytında  məktəbəqədər təhsil, orta məktəblər, peşə məktəbləri, kolleclər, ali məktəblər –bir sözlə, ölkə təhsilinin gündəlik həyatı peşəkarlıqla əks olunur, materiallar daim yenilənir, operativliyə əməl edilir.

Bizim Lənkəran Dövlət Universitetinin təhsil, mədəni həyatı ilə bağlı informasiyalar 5 ildir ki,  ilk əvvəl bu saytda işıq üzü görür-həm də təmənnasız, minnətsiz! Buna görə də 5 il bizimlə yol-yoldaşı olan saytın rəhbərliyinə, yaradıcı kollektivinə, şəxsən jurnalist həmkarım Məzahir Məmmədliyə  bütün LDU ailəsi adından minnətdarlığımızı bildirir, daha böyük uğurlar arzu edirik.Yaradıcılıq uğurlarınız yaşınızla tən artsın, əziz həmkarlar!Zəfər bayramının ildönümü ilə üst-üstə düşən 5 yaşınız mübarək!

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri