Dərc olunub: 27.04.2022

 

Aprelin 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmus növbəti konfransı keçirilib.
Konfransın plenar iclasını fakültə TEC sədri, Xarici Dillər mərkəzinin baş müəllimi Samirə Babayeva açıq elan edərək iştirakçıları salamlayıb və konfransın işində tələbələrə uğurlar arzulayıb.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın müasir elm və təhsil konsepsiyasının banisi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu uğurlu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı təhsil sahəsində ciddi islahatlar həyata keçirir.


Bugünkü konfransı TEC-in böyük uğuru kimi dəyərləndirən prorektor gənc tədqiqatçıların gələcəkdə Azərbaycan elminin işıqlı sabahı, potensialı olduğunu bildirib, tələbələrin elmi tədqiqata həvəsini yüksək qiymətləndirib.
Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Könül Həsənova çıxışında tələbələrin tədrislə bərabər universitetin ictimai fəaliyyətlərində yaxından iştirak etmələrinin vacibliyini vurğulayıb. Qeyd edib ki, belə fəaliyyətlər içərisində TEC-in üzərinə mühüm vəzifələr düşür. Konfransda tələbələrin fəallığı təqdirəlayiqdir və bu bizi sevindirir.
ADPU TEC-in sədri dosent Əli Zalov çıxış edərək konfransın məramından danışıb və  tələbələrə konfransın işində uğurlar arzu edib.
Plenar iclasdan sonra konfrans işini “Azərbaycan dili – Aktual problemlər”, “Ədəbiyyat” və “Xarici dillərin tədrisinin innovativ metodları” bölmələri üzrə davam etdirib. Bölmələrdə tələbələr müxtəlif mövzularda 90 tezis təqdim ediblər.
Konfransın yekununda bölmə iclasları üzrə hesabatlar dinlənilib və ən maraqlı tezislər fərqləndirilib.