Dərc olunub: 04.03.2023

5 və 12 mart tarixlərində 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək. Ali məktəblərə qəbul prosesinə start verilməsi cəmiyyətin diqqətini yenidən bu sahəyə yönəldib.  Ötən il ali məktəblərə qəbul zamanı III ixtisas qrupunda keçid balı əvvəlki dövrlərlə müqayisədə xeyli aşağı olub. Bunun əksinə olaraq I və II ixtisas qruplarında keçid balının yüksəldiyi müşahidə edildi.

Bəs bu il vəziyyət necə olacaq? Hansı qruplarda keçid balı arta, hansı qruplarda azala bilər?

Mektebgushesi.az xəbər verir ki, Yenisabah.az -a açıqlamasında elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, keçid ballarının müəyyənləşməsi müəyyən kriteriyalara əsaslanır. Hər hansı ixtisas üzrə ali məktəbə keçid ballarının artıb-azalması öncə həmin ixtisas üçün ayrılan plan yerlərindən asılıdır”.

Builki qəbul imtahanlarında hansı ixtisas qrupları üzrə keçid ballarının artıb, yaxud, azalacağına toxunan Elmin Nuri fikrini belə davam etdirib:

“Xatırlayırsınızsa, ötən il sosial şəbəkələrdə yayılan bir məlumat hər kəsin təəccübünə səbəb oldu. Bakı Dövlət Universitetində Riyaziyyat müəllimliyi ixtisası həmin ali təhsil müəssisəsindəki Hüquqşünaslıq ixtisasının keçid balını üstələməşdi. Az qala, hamı bu faktı təəccüblə qarşıladı. Bəzi insanlar müəllimliyin bir zamanlar hər kəsin böyük istəyi olan nüfuzlu hüquq fakültəsini ötüb keçdiyinə sevinirdi. Amma bu reallığın əsas səbəbinə çevrilən, lakin nəzərə alınmayan iki vacib detal var idi: birincisi, ixtisaslar üzrə ayrılan plan yerləri. Məsələn, ehtimal edək ki, Riyaziyyat müəllimliyi ixtisası üçün təxminən 40, hüquqşunaslıq ixtisası üçün 120 plan yeri ayrılır. Bu o deməkdir ki,Riyaziyyat müəllimliyi ixtisasına daxil olmaq üçün rəqabətlilik dərəcəsi hüquqşünaslığa nəzərən 3 dəfə çoxdur. Məhz buna görə də, ixtisas seçimi zamanı Riyaziyyat müəllimliyini də qeyd edən abituriyentlərdən ən yaxşı 40 nəfəri bu ixtisas üçün keçərli hesab olunur.

İkinci amil rəqabət meyarıdır. İxtisas seçimində riyaziyyat müəllimliyini qeyd edən abituriyentlərin sayı üçüncü qrupda hüquqşünaslıq ixtisasını qeyd edənlərin sayından hədsiz dərəcədə çox olub.

Hər il ixtisaslara keçid balları ixtisas seçimi zamanı həmin ixtisasları qeyd edən və universitetlərə qəbul olan abitiriyentlərin ümumi bal göstəricisinə görə müəyyən olunur.

Sualınıza cavab olaraq bildirim ki, bu il hansı qrupda keçid ballarının aşağı düşməsi, yaxud, qalxmasını bu iki data olmadan demək çətindir. Həmin dataları bir daha qeyd edək: seçim zamanı ixtisasları seçənlərin ümumi sayı, ixtisaslar üzrə ayrılan plan yerlərinin ümumi sayı. Ötən il, III qrupda bir çox ixtisaslar üzrə plan yerləri çox ayrıldığından burada keçid balları aşağı düşdü. I və II ixtisas qrupunda bu tendensiyanın tam əksi yaşandığı üçün bir çox ixtisaslarda keçid ballarının artdığını görmüş olduq.

Amma subyektiv fikrimə əsasən, az qala, tam əminəm ki, bu il də ötənilki hal yaşanacaq. I və II qruplarda rəqabətlilik mühiti, keçid ballarının artma faktı III qrupu üstələyəcək. Çünki bu il ilk dəfə olaraq I qrupda İnformatika alt-qrupu üzrə də imtahanlar olacaq. Dövrün əsas tələbi olan İT əsaslı ixtisaslara marağın getdikcə artdığını nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, bu il I ixtisas qrupunda keçid balları daha yüksək olacaq”.

Şəhla AĞAZADƏ