“Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir”.
Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 20 aprel 2022
XX əsr Azərbaycan ədəbiyyatı tarixində qısa, lakin çox mənalı ömür yolu və yaradıcılığı ilə iz qoymuş sənətkarlardan biri də Əhməd Cavad olmuşdur. Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət kimi sənətkarlarla bir sırada adı çəkilən Əhməd Cavad ömrünün sonuna qədər milli istiqlala, soykökünə, dövlətçiliyə sadiq qalmış, öz həyat məramını yazdığı əsərlərdə də nümayiş etdirmişdir. Bir çox həməsrləri kimi, Əhməd Cavad da uzun müddət xalqdan uzaq düşmüş, faciəli taleyi əsərlərinə də nəsib olmuşdur.
Ə.Cavad kənd məktəbindən başlayaraq ali məktəbə qədər uzun illər müəllimlik etmiş, pedaqoji fəaliyyətində gənc nəslə milli-mənəvi dəyərlər, türkçülük ideologiyasını aşılamışdır. Pedaqoji fəaliyyətə Əhməd Cavad Xuluq kəndində başlamış, sonra Bakıda texnikumda dərs demişdir. Müəllimliklə məşğul olduğundandır ki, o, 1919-cu ildə III siniflər üçün “Sərf və nəhv” dərsliyini yazır. Pedaqoji fəaliyyətlə məşğul ola-ola Əhməd Cavad həm də ali təhsil almış, Ali Pedaqoji İnstitutu bitirmişdir. Bu illərdə o, bədii yaradıcılıqla, tərcümə ilə də məşğul olmuşdur.
1918-ci il Xalq Cümhuriyyətinin qələbəsi ilə şairin yaradıcılığında dönüş başlayır. Lakin AXC-nin ömrü kimi, bu dönüşün də ömrü qısa olur. Romantik şair olan Ə.Cavad bir-birindən gözəl, nikbin əsərlər yazır, şeirlərində realizm meyilləri güclənir. Onun şeirləri yazıldığı vaxtda yeni dövlətə, dövlət qurucularına xoş gəlir, vəsf elədiyi ay-ulduz, bayraqla bağlı fikirləri çıxışlara, nitqlərə daxil olur, onu məşhurlaşdırırdı. Əhməd Cavad yaradıcılığının ədəbiyyat tarixindəki mövqeyi və ideya-məzmun mündərəcəsini Əli Saləddin gözəl ifadə edir: “…Onun yaradıcılığı 1910-1037-ci illər arasında ədəbiyyatımızın, mədəniyyətimizin və tariximizin həqiqi salnaməsidir. Bu yaradıcılıqda XX əsrin birinci çərəyində olan tarixi hadisələr, birinci cahan müharibəsi, türk xalqlarının mövcud vəziyyəti, milli-azadlıq hərəkatı, Azərbaycan Demokratik Respublikası, kolxoz quruculuğu, Böyük Dönüş İli, 30-cu illərin fəsadları, nəhayət, 37-ci il repressiyası bütün əlamətləri ilə əks olunmuşdur”.
1930-cu illər repressiyası bir çox elm və maarif adamları kimi Əhməd Cavaddan da yan keçmir. 1937-ci ildə şair Hüseyn Cavid, Mikayıl Müşfiq, Vəli Xuluflu ilə bir yerdə həbs edilir. AXC-nin Dövlət Himninin müəllifi, üçrəngli bayrağın vəsfkarı, vətən torpağının, gül-çiçəyinin, ay-ulduzunun vurğunu olan bir insanın ömrünə ondan qat-qat aşağıda dayananlar balta çalır. 6 saat davam edən istintaqda “Əhməd Cavad məsələsi” həll olunur. “Zərərli, qorxulu və təhlükəli” düşmənin əvvəlcədən yazılmış ssenarisi baş tutur, 1112 məhbus nömrəsi ilə 131 gün işgəncədən sonra 132-ci gecə şair güllələnir.18 ildən sonra 1955-ci ildə bəraət alanda da onun cinayəti bilinmir.
Əhməd Cavad qısa, lakin mənalı bir ömür yaşamışdır. Onun haqqında danışanda hər şeydən əvvəl, müstəqil Azərbaycanın Dövlət himninin müəllifi yada düşür. Lakin sağlığında qədir-qiyməti bilinməyən şair ölümündən sonra da uzun zaman “kölgədə qalmış”, dərsiklərdə, elmi tədqiqatlarda onun üstündən sükutla keçilmişdir. Böyük turançı, milli istiqlal mücahidi şairin bədii irsi bütövlükdə məzmunca azadlıq, müstəqillik, millilik ideyaları ilə yoğrulduğundan şeirləri uzun müddət siyasi-ideoloji baxışlarına görə tədrisdən də uzaqlaşdırılmış, 1930-1960-cı illərdə geniş şəkildə nəşr olunan dərsliklərə tədris materialı kimi daxil edilməmişdir.
İlk dəfə olaraq, 1914-cü ildə A.Şaiq M.Mahmudbəyovla birgə aşağı siniflər üçün yazdığı “Türk ədəbiyyatına ilk qədəm” dərsliyində “Məişət” adlanan birinci bölmədə türk ədibləri Tofiq Fikrət, Xalid Ziya, İbrahim Əlaəddinlə yanaşı, Əhməd Cavad yaradıcılığından da nümunə verir.
1920-ci illərdə dərslik nəşrinin yenicə “vüsət aldığı” bir dövrdə Əhməd Cavad şeirlərinin milli-ictimai mahiyyət daşıması, cığırdaş şairlərin əsərlərindən fərqli olaraq, turançılq, millilik, mənəvi birlik ideyaları bu şeirlərin proletar dövrü dərsliklərinə gətirilməsinə mane olur. Parlament binası üzərində ucalan üçrəngli bayrağın dalğalanmasından köksü sinəsinə sığmayan şairin duyğularını bolşevik ideologiyası başa düşmür və qəbul etmirdi. Onun şeirlərində ilk dövlət qurumu olan Azərbaycan Cümhuriyyəti, onun ideyaları, dövlət atributlarımız tərənnüm olunurdu. Ədəbiyyatşüas alım Bəkir Nəbiyev yazırdı: “Əhməd Cavad yaradıcılığının 1920-ci ilə qədərki nümunələrində xalqımızın, mədəniyyətimizin qədimliyindən, türkçülüyün ənənələrindən, altaylardan, idellərdən, çingizlərdən, sabutaylardan xüsusi iftixar duyğusu ilə bəhs olunur. Türkiyə, İstanbul, türk bayrağı dərin səmimiyyətlə tərənnüm edilirdi. Təkcə Əhməd Cavad deyil, o dövrün yaradıcı ziyalılarının bir çoxunun əsərlərində həmin motivlər geniş yer tuturdu. Bu əsərləri düzgün başa düşüb, obyektiv qiymətləndirmək üçün onların meydana gəldiyi tarixi şəraitin rişələrini də xatırlatmağa ehtiyac var”.
1930-cu illər orta məktəb dərsliklərində (1932-ci ildə 5-ci sinif üçün ədəbiyyatdan “Gənc zərbəçi” iş kitabı) M.Hadi və H.Cavid 1905-ci ildən sonra “Azərbaycan müstəmləkə və burjua ədəbiyyatı” nümayəndələri adı ilə təqdim edilsə də, Əhməd Cavad bu bölgüdə də məhbus dostlarından ayrı düşür.
“Sovet ədəbiyyatı” (1965) dərsliyində müsavat hakimiyyəti dövrü Azərbaycan xalqının tarixində bir ləkə olan mədəniyyət, maarif və incəsənət sahəsində misli-bərabəri görünməyən bir geriliklə xarakterizə olunur. Əhməd Cavadın adı da bu dövrün nümayəndəsi kimi yeniliyə qarşı çıxan, yeni quruluşu bəyənməyənlərin sırasında çəkilirdi. Dərslikdə deyilirdi: “Bu mübarizə bir tərəfdən sovet quruluşunu bəyənməyən, keçmişi geri qaytarmaq xəyalı ilə bədbin şeirlər yazan S.Mənsur, A.İldırım kimilərinə, digər tərəfdən də qələmləri ilə sosializm cəmiyyətində fəal surətdə iştirak etməyən Cavid, Cavad, Sanılı kimi sənətkarlara qarşı aparılırdı”.
1998-ci il ibtidai siniflər üçün “Oxu”, “Ana sözü” kitablarında Ə.Cavadın “Can Azərbaycan”, pilot məktəbləri və ümumtəhsil məktəbləri üçün V sinif Ədəbiyyat dərsliyində “Azərbaycan, Azərbaycan” şeiri verilir. İbtidai sinif şagirdləri ilk sətirlərdən başa düşürlər ki, “Can Azərbaycan” şairin qəlbinin dərinliklərindən qopan bir nida, bir hayqırtıdır. “Can Azərbaycan” torpaq uğrunda canını fəda edən oğulların qanından süzülüb gələn əqidə bütövlüyü, müstəqillik və azadlıq simvoludur.
Torpağına can demişəm,
Suyuna mərcan demişəm,
Canımı qurban demişəm,
Canım-gözüm, gözüm-canım,
Azərbaycanım!
Can, can,
Can Azərbaycan!
Azərbaycanla bağlı hələ məktəbəqədər dövrdən bir çox şeirlər bilən şagirdlər ilk sətirlərdən görürlər ki, bu şeir digərlərindən fərqlənir; şair öz vətəni ilə qürur duyur, onunla fəxr edir, onu bütün varlıqlardan uca tutur. Şeirdə Azərbaycan təbiətinin gözəllikləri bir-bir sadalanır – başı qarlı uca dağlar, yaşıl meşələr, sünbüllü tarlalar, güllü-çiçəkli düzlər şagirdlərin gözləri qarşısında canlanır. Azərbaycanın aşıb-daşan nemətləri, zəngin bədii sərvətləri bir-bir xatırlanır.
Dağlarının başı qarlı,
Sinəsi yaşıl ormanlı,
Dərələrin şirin barlı,
Azərbaycan! Azərbaycan!
Lakin şairin bunları sadalamaqda məqsədi var, Azərbaycanın zəngin nemətlərə, gözəl təbiətə malik olması bir tərəfdən onu sevindirirsə, digər tərəfdən narahat edir. Sonuncu bənddə “qorxun yoxdur, düşmanın var” misrası həm də şairin vətəni üçün narahatlığını, onun daim düşmən hədəfinə tuş gələ biləcəyini ifadə edir.
2000-ci illərin ibtidai siniflər üçün “Ana sözü” dərsliklərində Ə.Cavadın bir neçə şeri öyrədilir. II sinifdə “Novruz”, III sinifdə “Can Azərbaycan”, IV sinifdə “Çırpınırdın, Qara dəniz” şeirləri tədris edilir. “Çırpınırdın, Qara dəniz” şeirində xalqın çıxılmaz, ağır vəziyyətindən şairin qəlbi qana dönmüşdür. Milli qırğınlar, şəhidlər, hər yerin xarabazarlığa çevrilməsi, elin gün-güzəranı onu ağrıdır. Belə bir zamanda türklərin köməyə gəlməsini şair minnətdarlıqla qarşılayır, qəlbində inam yaranır.
Çırpınırdın, Qara dəniz,
Baxıb türkün bayrağına!
“Ah!”… deyərdim, heç ölməzdim.
Düşə bilsəm ayağına!
“Çırpınırdın, Qara dəniz” şeirinin sözlərinə Üzeyir Hacıbəylinin bəstələdiyi musiqi bu gün bütün türk dünyasının azadlıq və mübarizə himni təsirini bağışlayır.
Uzun illər dərsliklərdən kənarda qalan Əhməd Cavad yaradıcılığı Azərbaycanda Milli Kurikilim layihəsi qəbul edildikdən sonra yenidən tədris prosesinə gətirilir. Şairin həyat yolu və yaradıcılığı şagirdlərin milli birlik, azərbaycançılıq ideologiyası ruhunda, soğkökünə bağlı vətəndaşlar kimi yetişdirilməsində örnək ola bilən, əqidəsindən dönməyən şəxsiyyətin ömür yolu kimi öyrədilir.
2005-ci il IX sinif Ədəbiyyat dərsliyində Əhməd Cavadın “Göy göl” şeiri tədris materialı kimi, “Al bayrağa” şeiri isə sinifdənxaric oxu üçün verilmişdir. Şairin həyatı və yaradıcılığı barədə məlumat verildikdən sonra şairin ömür yolu, həyatı bahasına başa gələn “Göy göl” şeirinin tədrisinə keçilir. Şeirdə Göy gölün gözəlliyi tərənnüm olunur. Bu gözəlliyin bir əlaməti onun yarandığı vaxtdan öz qoynunda aya, ulduza yer verməsidir.
Sənin gözəlliyin gəlməz ki saya,
Qoynunda yer vardır yıldıza, aya!
Oldun sən onlara mehriban daya,
Fələk busatını quralı, Göy göl!
Bu şeirə görə Ə.Cavada ədalətsiz hücumlar olmuş, işgəncələrə məruz qalmışdır. 8 bənddən ibarət şeirdə Ə.Cavad sanki sözlə bir tablo, bir rəsm əsəri yaradır. İlk bənddən şagirdlər Göy gölün dağlar qoynunda yaranması, “dumanlı dağlar” ifadəsi ilə yaranışdan başında bəla olduğunu, gözəlliyinin dumanda belə göz qamaşdırdığını sözsüz anlayırlar. Hər bənddə Göy gölə müraciət edilir və o, yeni obrazda, yeni mənada qarşımızda canlanır:
Dumanlı dağların yaşıl qoynunda,
Bulmuş gözəllikdə kamalı, Göy göl!
Yaşıl gərdənbəndi gözəl boynunda,
Əks etmiş dağların maralı, Göy göl! [Ədəbiyyat, 2005:27].
Şeirdə Göy göl şəxsləndirilmiş obrazda şagirdlırin gözü qarşısında canlanır. “Zümrüd gözlər”, “yorğun pəri”, “mehriban daya”, “dumandan yorğzğan” kimi ifadələr vasitəsilə şagirdlər həm Göy gölün əfsanəvi gözəlliyinə, həm də şairin sənətarlıq xüsusiyyətlərinə diqqət yetirmiş olurlar. Sonuncu bənddə “bir sözün varmıdır əsən yellərə” deməklə Ə.Cavad gölün başı üstündən əsən qara yellərə işarə edir.
Yeni nəsil (kurikulum) Ədəbiyyat dərsliklərindən IX sinifdə Ə.Cavadın “Azərbaycan bayrağına” şeirinin tədrisinə 2 saat ayrılır. Milli dövlətçiliyimizin atributlarından olan üçrəngli bayraq səmada dalğalananda M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamına Ə.Cavad “Bayrağım” şeiri ilə cavab verir. Şagirdlər şairin dövlət bayrağına həsr edilmiş şeirində ay-ulduzun təsviri ilə bağlı fikirlərin təəssüratından doğan düşüncələrdə bu qənaətə gəlirlər ki, şeir təsadüfdən yazılmayıb, vətənin müstəqilliyi, azadlığı uğrunda mübarizədə bu bayraq şairin qəlbini riqqətə gətirib. 4 bəndlik şeirdə şair bayrağın tarixlərin sınağından çıxdığını, Qayi xan soyundan keçib gəldiyini göstərir. Şagirdlər “dövlət quşu”, “dinin dirəgi”, “Allahın yıldızı”, “gözəl pəri” ifadələrinin mənasını açmaqla vətənpərvər şairin duyğularının müqəddəsliyini bir daha anlamış olurlar.
Türküstan yelləri öpüb alnını,
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngli əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!
Cavadşünas Əli Salədddinin “Ay-ulduz” ifadəsi ilə bağlı fikirləri şeirin məzmununun çatdırılmasında yerinə düşür: “Əhməd Cavad yaradıcılığında “Ay-ulduz” adlı bir talisman (tilsim) medalyonu vardır ki. bu medalyon boyunbağı kimi bir çox şeirlərinin boynundan asılmışdır. İnsanın gözəllik qarşısında bayıldığı, ona tapındığı, özünü unudub ancaq gözəllik barəsində düşündüyü bu yolda ölümə getdiyi hamıya məlumdur. …Bu “Ay-ulduza” görə onun başına açılmayan oyunlar qalmamışdır. Ona görə də şairin şeir yaradıcılığını tərəddüd etmədən “Ay-ulduz”lu poeziya adlandırmaq olar. “Ay-ulduz” onun şeirlərinin emblemi, başqa sözlə, namı, nişanı, əlamətidir, – desək, səhv etmərik”. Ədəbiyyatşünas alimin “Ay-ulduz” obrazlarına verdiyi bu qiymət eyni zamanda şairin repressiya qurbanı olması səbəbini də açıqlamağa kömək edir.
XI sinif Ədəbiyyat dərsliyində Ə.Cavadın həyatı və yaradıcılığı icmal mövzu olaraq öyrədilir. Şairin Cümhuriyyət dövrü yaradıcılığının xüsusiyyətləri, Cümhuriyyətin süqutundan sonra həyatı və yaradıcılığında baş verən dəyişikliklərlə tanış olduqdan sonra şagirdlər vaxtilə sovet dövrü dərsliklərində yer almış “Səsli qız” poeması ilə tanış olurlar. Poemanın məzmununun mənimsədilməsinə və təhlilinə 3 saat ayrılır. Müharibələrin insanlara gətirdiyi fəlakətlər, qurbana çevirdikləri insan taleləri, milli-mənəvi dəyərlərin qorunması, “kəsmə telli” Saranın azadlıq nəğməsi, qisası və s. motivlər vətəni qorumağın şərəf işi olması, azadlığın heç nə ilə əvəz edilə bilməyəcəyini şagirdlər poemanın sətirlərindən müzakirələr apardıqca başa düşür və şairin azadlıq məramına, milli istiqlal arzularına əmin olurlar.
Saranın nəğməsi şairin nakam ömrünün, yarımçıq qalmış arzularının uvertürası, bükülüb tum torbasına dönmüş əlyazmalarının sınıq sədası kimi şagirdlərə əsərin məzmununu mənimsəməkdə kömək edir:
Mən ki səndən doymamışdım,
Quş qonmağa qoymamışdım,
Bir almanı soymamışdım,
Kim sənə kəc baxdı, bağlar?!
Əhməd Cavad yaradıcılığına ali məktəbin filologiya fakültələrinin tədris planında da müəyyən yer verilmişdir. “Müasir Azərbaycan ədəbiyyatı” dərsliyində Əhməd Cavad haqqında “Siyasi-icimai ziddiyyətlər, münaqişələr və repressiyalar dövründə ədəbiyyat” (1920-1940) bölməsində məlumat verilir. Yaradıcılığının ilk mərhələsində yazdığı şeirlərdə bədbinlik, ümidsizlik, mücərrəd duyğuların üstünlük təşkil etdiyinə baxmayaraq, doğma yurda, insanlara bağlılığı, qadına bəşəriyyətin anası, “böyük şəxsiyyət yetişdirən”, “gözəllik”, “ideal mücəssəməsi” kimi baxdığı qeyd edilir. Dərslik müəlliflərinin “zərif rübablı şair” adlandırdıqları şairin poeziyasının ilk növbədə xalq şeirindən, aşıq qoşmalarından bəhrələndiyi, hər bir məqamda gözəllik axtarıcısı olduğu, gözəlliyi insanın mənəvi aləmində, qadın zərifliyində və təbiətdə aradığını göstərmişlər. Əhməd Cavad yaradıcılığında mili ideyalar, bəşəri hisslər şairin hiss və duyğularının kölgəsində qalmış, gözəlliyə meyil, ona əbədi bağlanmaq şairin idealı kimi verilmişdir.
“XX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyində də Əhməd Cavad mönöqrafik mövzu kimi ayrıca tədris olunur. Repressiya dövrünün şairi kimi yaradıcılığının səciyyəvi xüsusiyyətləri, milli ruh, milli məfkurə və vətənsevərlik ideyalarının üstündən sükutla keçilir, şairin yalnız poemalarından söz açılır. “Səsli qız” poemasında şairin tarixiliklə müasirliyi vəhdətdə götürdüyü, xalqın milli dəyərlərini, əsərin ideyasında yurdun, vətənin azadlığı məsələsini qoyduğu qeyd edilir. “Səsli qız” və ”Kür” poemalarına görə şairə ünvanlanan ittihamlara o, “Pambıq” dastanı ilə cavab verir. “Beşguşəli ulduz”, “Şuraların şərəfli istiqlalı”, “Ölkənin pambıq istiqlalı” kimi tərənnümlərlə yanaşı, pambığın tarixi, Azərbaycanda keçdiyi yol poemanın əsas məzmununu təşkil edir.
Azərbaycan ədəbiyyatı tarixində klassik yer tutan Əhməd Cavad canından çox sevdiyi Azərbaycana son nəfəsinə qədər varlığı ilə, sözü ilə sadiq qalmış və bu yolda canını qurban vermişdir. Azərbaycan ümumtəhsil məktəblərində, ali təhsil ocaqlarının filologiya fakültələrində şairin bədii irsinin öyrədilməsi bu mənada qürurvericidir və ədəbiyyatın tədrisi tarixinin qarşısında aktual bir vəzifə olaraq qalır.
Nazilə Abdullazadə
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri