Yaşımızın hər çağında məktəb, onunla bağlı xatirələr, bu dövrü əks etdirən yazılar bizə maraqlı gəlir. Məktəb sözünün özündə bir hikmət, əzəmət, doğmalıq olduğuna görə. Etiraf edək ki, hamımız cəmiyyətdə tutduğumuz mövqeyə, aldığımız təhsilə, dünyagörüşünə görə məhz məktəbə, müəllimlərə borcluyuq.
Bütün dönəmlərdə təkcə öyrənənin yox, təlim edənin də öyrənməyə ehtiyacı olub.Ən əsası da, bildiklərini yaymağa, ətrafını maarifləndirməyə, cəmiyyəti narahat edən məsələlərlə bağlı polemika yaratmağa, bilmədiklərini öyrənməyə, qarşılıqlı təcrübədən bəhrələnməyə.
Böyük maarifçi demokrat, təbiətşünas alim, ictimai xadim Həsən bəy Zərdabinin yaratdığı ilk milli qəzetimiz “Əkinçi” (1875-1977) Azərbaycan ictimai fikir tarixində maarifçilik ideyalarını özünə yenilməz bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi. Sonralar H.B.Zərdabinin ardıcılları artsa da, məhz maarifçiliyi fəaliyyətinin əsas istiqaməti hesab edən mətbu orqanlarımız nəinki artdı, əksinə azaldı və bu günümüzdə deyərdim ki, barmaqla sayılacaq qədərdir. Hazırkı informasiya bumunda bunun səbəbini axtarmaq üçün çox da baş sındırmaq lazım deyil. Əksər qəzetçilər maarifyönümlü saytların, qəzet və jurnalların qazanclı olmadığını yaxşı bildiklərindən bu sahəyə baş qoşmur, həvəs göstərmirlər. Amma unutmaq olmaz ki, qloballaşan dünyamızda müasir gəncliyin, yeniyetmələrin ən çox ehtiyac duyduğu məhz milli köklərimizi, azərbaycançılığı, milli özünüdərki təbliğ və təhlil edən maarifçilk yönümlü mətbu orqanlardır ki, bunu unutmaq, mənəvi maraqları biznes maraqlarına qurban vermək olmaz.
Elm və təhsillə bağlı məlumatlar hamı üçün maraqlıdır-həm müəllimlər, həm şagird və tələbələr, həm də valideynlər üçün. Cəmiyyəti də təşkil edən əsas bu təbəqələr olduğundan, deməli, maarifçilk yönümlü mətbu orqanlar hamıya lazımdır və hər evdə onlara zərurət və tələbat duyulur, bu tələbatın ödənilməməsi isə cəmiyyət üçün böyük fəsadlar yarada bilər.
Sözümü nəyə gətirirəm- deməyim odur ki, hazırkı dönəmdə ölkəmizdə çoxsaylı mətbu orqanların içərisində sırf maarifçilk istiqamətində olan az saylı saytlardan biri, həm də birincisi olan “Məktəb guşəsi” saytının və eyni adlı jurnalın fəaliyyətə başlamasından 5 il ötür. 5 il tarix üçün qısa zaman kəsiyi olsa da,təcrübəli jurnalist Məzahir Məmmədlinin təsisçisi və baş redaktoru olduğu sayt və jurnal bu müddət ərzində ölkədə tanınan, oxunan nəşrlərdən birinə çevrilə bilib, özünə böyük, həm də deyərdim ki, etibarlı oxucu kütləsi toplaya bilib. Şəxsən mən bütün gün ərzində “Məktəb güşəsi” saytını diqqətdə saxlayır, ölkənin təhsil mənzərəsini bu saytın üzərindən diqqətlə izləyirəm. Bu gün ölkə təhsilində baş verən elə bir yenilk, təşəbbüs yoxdur ki, sayt ona biganə qalsın, həmin mövzuda paylaşımlar edilməsin. Müsbət tərəfi budur ki, tənqidi, polemik, problematik materiallar da çox verilir və bu yazılar verilərkən balans pozulmur, hər iki tərəfin məsələyə münasibəti əks olunur,tərəfsizlik prinsipi qorunur. Çox təəssüf ki, bu gün çox az mətbu orqan mətbuatın bu ali prinsipinə sadiq qalır.
“Məktəb guşəsi” saytında məktəbəqədər təhsil, orta məktəblər, peşə məktəbləri, kolleclər, ali məktəblər –bir sözlə, ölkə təhsilinin gündəlik həyatı peşəkarlıqla əks olunur, materiallar daim yenilənir, operativliyə əməl edilir.
Bizim Lənkəran Dövlət Universitetinin təhsil, mədəni həyatı ilə bağlı informasiyalar 5 ildir ki, ilk əvvəl bu saytda işıq üzü görür-həm də təmənnasız, minnətsiz! Buna görə də 5 il bizimlə yol-yoldaşı olan saytın rəhbərliyinə, yaradıcı kollektivinə, şəxsən jurnalist həmkarım Məzahir Məmmədliyə bütün LDU ailəsi adından minnətdarlığımızı bildirir, daha böyük uğurlar arzu edirik.Yaradıcılıq uğurlarınız yaşınızla tən artsın, əziz həmkarlar!Zəfər bayramının ildönümü ilə üst-üstə düşən 5 yaşınız mübarək!
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri