Dərc olunub: 16.07.2022

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında “İspaniyanın Qranada Universitetində təhsil, elm və tətbiqlər” mövzusunda elmi seminar keçirilib.

Bu barədə Mektebgushesi.az -a BDU-dan məlumat verilib.

Seminarda laboratoriyanın aparıcı elmi işçisi İsmət Əhmədov məruzə ilə çıxış edib. O, Avropa İttifaqının Erasmus+ITACA qrant layihəsi çərçivəsində cari ilin may-iyun aylarında İspaniyanın Qranada Universitetində bir aylıq elmi ezamiyyətdə olub.

Laboratoriya, Biologiya və Kimya fakültələri əməkdaşlarının iştirak etdikləri seminarda İsmət Əhmədov Qranada Universiteti və onun Su Problemləri Elmi-Tədqiqat İnstitutu haqqında məlumat verib. O, Qranada Universitetində təhsil və tədris prosesindəki yenilik, innovasiya və elmi-tədqiqatlar barədə danışıb.

Sonra Qranada Universiteti ilə beynəlxalq elmi-tədqiqat və təhsil proqramları çərçivəsində əməkdaşlığın mümkün istiqamətləri haqqında müzakirələr aparılıb.