Gözəl ürək sahibi, işıqlı qələm ustası,
dəyərli Solmaz Babaşovanın
ad gününə qardaş təbriki
Sevimli xalq şairimiz Səməd Vurğunun misralarıdır:
Həyat dediyimiz o gözəl məna,
Tale dediyimiz müqəddəs dünya
Yaranır insanın arzularından,
Hər təmiz vicdanın ilk baharından…
Başqa bir dahi isə deyib ki, həyat ötən günlər yox, yadda qalan günlərdir.
Yadda qalan günlərin bəzilərini xatırladıqca xəyalım məni öz qoynuna alaraq gənclik çağlarıma qanadlandı. Çünki ruhun gəncliyi əbədidir, əbədilik isə gənclik deməkdir…
O zamanlar qarşıma çıxan təmənnasız, xeyirxah, qayğıkeş insanlar sırasında Solmaz Əlabbas qızı Babaşovanın nurlu siması xatirələr kəhkəşanını işıqlandırdı…
İlık dəfə 1980-ci illərin əvvəllərində – Bakı Dövlət Universitetində oxuyarkən tanıdım Solmaz xanımı… Səmimi, sadə, təvazökar bir xanım-xatın kimi… Bu istiqanlı, mehriban qız çox danışmaqdansa dinləməyə, ara-sıra məntiqli münasibət bildirməyə daha çox meylli görünürdü…
O vaxtlar tez-tez baş çəkdiyim universitet qəzetinin redaksiyasında çalışırdı Solmaz Babaşova… Redaktorumuz Ağamusa Zeynalov həcmi balaca olan redaksiyada işgüzar bir mühit yarada bilmişdi. Ştatda olan əməkdaşların sayı az idi: Natəvan Həsənova, Solmaz Babaşova əsas işçilər sayılırdı. Ayrı-ayrı fakültələrdə təhsil alan, yazıb-yaratmağa həvəs göstərən tələbələr, o cərgədə Ədalət Abdinov, Nəriman Paşayev, mən, bir çox başqa yaradıcı tələbələr isə ştatdankənar müxbir kimi fəallıq göstərirdik. O zamanlar beş-on sətirlik bir xəbərin qəzetdə dərc edilməsi, imzamızın çap səhifəsində görünməsi bizə böyük zövq verməklə yanaşı, adımızı, özümüzü tanıdır, məşhurlaşdrırdı…
Xatırladım ki, o vaxtlar sovet rejiminin tələblərinə uyğun olaraq “Lenin tərbiyəsi uğrunda” adlanan universitet qəzetinin əsası 1929-cu ildə qoyulmuşdu. 1947-ci ilə qədər fasilələrlə nəşr edilən bu qəzet uzun illər ərzində özünəməxsus zəngin ənənə yaratmağa nail olmiş, ali təhsil ocaqlarının qəzetləri içərisində seçilən sima formalaşdırmış, müəllim və tələbələrin sevə-sevə üz tutduğu populyar bir mətbu orqana çevrilə bilmişdi. Fəaliyyətinin ayrı-ayrı illərində Rəsul Rüstəmov, İsrafil Cahangirov, Yusif Yusifov, Seyfulla Əliyev, Nüsrət Bağırov, Aslan Aslanov, Vəli Məmmədov, Eldar Əliyev kimi jurnalistlərin redaktorluğu ilə işıq üzü görmüş qəzetə 1980-ci illərdə səriştəli söz adamı, təşkilatçı qələm sahibi Ağamusa Zeynalov rəhbərlik edirdi.
Ağamusa müəllim Azərbaycan və rus dillərində işıq üzü görən qəzetin növbəti nömrəsi üçün hazırlanacaq əsas materialları seçib redaktə edir, fəal müxbirləri də yaddan çıxarmırdı: bəzi müəllim və tələbələrin əlyazmalarını bizim aramızda bölüşdürür, onların redaktor hazırlığını bizə həvalə edirdi. Bu, çox məsuliyyətli bir iş idi!.. Çünki çapa hazırlayıb makinada yığdırdığımız mətnləri redaktorumuz elə bizim yanımızdaca oxuyub düzəlişlər aparır, nəzərdən qaçırdığımız məqamları diqqətimizə çatdırır, bir növ ustad dərsi keçirdi.
Əlimizdən çıxan yazıları tələbkar redaktorumuz Ağamusa müəllimin bəyənib qəzetə verməsi üçün bi-birimizlə məsləhətləşir, mətnləri birgə təkmilləşdirirdik. O zamanlar ən çox müraciət etdiyim əməkdaş Solmaz xanım Babaşova idi… O, məni yazmağa həvəsləndirən, haqqımda tərifli sözlər söyləyən, ara-sıra maraqlı mövzulara yönəldən xeyirxahlarımdan biri kimi rəğbətimi qazanmışdı.
Günlərin bir günü Ağamusa müəllim məni tələbə kimi redaksiyaya işə götürəndə bacı kimi ən çox sevinən, səmimi təbriklərini yetirən də elə Solmaz xanım oldu.
Mənim yaşıdlarım yaxşı bilir: o vaxtlar əlyazmaları makinada çap etdirmək bir az müşkül məsələydi. Çünki makinalar təkcə idarələrdə, redaksiyalarda olurdu, o da asanlıqla əlçatan deyildi. Mənim çətinliyim ondaydı ki, məqalələrlə yanaşı, üstəlik şeirləri də əl yazısı ilə yazırdım. Redaksiyalar isə makina çapı istəyirdilər. Nigarançılığımı görüb yenə Solmaz xanım çatdı köməyimə: “Qardaş, narahat olma, sən yazmağında ol, əl yazılarını makinada mən çap etdirərəm” – dedi… Elə bil dünyanı verdilər mənə…
Bir məqamı da yaxşı xatırlayıram. Redaktorumuzun məsləhəti ilə mən mətbəədə növbətçi qalmış, onun tərtib etdiyi maket əsasında qəzetimizin yeni nömrəsinin hazırlanıb çapa verilməsinə nəzarət etmişdim. Qəzetin bu nömrəsi yüksək səviyyədə çıxmış, rektorluqda bəyənilmişdi. Ağamus müəllim redaksiyaya gələn kimi hamımıza təşəkkürünü bildirdi. Belə bir sevincli məqamda heç gözləmədiyim halda Solmaz xanım redaktorumuzdan xahiş etdi ki, Knyaz Aslan artıq yetkinləşib, gözəl qələmi var, nəşriyyat işlərini də yaxşı bilir… O, SSRİ Jurnalistlər İttifaqının üzvü olmağa layiqdir, bəlkə sənədlərini təqdim edəsiniz. Redaktorumuz elə bil bu himə bənd imiş!.. Həmin an bu iş üçün qovluğun arasından bir vərəq çıxardı, tələb edilən sənədlərin siyahısını yazdı, onları təcili hazırlamağımı tapşırdı. Baxdım ki, xeyli sənəd lazım gəlir. Onların hamısı makinada səliqə ilə çap olunmalıydı. Bu işdə xeyirxahım yenə qayğıkeş Solmaz xanım oldu… Tanınmış jurnalistlərdən zəmanət aldım, məqalələrimin siyahısını tərtib etdim, digər sənədləri hazırladım, hamısını Solmaz xanım qısa müddətdə qaydaya saldı. Ağamusa Zeynalov Azərbaycan Jurnalistlər İttifaqının universitet üzrə ilk jurnalist təşkilatının rəhbəri kimi sənədləri təsdiqləyib göndərdi. Həyəcanlı günlər başladı. Bir neçə aydan sonra Moskvadan səbrsizliklə gözlədiyimiz şad xəbər gəldi: mən SSRİ Jurnalistlər İttifaqının üzvü seçilmişdim!.. Sevincimin həddi-hüdudu yox idi!.. İlk təşəkkürümün ünvanı əlbəttə ki, təşəbbüskar bacım Solmaz xanım, bir də qayğıkeş redaktorum Ağamusa Zeynalov oldu!..
Demək olar ki, hər gün ərsdən çıxan kimi redaksiyaya yolanır, Solmaz xanımı həmişəki kimi iş başında görürdüm. Həm müxbir kimi sərbəst materiallar yazır, həm müəlliflərin redaksiyaya təqdim etdiyi əlyazmaların makina çapını təşkil edir, həm redaktə işi ilə məşğul olur, həm də korrektorluqda özünü sınayırdı…
Solmaz xanımın tələbəliyi də elə redaksiyada işlədiyi dövrdə keçdi. Hər dəfə imtahandan uğurla çıxanda redaksiyamız xoş ovqata köklənirdi…
Tarixi bir məqam!.. Yaxşı yadımdadır, 1980-ci illərin sonlarında Sovet İttifaqının hər yerində milli oyanış hərəkatı başlamışdı. Azərbaycan da azadlıq havasına köklənmişdi. Sovet ideologiyası laxlayır, sistemlə bağlı düşüncələr dəyişir, müstəqillik ab-havası canımıza-qanımıza işləyirdi. Belə bir tarixi mərhələdə qəzetimizin qəribə adı yenə də “Lenin tərbiyəsi uğrunda” kimi qala bilməzdi. Dəfələrlə redaktorumuz Ağamusa Zeynalov Solmaz Babaşova, mən, digər milli təfəkkürlü ziyalılarımız qəzetin adının dəyişdirilməsi təşəbbüsündə bulunmuş, cürbəcür adlar düşünmüşdük. Redaktorumuz rektorluğu yazılı təqdimat da ünvanlamışdı. Axır ki, 1990-cı illərin əvvvəllərində “S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti” adı rəsmən Bakı Dövlət Universiteti kimi uğurlu adla əvəzlənəndən sonra qəzetimizin bəxtinə də gün doğdu: Qürurla səslənən “Bakı Universiteti” adı hər birimizin ürəyimizcə oldu!.. Bu addəyişmənin gerçəkləşməsində Solmaz xanımın da, mənim də zərrəcə əməyimiz varsa, onun savabı bizə yetər!..
Maraqlıdır, Solmaz xanımın sadəliyi, səmimiliyi, sədaqəti redaksiyamızın illər keçdikcə dəyişən əməkdaşlarına da təsir edirdi. Mən artıq tələbəliyimi başa vurub universitetdə müəllim işləyirdim, amma yenə doğma redaksiyamıza tez-tez baş çəkirdm, ara-sıra məqalələr, şeirlər dərc etdirirdim. Redaksiyada təzə simalar görürdüm, Solmaz xanımın təqdimatı sayəsində mənə isti münasibət bəsləyirdilər… Elə sonralar xoş ünsiyyət qurduğumuz Tamella Səmədovanı da burada tanıdım… əBu yazıda təqdim etdiyim fotoşəkillərdən biri köhnə redaksiyamızda çəkilib. Ağamusa Zeynalovun ad günündə. Solmaz xanım qardaşı oğlu Fikrət Babaşovla gəlmişdi. Yanındakı Natəvan Həsənova, Tamella Səmədova, bir də mənəm. Ustadımız Ağamusa müəllimin 70 illik yubileyini xudmani tort süfrəsində qeyd edirdik…
Solmaz xanım illərin o üzündə necə utancaq, həyalı, kövrək idisə, indi də eləcədi. Bu xüsusiyyətlərin kökünü arayanda rəhmətlik anası Rəna xanımı xatırladım. Yadımdadır, Ağamusa müəllimin oğlunun toyunda görüşmüşdük onunla. Ötəri söhbətimiz yadaşımda əbədi iz salmışdı…
Solmaz Babaşova qədirbilən xanımdır. Rəfiqələrinə sədaqət bəsləyən, onların sevinclərinə şadlanan, kədərlərinə acıyan insandır. Elə bu ovqat üstündə köklənmiş bir neçə kitabının redaktorluğunu mənə etibar edib. Mən də bu etimadı layiqincə doğrultmağa çalışmışam. Dünyasını gənc ikən dəyişmiş istedadlı jurnalist Təranə Niftalızadənin (Qasımovanın) xatirəsinə həsr etdiyi “Yoxluğunu bilə-bilə…” adlı xatirələr, məqalələr, esselər, müsahibələr kitabı 2012-ci ildə çıxıb. 2024-cü ildə isə Azərbaycanda səhiyyənin təşkili və inkişafına öz töhfələrini vermiş tanınmış həkim-pedatr, nəcib xanım Aygün Ata qızı Əliyevanın (Cəbrayılovanın) işıqlı xatirəsinə ünvanladığı “Mənə balamdan danış” adlı xatirələr kitabını nəşr etdirib. Uzun illər ərində çoxsaylı publisistik məqalələr, reportajlar, oçerklər, esselər və s. çap etdirib. Fikrimcə, Solmaz Babaşova həmin yazılardan özünün ən aktual, ən maraqlı saydıqlarını bir yerə toplayıb kitab şəklində çap etdirsə, hamının ürəyincə olar…
Yeri gəlmişkən, mənim həyat və yaradıcılığım barədə yazılmış ən məzmunlu məqalələrin müəllifləri cərgəsində Solmaz Babaşova imzasının olması qəbimi qürurlandırır. Çünki onun mövzuya yanaşma tərzi də, fikrini ifadə etmək üslubu da, oxucunu mətləblərə cəlb edə bilmək bacarığı da fərqlidir, özünəməxsusdur, cəlbedicidir, oxunaqlıdır…
Solmaz Babaşova illər öncə unudulmaz redaktorumuz Ağamusa Zeynalovun rəhbərlik etdiyi universitet qəzetində püxtələşib. Sonralar redaktorlar bir-birini əvəzləyib, Bayram Hüseynzadə, Şərəf Cəlilli, Haqverdi Rzayev, Anzulə Əmirova kimi qələm sahibləri universitetimizin qəzetçilik ənənələrini uğurla davam etdirib. Doğma redaksiyamızın əməkdaşları cərgəsində isə Solmaz xanımın özünəməxsus yeri olub hər zaman… Çünki o, həmişə dahi şairimiz Nizami Gəncəvinin bu kəlamının ovqatına köklənib:
Yaxşılığı əzəldən adət etsən özünə,
O yaxşılıq hər yanda qapı açar üzünə…
Bir neçə ildir BDU-nun Nəşr Evində çalışan Solmaz xanım yenə qələmin işığında öz yoluna davam edir, ömrün nurlu anlarını mənalandırmağa çalışır. Hələ qarşıda neçə-neçə gözəl yazılar, oxunaqlı kitablar var, əzizimiz Solmaz xanım!
Könül xoşluğu, can sağlığı sizinlə olun hər zaman!..
Səmimiyyətlə,
Knyaz Aslan
Bakı Dövlət Universiteti
Redaksiya-nəşriyyat işi kafedrasının müdiri,
şair-publisist