Yunan mifologiyasına görə əjdaha Evlilik və doğum ilahəsi Heranın bağında qızıl almaları qoruyurdu. Herakl əjdahanı öldürür və almaları oğurlayır. Əjdaha isə göydə bürcə çevrilir. Astroloji təqvimi nəzərdən keçirərkə onu da öyrəndim ki, sən demə mən də Əjdaha ili bürcündın imişəm. Deyilənlərə və yazılanlara görə bu bürc müdrikliyi, alicənablığı və səxavətliyi simvollaşdırır. O, özündə fiziki və mənəvi yüksəlişi ehtiva edir, ona görə də özünə inanan, məqsədyönlü və xeyirxah əməlləri olan insanları bu ildə uğur və nailiyyət müşayiət edəcək. Bundan əvvəlki Yaşıl Əjdaha ili 1964-cü ilə təsadüf edib, növbəti dəfə isə 2084-cü ildə təkrarlanacaq.
Illər bundan öncə Rumın-Sovet dostluğu aylığı çərçivəsində ölkə üzrə tədbirlər keçirilirdi. Rumınıya lideri Nikolay Çauşeskunun oğlu Niku Çauşeskonun rəhbərlik etdiyi 25 nəfərdən ibarət nümayəndə heyyəti Azərbaycana gəlmişdi. Onların növbəti səfərlərindən biri də işlədiyim rayonumuza nəzərdə tutulmuşdu. Yüksək səviyyəli qonağı yüksək səviyyədə qarşılamaq üçün 15 nəfərdən ibarət “Təşkilat komitəsi” yaradılmışdı. İctimai-siyasi fəallığımı və kifayət qədər nüfuzumu nəzərə alıb, məni də “Komitəyə” daxil etmişdilər.
Qonaqları rayonun giriş qapısında “zurna-balabnalla” qarşıladıqdan sonra qabaqcadan tərtib olunan proqrama əsasən onları rayonumuzun gəzməli-görməli yerləri ilə tanış etdik, görülən işlər və qazanılan nailiyyətlər barədə ətraflı məlumatlandırdıq. Rəsmilər və fəxri qonaqların şərəfinə düzənlənmiş ziyafət məclisində rayonun prokurorundan tutmuş, polis rəisinə qədər bütün rəhbər işçilər iştirak edirdilər. “Xoşgəldi” və bir sıra statistik göstəricilərin sadalanmasından ibarət rəsmi hissə başa çatdıqdan sonra məclis qızışdı.
Əlimi masaya düzülmüş nemətlərdən birinə yenicə uzatmışdım ki, məni “partkom” seçdirənən həmin ideologiya üzrə katib olan rus qadın “göz-qaş” işarəsi ilə məni öz yanına çağırdı. Tapşırıq isə ondan ibarət idi ki, mən durub oynamalı və xarici qonaqları rəqsə dəvət erməli idim. Pıçıltı ilə qulağına oynaya bilmədiyimi, hətta öz toyumda belə oynamadığımı nə qədər izah etsəm belə, katib qərarında israrlı idi.
Çarəsizlikdən əl-qolumu asta-asta yelləməklə ortalığa çıxdım. Sən demə rumınlar elə mənə bənd imişlər. Ortalığı tozanaq bürüdü. I katibin qolundan dartıb, onu da meydana çəkdilər. Digər rəhbər işçilərin də həddi nə idi ki, oynamasınlar. Səhərisi gün məni Raykoma çağırdılar. I katibin üzündən zəhirmar yağırdı. Məni partiya intizamını pozduğuma görə cəzalandıracğı ilə hədələyirdi. Bu zaman üzbəüzdə oturan həmin ideoloji katib içəri daxil oldu və hikkəli şəkildə mənim hərəkətimin məhz partiya tapşırığı olduğunu ona bildirdi. I katibin mimikasında yaranan kinayə sanki, “söhbətimizin sonraya qalmasına” bir işarə idi…
Sonrası isə o oldu ki, onu rayondan qovdular, mən isə partiya işini elmi fəaliyyətlə əvəzləyərək aspiranturaya daxil oldum. Uzun illər keçsə də, hərdən öz-özümə fikirləşirəm ki, nə yaxşı o vaxt müdriklik və alicənablıq göstərərək qılıncının qəmzəsi də kəsən rayon rəhbərinin üzünə qayıtmadım. Bəlkə də mənim sorakı taleyim onun taleyindən də acınacaqlı olacaqdı…!?