Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) MBA (Təhsilin təşkili və idarə edilməsi) ixtisaslaşmasının magistrantları ilə “Təhsil liderliyi – xarakter, yoxsa vəzifə” mövzusunda dərs-görüş keçirilib.
ADPU-nun Tədris departamentinin direktor müavini, Təhsil menecmenti kafedrasının dosenti Ənvər İmanov tərəfindən təşkil olunan dərs-görüşdə “AAAF Holdinq”in vitse-prezidenti, biznes konsultant və peşəkar təlimçi Fəxri Ağayev və onun komandasının üzvləri, ADPU-nun baza məktəbi, – M.Rahim adına 7 nömrəlitam orta məktəbin direktoru vəzifəsini icra edən Könül Təhməzova, habelə magistrantlar iştirak ediblər, Dərsə giriş sözü ilə başlayan dos. Ə.İmanov qonaqları və magistrantları salamlayaraq bildirdi ki, Pedaqoji Universitetdə ölkədə ilk dəfə olaraq cari ildə “MBA – Biznesin təşkili və idarə olunması” ixtisasının “Təhsilin təşkili və idarə edilməsi” ixtisaslaşması üzrə magistraturaya qəbul aparılıb. O bildirib ki, bugünkü dərs-görüş də məhz həmin ixtisaslaşmada tədris olunan Təhsildə liderlik kursu çərçivəsində idarəetmə sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə həyata keçirilir.
Ə.İmanov bildirib ki, bu mövzu üzrə görüşün may ayının 10-da keçirilməsi təsadüfi deyildir. Bu gün ulu öndərimiz Heydər Əliyevin doğum günüdür. Ulu Heydər Əliyev öz həyatı və fəaliyyəti ilə bizə əsl liderlik nümunəsini irs qoymuşdur. Ulu öndər özünün ideya-siyasi fəaliyyəti, iqtisadi təfəkkürü, vətənpərvərlik və azərbaycançılıq məfkurəsi ilə liderlik nümunəsi olmuşdur.
Peşəkar təlimçi Fəxri Ağayev öz təqdimatında idarəetmə məsələlərində peşəkar yanaşmalar və şəxsi təcrübəsi əsasında magistrtantlarla uğurlu karyera quruculuğu haqqında geniş diskussiya apardı.
O, qeyd etdi ki, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti də çox böyük əhəmiyyət kəsb edir. Onlar ali təhsilin bitməsi ilə də durmamalı, daim inkişafda olmalıdırlar. Bunun üçün ilk növbədə kitab mütaliəsini özlərinin gündəlik ehtiyacları kimi müəyyənləşdirməlidirlər.
Təlimçi magistrantlara müraciətlə bildirib ki, çalışdıqca, liderlik bacarıqlarının anadangəlmə olmadığını, ancaq zaman keçdikcə təlim, qavrayış, bilik, bacarıq, səriştə və təcrübə ilə öyrənilməli olduğunu aydın şəkildə görəcəksiniz. Zamanla dedikdə, həqiqətən bir ömür boyu nəzərdə tutulur. Çünki uğurlu insanlar öyrənməyi dayanıqlı olaraq davam etdirməlidirlər.
Dərs-görüşün davamında “Azersun Holding”in bölmə rəisi İlqar Kərimov, “Azrib” şirkətinin satış direktorunun müavini Zəka Cəmilov, “Aztrade Company”in təsisçisi Röyal Umudov, SOCAR-ın əməkdaşı Ramin Quliyev, AROC LLC-nin sahə rəisi Ruslan İsmayılov, 7 nömrəli məktəbin direktoru Könül Təhməzova da öz idarəçilik karyeralarında qazandıqları bilik və təcrübələrini magistrantlarla bölüşüblər.
Təqdimatlardan sonra ekspertlər uğurlu karyera quruculuğu mövzusunda magistrantları maraqlandıran sualları cavablandırıblar.