Dərc olunub: 16.05.2022
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Türkiyə Cümhuriyyəti Amasiya Universitetinin təşkilatçılığı ilə Beşinci Beynəlxalq “Həmzə Nigari” Simpoziumu 17-19 may 2022-ci il tarixlərində Ağdam rayonu Quzanlı qəsəbəsində keçiriləcək. Simpoziumun keçirilməsində əsas məqsəd Həmzə Nigarinin fikir dünyası və həyatı ilə yanaşı, keçmişdən günümüzə gələn perspektivlər üzərindən Türk və İslam dünyası araşdırmalarını dəyərləndirməkdir.
Hazırda Simpoziumun açılış mərasiminin Dr. Günel Seyidəhmədlinin rəhbərliyi ilə təşkil olunan bədii hissəsinin məşqləri davam etdirilir. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Nazim Paşa Quliyevin “Laçın şikəstəsi”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri milli rəqslər, Həmzə Nigari şeirlərindən ibarət qiraət, Ağdam Musiqi kollecinin “Qarabağ” instrumental ansamblı, Amasiya il kültür müdiri Osman Akbaşdan Həmzə Nigari ilahiləri, İran Aşıqlar Birliyinin üzvlərinin Qarabağa həsr olunan aşıq musiqiləri, Qazax rayonu Aslanbəyli kəndindən meyxana qrupu və digər maraqlı proqramlar nəzərdə tutulub.
Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən çox alim və tədqiqatçı məruzə edəcək. Məruzələr Həmzə Nigari araşdırmaları, İsmayıl Şirvani araşdırmaları, Nəqşibəndilik araşdırmaları, Xəlvətilik araşdırmaları, Sufizm araşdırmaları, İslam araşdırmaları, Türk dünyası araşdırmaları, Qafqaz araşdırmaları, Qarabağ araşdırmaları, Şuşa şəhəri araşdırmaları, Bərpa və konservasiya araşdırmaları, Ədəbiyyat araşdırmaları, Sənətşünaslıq araşdırmaları kimi mövzuları əhatə edir.