“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Bir qəsəbənin üç Milli Qəhrəmanı” adlı layihəsi çərçivəsində daha bir görüş keçirildi. Layihə əməkdaşları bu dəfə Bakının Nizami rayonundakı 70 nömrəli məktəb-liseydə kollektivin qonağı oldular.
Tədbirdə “Kür-Xəzər” Xeyriyyə İctimai Birlyinin sədri Akif Kərimov, 70 nömrəli məktəb-liseyin məzunu olmuş, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ Müharibəsi şəhidi Zakir Məcidovun həyat yoldaşı Lətafət xanım, Birliyin üzvləri, Prezident təqaüdçüsü, şair-dramaturq Ramiz Abdullayev, “Şöhrət” ordenli sabiq metropoliten əməkdaşı, Prezident təqaüdçüsü Zeynalabdin Musayev, “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru Böyükağa Mikayıllı, məktəbin direktoru Kəmalə Rəsulova və digərləri iştirak edirdilər.
Tədbirdə çıxış edən “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov layihə haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, layihə çərçivəsində aparılan film çəkilişləri tezliklə başa çatacaq. Film Azərbaycanın Milli Qəhrəmanları, şəhidlik zirvəsinə yüksəlmiş Zakir Məcidov, Samid İmanov və Camal İsmayılovun döyüş yolu haqqındadır. Akif Kərimov vurğuladı ki, icra etdikləri layihə uşaq və gənclərdə vətənpərvərlik hisslərinin inkişafına, onların milli qəhrəmanlarımızı, torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizi tanımalarına xidmət edir. “Bu, bizim vətəndaşlıq borcumuzdur”, deyə Akif Kərimov vurğuladı. O, eyni zamanda qeyd etdi ki, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin bir neçə il öncə çəkdiyi “Yüksəlişin sirri” filmi də vətənpərvərlik mövzusuna həsr olunmuşdu, film Azərbaycanın Milli Qəhrəmanı, şəhid Samid İmanovun keçdiyi şərəfli döyüş yolundan danışır.
Milli Qəhrəman Zakir Məcidovun həyat yoldaşı Lətafət xanım cıxış edərək şəhid qəhrəmanla bağlı xatirələrini dilə gətirdi, Zakir Məcidovun cəsur, vətənpərvər bir şəxsiyyət olduğunu, müharibəyə böyük ürəklə yollandığını, döyüşdən döyüşə qələbə ilə addımladığını və qəhrəmanlıqla şəhid olduğunu söylədi. Şair, dramaturq Ramiz Abdullayev və jurnalist Böyükağa Mikayıllı “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin həyata keçiridiyi layihənin aktual bir məsələyə həsr olunduğunu vurğuladılar. Ölkədə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğının olduğunu dilə gətirdilər. Şair Ramiz Abdullayev vətənpərvər ruhlu şeir və qəzəllərini söylədi. Şagirdlər vətənpərvərlik şeirləri ifa etdilər. Sonra şagirdlərin hazırladıqları, Qarabağda Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarını göstərən video-çarx nümayiş olundu.
“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzi