Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Coders Azerbaijan” MMC arasında birgə fəaliyyətə dair anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.
Bu barədə universitetdən məlumat verilib.
Rəqəmsallaşdırma üzrə prorektor dosent Raqif Qasımov ikitərəfli əməkdaşlığın perspektivlərindən söz açıb. Biznes Mərkəzinin direktoru Mübariz Şahbazlı isə əməkdaşlığın təkcə tələbələrin informasiya texnologiyaları biliklərinin formalaşmasına deyil, startap-texnoloji sahibkarlığın inkişafına da təkan verəcəyini qeyd edib.
Tələbələr üçün təcrübə proqramlarının təşkili və peşəkar informasiya texnologiyaları mütəxəssislərinin universitetdə tədrisə cəlb edilməsinin əhəmiyyətini vurğulayan Karyera Mərkəzinin direktoru Aytac Rzayeva əməkdaşlığın bu istiqamətdə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
“Coders Azerbaijan”ın həmtəsisçisi Seymur Həmidov UNEC-in informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. O, 2015-ci ildə fəaliyyətə başlayan və 2017-ci ildən informasiya texnologiyaları sahəsinə ixtisaslı kadrlar qazandırmaq məqsədilə fəaliyyətini davam etdirən “Coders Azerbaijan” ilə qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını bildirib.
Məlumatlandırma və tələbələrlə sual-cavab sessiyasından sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.