Dərc olunub: 07.03.2023

Martın 5-də Qarabağdakı erməni separatçı-terrorçularının törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı Şəhriyar Ramiz oğlu Əlibəyli müəllim övladı idi.

29 yaşlı şəhid Bakıda fəaliyyət göstərən, biologiya və kimya fənləri üzrə abituriyent hazırlığı ilə məşğul olan təcrübəli müəllim Sahilə Əliyevanın yeganə övladı idi.

Qeyd edək ki, Əlibəylilər ailəsi əslən Qəbələ rayonunun Vəndam qəsəbəsindəndir, elə Şəhriyar da orada anadan olub.

Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər. 2012-ci ildə 236 saylı tam orta məktəbi bitirib. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olan baş-leytenant Ş.Əlibəyli Vətən müharibəsinin də iştirakçısı olub.

Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

1994-cü il təvəllüdlü Şəhriyar Əlibəyli subay idi.

Şəhriyar Əlibəylinin nəşi 6 mart 2023-cü ildə II Şəhidlər Xiyabanında dəfn edilib. Mərasimdə hərbçinin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.