Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Toğrul İslam məzunu olduğu 257 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüb.
Müsabiqənin İşçi qrupundan bildirilib ki, Toğrul İslam şagirdlərə yeni bacarıqlar öyrənmək və mövcud biliklərini təkmilləşdirmək üçün yaranan imkanlardan bəhs edib, onlara gələcək karyeralarında hədəflərini müəyyən edib onlara çatmaq üçün düzgün planlar qurmaq barədə tövsiyələrini bölüşüb.
Görüşün sonunda məktəb şagirdlərinə sertifikat təqdim olunub.
Görüş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir gələcək” təşəbbüsü çərçivəsində keçirilib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti – sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.


