Dərc olunub: 30.03.2022

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının   5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il  “ŞUŞA İLİ” elan edilmişdir. “Şuşa İli” çərçivəsində daha bir yazını oxuculara təqdim edirik.

Azərbaycan adlı məmləkəti düünyanın digər məmləkətlərindən, Azərbaycan xalqını digər xalqlardan ayıran  amillərdən biri də onun zəngin musiqi mədəniyyətinə malik olmasıdır.  Hələ qədim dövrlərdə saraylarda, orta əsrlərdə mərkəz şəhərlərdə musiqi məclisləri qurular, saraylarda qəbul, hörmətli qonaqların qarşılanıb yola salınması, hərbi yürüşlər musiqisiz keçinməzdi. Qarabağ xanlığının mərkəzi Şuşada da belə məclislər qurular, Cıdır düzündən həmişə musiqi, nəğmə və qəhrəmanlıq mahnıları səslənər, cıdır yarışlarında zurnada Qarabağ atlılarının sevdiyi Koroğlu melodiyaları ifa edilərdi.  Məhərrəm ayında xanəndə-mərsiyəxanların muğam üstə oxuduğu mərsiyələr bu gün muğam sənətinin Şuşadan nəşət tapdığını deməyə əsas verir. Tarixi mənbələrdə Şuşada  tar, saz, kamança, ud, kanon, dəf, balaban, tütək, ney kimi musiqi alətlərinin istehsalı üçün  şərait olduğu da qeyd edilir.
XIX əsrdə “Məclisi-üns”  və “Məclisi-fəramuşan” (“Məclisi-xamuşan”)  ədəbi məclislərində şeir müşairələri ilə yanaşı, musiqi məclislərinin də təşkil olunması, qəzəllərə musiqilər bəstələnməsi Şuşada ədəbi mühitlə yanaşı, musiqi  mədəniyyətinin də formalaşdığını göstərir. 1870-ci ildə  Şuşada Xarrat Qulu və Molla İbrahimin rəhbərliyi ilə musiqi məktəbi fəaliyyətə başlayır. Gözəl şeirlər müəllifi, xanəndə və musiqiçi Xarrat Qulunun  Şuşa vokal musiqi sənətinin inkişafında və Sadıqcan, Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Məşədi İsa kimi  sənətkarların yetişməsində böyük rolu olmuşdur.
XIX əsrin sonlarında Şuşada musiqiçi və xanəndələrin konsertləri keçirilir, Gəncədə, Bakıda, Dərbənddə, Vladiqafqazda, Tiflisdə, İrəvanda və başqa şəhərlərdə afişalarda “Şərq konserti” yazılan konsertlər verilirdi. Ə.Haqverdiyevin rəhbərliyi ilə N.Gəncəvinin “Xosrov və Şirin” və M.Füzulinin “Leyli və Məcnun”  poemaları əsasında səhnələşdirilmiş musiqili tamaşalar  nəinki Azərbaycanda, bütün Qafqazın musiqi həyatında dönüş nöqtəsi olur.  Məcnun və Fərhad rollarının ifaçısı  Cabbar Qaryağdıoğlunun səsinin ecazı tezliklə Azərbaycanda deyil, Moskva, Kiyev, Varşavada da yayılır. Məcnun rolunun ilk ifaçısı Cabbar Qaryağdıoğlu təkcə Azərbaycan dilində deyil, fars, özbək, türkmən, gürcü və ərəb dillərində də gözəl mahnılar oxumuşdur. S.Yeseninin “Şərq musiqisinin peyğəmbəri” adlandırdığı xanəndənin gözəl tembri, xüsusi diapazonlu güclü səsi olmuşdur. Azərbaycan Konservatoriyasının yaradıcılarından olan Qaryağdıoğlu burada klassik xalq musiqisindən dərs demişdir. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Niyazi öz musiqi əsərlərini yaradarkən onunla məsləhətləşərdilər.
Şuşa musiqi məktəbinin layiqli yetişdirmələrindən biri də Seyid Şuşinski olmuşdur. Onun yaradıcılığında Hafiz, Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Cavidin və Sabirin şeirlərinə yazılmş musiqi parçaları da yer alır.  Sabirin “Millət necə tarac olur-olsun, nə işim var” şeirini Seyid Şuşinski “Müxalif”də oxuyardı. O, siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. Müəllimi Cabbar Qaryağdıoğlunun “Şərq musiqisinin incisi” adlandırdığı Şuşinski “Çahargah” təsnifinin təkrarsız ifaçısı kimi bu gün də xatirələrdə yaşayır.
Şərq və Azərbaycan muğamlarının bilicisi Hacı Hüsü Şuşada papaqçı ailəsində dünyaya gəlmişdir. Gəncliyindən  Azərbaycan toyları ilə yanaşı, Yaxın və Orta Şərqin musiqi məclislərinə dəvət alan Hacı Hüsü İran şahı Nəsrəddin şahın oğlunun da toyuna dəvət  edilmiş və şah tərəfindən mükafata layıq  görülmüşdü. XIX əsrin 80-ci illərində o, Mir Möhsün Nəvvabla Şuşada “Musiqiçilər məclisi”ni təşkil etmiş, Xurşidbanu Natəvanın sevimli xanəndələrindən olmuşdur. Lakin Həcc ziyarətinə getdikdən sonra qaragüruhçu mollalar onun oxumağını günah saymış, musiqisiz, muğamsız  yaşamağı ölümə bərabər sayan  xanəndənin son günləri ehtiyac içində keçdiyindən Aşqabada köçmüş və orada dünyasını dəyişmişdir.
Azərbaycan musiqi dünyasının klassiki, opera sənətinin banisi, görkəmli musiqişünas Üzeyir Hacıbəyovun yaradıcılığı  Şuşa musiqi tarixinin qızıl səhifəsini təşkil edir. O, 1908-ci ildə Füzulinin eyniadlı poeması əsasında “Leyli və Məcnun”  opera tamaşasını səhnələşdirir  və Şərq muğam teatrının əsasını qoyur. Böyük uğur qazanan bu əsərdən sonra Üzeyir Hacıbəyov bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşidbanu”, “Harun və Leyla” musiqili muğam-operalarını yaradır. Onun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan”  musiqili komediyaları dünyanın bir çox ölkələrində maraqla qarşılanmışdır. Üzeyir Hacıbəyov Azərbaycan Dövlət himninin musiqisini bəstələmiş, publisist-yazıçı kimi dövrün ictimai-siyasi məsələlərinə münasibət bildirmişdir.
Xalq mahnıları və təsniflərinin gözəl ifaçısı,  italyan bəstəkarları Puççini, Verdi və başqalarının operalarından ariyaları, həmçinin Azərbaycan operalarından ariyaları özünəməxsus ustalıqla ifa  edən Murtuza Məmmədov, Süleyman Ələsgərov, Zülfüqar Hacıbəyov, Əşrəf Abbasov, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəylinin adları Şuşanın musiqi tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Hələ gənc ikən xalqın “Bülbül” adını verdiyi Murtuza Məmmədov Azərbaycan  xaql mahnılarının gözəl ifaçısı olmuşdur. Onun ifasında 200-dən artıq xalq mahnısı lentə alınmış, Koroğlu, Nizami (Ə.Bədəlbəyli “Nizami”), Qərib (Qliyer “Şahsənəm”), Əlyar (M.Maqomayev “Nərgiz”), Fərhad (Niyazi “Xosrov və Şirin”), Hersoq (Verdi “Riqoletto”), Aleko (Raxmaninov “Aleko”) obrazlarının ifası repertuarında xüsusi yer tutmuşdur. Xarici ölkələrdə qastrollarda Bülbül həmişə “Ölkəm”, “Sənsiz”, “Sevgili canan”, “Qara gözlər”   mahnılarını ifa edərdi.
Şuşalı xanəndə Əbdülbaqi Zülalova “Bülbülcan” təxəllüsünü Tiflis məclislərində gözəl zəngulələrinə görə vermişdilər. Onun bülbül kimi cəh-cəh vurmasından çar II Aleksandr vəcdə gəlmiş, çar Romanov onun şərəfinə təşkil edilmiş ziyafətdə ifasına görə barmağındakı 4 karatlıq brilyant üzüyü çıxararaq onun barmağına taxmış, İran şahı Müzəffərəddin şah onu “Şiri-Xurşid” ordeni ilə təltif etmişdir.
Qacarlar nəslinin nümayəndəsi Rəhimə xanımın ailəsində dünyaya gələn Əfrasiyab Bədəlbəyli bəstəkar, dirijor və librettoçu olmuşdur. Orkestr üçün bəstələrin və tamaşalar üçün musiqilərin müəllifi Ə.Bədəlbəyli “Qız qalası” baleti ilə ilk milli baletin əsasını qoymuşdur. Onun  1956-cı ildə nəşr etdirdiyi “Musiqi terminləri lüğəti”  azərbaycanlıların musiqi terminləri ilə tanış olmaq üçün ilk vəsait idi.
Yaradıcılığında simfonik musiqinin xüsusi yer aldığı musiqişünas, professor, bəstəkar, xalq artisti Əşrəf Abbasov  ilk musiqi təhsilini də Şuşada almışdır. Onun S.S.Axundovun eyniadlı baleti əsasında bəstələdiyi “Qaraca qız” baleti uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. Ə.Abbasov müxtəlif musiqi alətləri (violonçel, skripka, fortepiano, nəfəsli alətlər) və xor üçün də əsərlər yazmışdır.
Məharətli ifasına görə ustadı tərəfindən “Xan” təxəllüsü verilən İsfəndiyar Cavanşirov – Xan Şuşinski Azərbaycan musiqi tarixində ilk dəfə duet ifaçısı olmuşdur. Yaradıcılığı boyu Ü.Hacıbəyovun repertuarından kənara çıxmayan Xan Şuşinski həmçinin gözəl qaval çalmış, “Qəmərim”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağından”, “Ölürəm, a Ceyran bala” mahnıları ilə yanaşı, bu gün də dillər əzbəri olan “Şuşanın dağları başı dumanlı” mahnısını bəstələmişdir.
Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi İslam Abdullayev Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. Musiqişünas tədqiqatçı-alim Firudin Şuşinski yazırdı: “XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində “Segah” muğamını İslam Abdullayev kimi mükəmməl və incə zövqlə oxuyan ikinci bir xanəndə olmamışdır. Seyid Şuşinski söyləyirdi ki, İslam olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd, nə də mən “Segah” oxuyardıq”. “Segah” muğamı və onun variantlarını İslam Abdullayev elə məharətlə ifa edərdi ki, xalq bu muğamı “İslam Segah” adlandırardı.
Xanəndə Məcid Behbudov, Məhəmməd Keçəçioğlu, Məşədi Məmməd Fərzəliyev, Zabul Qasım, Zülfü Adıgözəlov, tarzən Məşədi Cəmil Əmirov, Sadıqcan, bəstəkar Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Zakir Bağırov, Zülfüqar Hacıbəyov, opera müğənnisi Sürəyya Qacar və adlarını bilmədiyimiz neçə-neçə musiqişünaslar Şuşa musiqi beşiyinin Azərbaycan musiqi mədəniyyəti tarixinə imzasını atan şəxsiyyətlər olmuşlar.
44 günlük Vətən müharibəsi 30  illik Şuşa həsrətinə son qoydu; musiqi beşiyi Şuşa erməni işğalçılarından azad edildi. 2021-ci il mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Prezident İlham Əliyevin ailə üzvlərinin iştirakı ilə “Xarı bülbül” musiqi festivalı,  18-24 sentyabrda isə  Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı keçirildi.  Şuşa musiqi beşiyində illər sonra yenə də muğam zəngulələri, musiqi  sədaları ucaldı.


Nazilə Abdullazadə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru,
Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri