Dərc olunub: 26.09.2022

Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir”.

Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 20 aprel 2022

 

XX əsr Azərbaycan ədəbiyyatı tarixində qısa, lakin çox mənalı ömür yolu və yaradıcılığı ilə iz qoymuş  sənətkarlardan biri də  Əhməd Cavad olmuşdur. Hüseyn Cavid, Məhəmməd Hadi,  Abbas Səhhət kimi sənətkarlarla bir sırada adı çəkilən  Əhməd Cavad  ömrünün sonuna qədər milli istiqlala, soykökünə, dövlətçiliyə sadiq qalmış, öz həyat məramını yazdığı  əsərlərdə də nümayiş etdirmişdir. Bir çox həməsrləri kimi, Əhməd Cavad da uzun müddət xalqdan uzaq düşmüş, faciəli taleyi əsərlərinə də nəsib olmuşdur.

Ə.Cavad kənd məktəbindən başlayaraq ali məktəbə qədər uzun illər müəllimlik etmiş, pedaqoji fəaliyyətində gənc nəslə milli-mənəvi dəyərlər, türkçülük ideologiyasını aşılamışdır. Pedaqoji fəaliyyətə Əhməd Cavad Xuluq kəndində başlamış, sonra Bakıda texnikumda dərs demişdir. Müəllimliklə məşğul olduğundandır ki, o, 1919-cu ildə III siniflər üçün  “Sərf və nəhv” dərsliyini yazır. Pedaqoji fəaliyyətlə məşğul ola-ola Əhməd Cavad həm də ali təhsil almış, Ali Pedaqoji İnstitutu bitirmişdir. Bu illərdə o,  bədii yaradıcılıqla, tərcümə ilə də məşğul olmuşdur.

1918-ci il Xalq Cümhuriyyətinin qələbəsi ilə şairin yaradıcılığında  dönüş başlayır. Lakin AXC-nin ömrü kimi, bu dönüşün də ömrü qısa olur. Romantik şair olan Ə.Cavad bir-birindən gözəl, nikbin əsərlər yazır, şeirlərində realizm meyilləri güclənir. Onun şeirləri yazıldığı vaxtda yeni dövlətə, dövlət qurucularına xoş gəlir, vəsf elədiyi ay-ulduz, bayraqla bağlı fikirləri çıxışlara, nitqlərə daxil olur, onu məşhurlaşdırırdı. Əhməd Cavad  yaradıcılığının ədəbiyyat tarixindəki mövqeyi və ideya-məzmun mündərəcəsini Əli Saləddin gözəl ifadə edir: “…Onun yaradıcılığı 1910-1037-ci illər arasında  ədəbiyyatımızın, mədəniyyətimizin və tariximizin həqiqi salnaməsidir. Bu yaradıcılıqda  XX əsrin birinci çərəyində  olan tarixi hadisələr,  birinci cahan müharibəsi, türk xalqlarının mövcud vəziyyəti, milli-azadlıq hərəkatı, Azərbaycan Demokratik Respublikası, kolxoz quruculuğu, Böyük Dönüş İli, 30-cu illərin fəsadları, nəhayət, 37-ci il repressiyası bütün əlamətləri   ilə əks olunmuşdur”.

1930-cu illər repressiyası bir çox elm və maarif adamları kimi Əhməd Cavaddan da yan keçmir. 1937-ci ildə şair Hüseyn Cavid, Mikayıl Müşfiq, Vəli Xuluflu ilə bir yerdə həbs edilir. AXC-nin Dövlət Himninin müəllifi, üçrəngli bayrağın vəsfkarı, vətən torpağının, gül-çiçəyinin, ay-ulduzunun  vurğunu olan bir insanın  ömrünə  ondan qat-qat  aşağıda dayananlar balta çalır. 6 saat davam edən istintaqda “Əhməd Cavad məsələsi” həll olunur. “Zərərli, qorxulu və təhlükəli” düşmənin əvvəlcədən yazılmış ssenarisi baş tutur, 1112 məhbus nömrəsi ilə 131 gün işgəncədən sonra  132-ci gecə şair güllələnir.18 ildən sonra 1955-ci ildə bəraət alanda da onun cinayəti bilinmir.

Əhməd Cavad qısa, lakin mənalı bir ömür yaşamışdır.  Onun haqqında danışanda hər şeydən əvvəl, müstəqil Azərbaycanın Dövlət himninin müəllifi yada düşür. Lakin sağlığında qədir-qiyməti bilinməyən şair ölümündən sonra da uzun zaman “kölgədə qalmış”, dərsiklərdə, elmi tədqiqatlarda   onun üstündən sükutla keçilmişdir. Böyük turançı, milli istiqlal mücahidi şairin bədii irsi bütövlükdə  məzmunca azadlıq, müstəqillik, millilik ideyaları ilə yoğrulduğundan  şeirləri uzun müddət siyasi-ideoloji baxışlarına  görə tədrisdən də uzaqlaşdırılmış, 1930-1960-cı illərdə geniş şəkildə nəşr olunan dərsliklərə tədris materialı kimi daxil edilməmişdir.

İlk dəfə olaraq, 1914-cü ildə A.Şaiq M.Mahmudbəyovla  birgə aşağı siniflər üçün yazdığı “Türk ədəbiyyatına ilk qədəm”  dərsliyində “Məişət” adlanan birinci bölmədə  türk ədibləri Tofiq Fikrət, Xalid Ziya, İbrahim Əlaəddinlə yanaşı, Əhməd Cavad yaradıcılığından da nümunə verir.

1920-ci illərdə dərslik nəşrinin yenicə “vüsət aldığı” bir dövrdə Əhməd Cavad şeirlərinin milli-ictimai mahiyyət daşıması, cığırdaş şairlərin əsərlərindən fərqli olaraq, turançılq, millilik, mənəvi birlik ideyaları bu şeirlərin proletar dövrü dərsliklərinə gətirilməsinə mane olur. Parlament  binası üzərində ucalan üçrəngli bayrağın  dalğalanmasından  köksü sinəsinə sığmayan  şairin  duyğularını bolşevik ideologiyası başa düşmür və qəbul etmirdi. Onun şeirlərində ilk dövlət qurumu olan  Azərbaycan Cümhuriyyəti, onun ideyaları, dövlət atributlarımız tərənnüm olunurdu. Ədəbiyyatşüas alım Bəkir Nəbiyev yazırdı: “Əhməd Cavad yaradıcılığının 1920-ci ilə qədərki nümunələrində xalqımızın, mədəniyyətimizin qədimliyindən, türkçülüyün ənənələrindən, altaylardan, idellərdən, çingizlərdən, sabutaylardan xüsusi iftixar duyğusu ilə bəhs olunur. Türkiyə, İstanbul, türk bayrağı dərin  səmimiyyətlə tərənnüm edilirdi. Təkcə Əhməd Cavad deyil, o dövrün yaradıcı  ziyalılarının bir çoxunun əsərlərində həmin motivlər geniş yer tuturdu. Bu əsərləri düzgün başa düşüb, obyektiv qiymətləndirmək üçün  onların  meydana gəldiyi  tarixi şəraitin  rişələrini də xatırlatmağa  ehtiyac var”.

1930-cu illər orta məktəb dərsliklərində (1932-ci ildə 5-ci sinif üçün ədəbiyyatdan “Gənc zərbəçi” iş kitabı) M.Hadi və H.Cavid  1905-ci ildən sonra “Azərbaycan müstəmləkə və burjua ədəbiyyatı” nümayəndələri adı ilə təqdim edilsə də, Əhməd Cavad bu bölgüdə də məhbus dostlarından ayrı düşür.

“Sovet ədəbiyyatı” (1965) dərsliyində müsavat hakimiyyəti dövrü Azərbaycan xalqının tarixində bir ləkə olan  mədəniyyət, maarif və incəsənət sahəsində misli-bərabəri görünməyən  bir geriliklə  xarakterizə olunur. Əhməd Cavadın adı da  bu dövrün  nümayəndəsi kimi yeniliyə qarşı çıxan, yeni quruluşu bəyənməyənlərin sırasında çəkilirdi. Dərslikdə deyilirdi: “Bu mübarizə bir tərəfdən sovet quruluşunu bəyənməyən, keçmişi geri qaytarmaq xəyalı ilə  bədbin şeirlər yazan S.Mənsur, A.İldırım kimilərinə, digər tərəfdən  də qələmləri  ilə sosializm cəmiyyətində  fəal surətdə iştirak etməyən Cavid, Cavad, Sanılı kimi sənətkarlara qarşı aparılırdı”.

1998-ci il ibtidai siniflər üçün “Oxu”, “Ana sözü”  kitablarında Ə.Cavadın “Can Azərbaycan”, pilot məktəbləri  və ümumtəhsil məktəbləri üçün V sinif  Ədəbiyyat dərsliyində  “Azərbaycan, Azərbaycan” şeiri verilir. İbtidai sinif  şagirdləri  ilk sətirlərdən başa düşürlər ki, “Can Azərbaycan”  şairin qəlbinin dərinliklərindən  qopan bir nida, bir hayqırtıdır. “Can Azərbaycan”  torpaq uğrunda canını fəda edən oğulların qanından süzülüb gələn əqidə bütövlüyü, müstəqillik və azadlıq simvoludur.

Torpağına can demişəm,

Suyuna mərcan demişəm,

Canımı qurban demişəm,

Canım-gözüm, gözüm-canım,

Azərbaycanım!

Can, can,

Can Azərbaycan!

Azərbaycanla bağlı hələ məktəbəqədər dövrdən bir çox şeirlər bilən şagirdlər ilk sətirlərdən görürlər ki, bu şeir digərlərindən fərqlənir; şair öz vətəni ilə qürur duyur, onunla fəxr edir, onu bütün varlıqlardan uca tutur.  Şeirdə Azərbaycan təbiətinin gözəllikləri bir-bir sadalanır – başı qarlı uca dağlar, yaşıl meşələr, sünbüllü tarlalar, güllü-çiçəkli düzlər şagirdlərin gözləri qarşısında canlanır. Azərbaycanın aşıb-daşan nemətləri, zəngin bədii sərvətləri bir-bir xatırlanır.

Dağlarının başı qarlı,

Sinəsi yaşıl ormanlı,

Dərələrin şirin barlı,

Azərbaycan! Azərbaycan!

 

Lakin şairin  bunları sadalamaqda məqsədi var, Azərbaycanın  zəngin nemətlərə, gözəl təbiətə malik olması bir tərəfdən onu sevindirirsə, digər tərəfdən narahat edir.  Sonuncu bənddə “qorxun yoxdur, düşmanın var” misrası həm də şairin vətəni üçün narahatlığını, onun daim düşmən hədəfinə tuş gələ biləcəyini ifadə edir.

2000-ci illərin ibtidai siniflər üçün “Ana sözü” dərsliklərində Ə.Cavadın bir neçə şeri öyrədilir. II sinifdə “Novruz”, III sinifdə “Can  Azərbaycan”, IV sinifdə “Çırpınırdın, Qara dəniz” şeirləri tədris edilir.  “Çırpınırdın, Qara dəniz” şeirində xalqın çıxılmaz, ağır vəziyyətindən şairin qəlbi qana dönmüşdür. Milli qırğınlar, şəhidlər, hər yerin xarabazarlığa çevrilməsi, elin gün-güzəranı onu ağrıdır. Belə bir zamanda türklərin köməyə gəlməsini şair minnətdarlıqla qarşılayır, qəlbində  inam yaranır.

Çırpınırdın, Qara dəniz,

Baxıb türkün bayrağına!

“Ah!”… deyərdim, heç ölməzdim.

Düşə bilsəm ayağına!

“Çırpınırdın, Qara dəniz” şeirinin sözlərinə Üzeyir Hacıbəylinin bəstələdiyi  musiqi bu gün bütün türk dünyasının azadlıq və mübarizə himni təsirini bağışlayır.

Uzun illər dərsliklərdən  kənarda qalan Əhməd Cavad yaradıcılığı  Azərbaycanda Milli Kurikilim layihəsi qəbul edildikdən sonra  yenidən tədris prosesinə gətirilir. Şairin həyat yolu və yaradıcılığı şagirdlərin milli birlik, azərbaycançılıq ideologiyası ruhunda, soğkökünə bağlı vətəndaşlar kimi yetişdirilməsində örnək ola bilən, əqidəsindən dönməyən  şəxsiyyətin ömür yolu kimi  öyrədilir.

2005-ci il  IX sinif Ədəbiyyat dərsliyində Əhməd Cavadın “Göy göl” şeiri tədris materialı kimi, “Al bayrağa”  şeiri isə sinifdənxaric oxu üçün  verilmişdir.  Şairin həyatı və yaradıcılığı barədə məlumat verildikdən sonra  şairin ömür yolu, həyatı bahasına başa gələn “Göy göl” şeirinin tədrisinə keçilir. Şeirdə Göy gölün gözəlliyi tərənnüm olunur. Bu gözəlliyin bir əlaməti  onun yarandığı vaxtdan öz qoynunda aya, ulduza yer verməsidir.

Sənin gözəlliyin gəlməz ki saya,

Qoynunda yer vardır yıldıza, aya!

Oldun sən onlara mehriban daya,

Fələk busatını quralı, Göy göl!

Bu şeirə görə Ə.Cavada  ədalətsiz hücumlar olmuş, işgəncələrə məruz qalmışdır. 8 bənddən ibarət  şeirdə Ə.Cavad  sanki sözlə bir tablo, bir rəsm əsəri yaradır. İlk bənddən şagirdlər Göy gölün dağlar qoynunda yaranması, “dumanlı dağlar” ifadəsi ilə yaranışdan başında bəla olduğunu, gözəlliyinin  dumanda belə  göz qamaşdırdığını sözsüz anlayırlar. Hər bənddə  Göy gölə müraciət edilir və o, yeni obrazda, yeni mənada qarşımızda canlanır:

Dumanlı dağların yaşıl qoynunda,

Bulmuş gözəllikdə kamalı, Göy göl!

Yaşıl gərdənbəndi gözəl boynunda,

Əks etmiş dağların maralı, Göy göl! [Ədəbiyyat, 2005:27].

Şeirdə Göy göl şəxsləndirilmiş obrazda  şagirdlırin gözü qarşısında canlanır. “Zümrüd gözlər”, “yorğun pəri”, “mehriban daya”, “dumandan yorğzğan” kimi ifadələr  vasitəsilə şagirdlər həm Göy gölün  əfsanəvi gözəlliyinə, həm də şairin sənətarlıq xüsusiyyətlərinə diqqət yetirmiş olurlar. Sonuncu bənddə  “bir sözün varmıdır əsən yellərə” deməklə Ə.Cavad  gölün başı üstündən əsən qara yellərə işarə edir.

Yeni nəsil (kurikulum) Ədəbiyyat dərsliklərindən IX sinifdə Ə.Cavadın “Azərbaycan bayrağına” şeirinin tədrisinə 2 saat ayrılır. Milli dövlətçiliyimizin  atributlarından olan üçrəngli bayraq səmada dalğalananda M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamına Ə.Cavad “Bayrağım” şeiri ilə cavab verir. Şagirdlər şairin  dövlət  bayrağına həsr edilmiş şeirində ay-ulduzun təsviri ilə bağlı fikirlərin təəssüratından doğan düşüncələrdə bu qənaətə gəlirlər ki, şeir təsadüfdən yazılmayıb, vətənin müstəqilliyi, azadlığı uğrunda  mübarizədə bu bayraq  şairin qəlbini riqqətə gətirib. 4 bəndlik şeirdə şair bayrağın  tarixlərin sınağından çıxdığını, Qayi xan soyundan keçib gəldiyini göstərir. Şagirdlər “dövlət quşu”, “dinin dirəgi”, “Allahın yıldızı”, “gözəl pəri” ifadələrinin mənasını açmaqla vətənpərvər şairin  duyğularının müqəddəsliyini bir daha anlamış olurlar.

Türküstan yelləri öpüb alnını,

Söyləyir dərdini sana, bayrağım!

Üçrəngli əksini Quzğun dənizdən

Ərməğan yollasın yara, bayrağım!

Cavadşünas Əli Salədddinin “Ay-ulduz” ifadəsi ilə bağlı fikirləri şeirin məzmununun çatdırılmasında  yerinə düşür: “Əhməd Cavad  yaradıcılığında  “Ay-ulduz”  adlı bir talisman (tilsim) medalyonu vardır ki. bu medalyon boyunbağı kimi bir çox  şeirlərinin boynundan asılmışdır. İnsanın gözəllik qarşısında  bayıldığı, ona tapındığı, özünü unudub  ancaq gözəllik barəsində düşündüyü bu yolda ölümə getdiyi hamıya məlumdur. …Bu “Ay-ulduza” görə onun başına açılmayan oyunlar qalmamışdır. Ona görə də  şairin şeir yaradıcılığını tərəddüd etmədən “Ay-ulduz”lu poeziya  adlandırmaq olar. “Ay-ulduz” onun şeirlərinin emblemi, başqa sözlə, namı, nişanı, əlamətidir, – desək, səhv etmərik”. Ədəbiyyatşünas alimin  “Ay-ulduz” obrazlarına verdiyi bu qiymət eyni zamanda şairin repressiya qurbanı olması səbəbini də açıqlamağa kömək edir.

XI sinif Ədəbiyyat dərsliyində Ə.Cavadın həyatı və yaradıcılığı icmal mövzu olaraq öyrədilir. Şairin Cümhuriyyət dövrü yaradıcılığının xüsusiyyətləri, Cümhuriyyətin süqutundan sonra həyatı və yaradıcılığında baş verən dəyişikliklərlə tanış olduqdan sonra  şagirdlər vaxtilə sovet dövrü dərsliklərində yer almış “Səsli qız” poeması ilə tanış olurlar. Poemanın məzmununun  mənimsədil­məsinə və təhlilinə 3 saat ayrılır. Müharibələrin insanlara gətirdiyi fəlakətlər, qurbana çevirdikləri insan taleləri, milli-mənəvi dəyərlərin qorunması, “kəsmə telli” Saranın azadlıq nəğməsi, qisası və s. motivlər vətəni qorumağın şərəf işi olması, azadlığın heç nə ilə əvəz edilə bilməyəcəyini şagirdlər poemanın sətirlərindən müzakirələr apardıqca başa düşür və şairin azadlıq məramına, milli istiqlal arzularına əmin olurlar.

Saranın nəğməsi şairin nakam ömrünün, yarımçıq qalmış arzularının uvertürası, bükülüb tum torbasına dönmüş əlyazmalarının sınıq sədası kimi şagirdlərə əsərin məzmununu mənimsəməkdə kömək edir:

Mən ki səndən doymamışdım,

Quş qonmağa qoymamışdım,

Bir almanı soymamışdım,

Kim sənə kəc baxdı, bağlar?!

 

Əhməd Cavad yaradıcılığına ali məktəbin filologiya fakültələrinin tədris planında da  müəyyən yer verilmişdir. “Müasir Azərbaycan  ədəbiyyatı” dərsliyində Əhməd Cavad haqqında “Siyasi-icimai ziddiyyətlər, münaqişələr və repressiyalar dövründə ədəbiyyat” (1920-1940)  bölməsində məlumat verilir. Yaradıcılığının ilk mərhələsində yazdığı şeirlərdə  bədbinlik, ümidsizlik, mücərrəd duyğuların üstünlük təşkil etdiyinə baxmayaraq, doğma yurda, insanlara bağlılığı, qadına bəşəriyyətin anası, “böyük şəxsiyyət yetişdirən”, “gözəllik”, “ideal mücəssəməsi”  kimi baxdığı qeyd edilir. Dərslik müəlliflərinin “zərif rübablı şair”  adlandırdıqları şairin  poeziyasının ilk növbədə xalq şeirindən, aşıq qoşmalarından bəhrələndiyi, hər bir  məqamda  gözəllik axtarıcısı olduğu, gözəlliyi insanın mənəvi  aləmində, qadın  zərifliyində  və təbiətdə aradığını göstərmişlər. Əhməd Cavad yaradıcılığında mili ideyalar, bəşəri hisslər şairin hiss və duyğularının kölgəsində qalmış, gözəlliyə meyil, ona əbədi bağlanmaq şairin idealı kimi verilmişdir.

“XX əsr Azərbaycan ədəbiyyatı tarixi”  dərsliyində də Əhməd Cavad mönöqrafik mövzu kimi  ayrıca  tədris olunur. Repressiya dövrünün şairi kimi yaradıcılığının səciyyəvi xüsusiyyətləri, milli ruh, milli məfkurə və vətənsevərlik ideyalarının üstündən sükutla keçilir, şairin yalnız  poemalarından söz açılır. “Səsli qız” poemasında  şairin tarixiliklə müasirliyi vəhdətdə götürdüyü, xalqın milli dəyərlərini, əsərin ideyasında  yurdun, vətənin  azadlığı  məsələsini qoyduğu qeyd edilir. “Səsli qız” və ”Kür” poemalarına görə şairə ünvanlanan ittihamlara o, “Pambıq” dastanı ilə cavab verir. “Beşguşəli ulduz”, “Şuraların şərəfli istiqlalı”, “Ölkənin pambıq istiqlalı”  kimi tərənnümlərlə yanaşı, pambığın tarixi, Azərbaycanda keçdiyi yol  poemanın əsas məzmununu təşkil edir.

Azərbaycan ədəbiyyatı tarixində klassik yer tutan Əhməd Cavad canından çox sevdiyi Azərbaycana  son nəfəsinə qədər  varlığı ilə, sözü ilə sadiq qalmış və bu yolda canını qurban vermişdir.  Azərbaycan ümumtəhsil məktəblərində, ali təhsil ocaqlarının filologiya fakültələrində   şairin bədii irsinin öyrədilməsi  bu mənada  qürurvericidir və ədəbiyyatın tədrisi tarixinin qarşısında  aktual bir  vəzifə olaraq qalır.

 

Nazilə Abdullazadə

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri