Dərc olunub: 28.04.2025

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında 2025-ci ilin aprel ayı ərzində ənənə halını almış növbəti “Açıq qapı” günü təşkil edilmişdir. Tədbirin əsas məqsədi ali təhsil müəssisəsinə maraq göstərən yuxarı sinif şagirdlərini universitet həyatı, tədris prosesi və tələbə fəaliyyəti ilə daha yaxından tanış etmək, onlara düzgün karyera seçimi istiqamətində dəstək olmaq idi.

Bu dəfəki “Açıq qapı” günündə Şamaxı Avropa Liseyinin müəllimləri və yuxarı sinif şagirdləri fəal iştirak etmişdir. Tədbir böyük maraqla qarşılanmış və səmimi, interaktiv bir mühitdə keçmişdir.

Tədbir iştirakçıları ilk olaraq filialın inzibati və tədris binalarına baş çəkərək, fakültə və kafedraların fəaliyyəti, tədris auditoriyaları, kompüter otaqları, kitabxana, laboratoriyalar və digər zəruri maddi-texniki baza ilə tanış olmuşlar. Onlara filialın təhsil imkanları, akademik mühit, müasir tədris metodları və elektron təhsil sistemləri haqqında ətraflı məlumat verilmişdir.

Tanışlıq turundan sonra tədbir Heydər Əliyev lektoriyasında davam etdirilmişdir. Görüşü giriş sözü ilə açan filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova qonaqları salamlayaraq, “Açıq qapı” günlərinin filialda artıq ənənəyə çevrildiyini qeyd etmişdir. O, çıxışı zamanı bildirib:

“ADPU-nun Şamaxı filialı regionun yeganə ali təhsil müəssisəsi olaraq mühüm rol oynayır. Filialımızın məzunları bu gün müxtəlif sahələrdə uğurla çalışır və universitetimizi qürurla təmsil edirlər. Ulu Öndər Heydər Əliyevin regionlara olan diqqət və qayğısının nəticəsidir ki, Şamaxı filialı da ölkəmizin ali təhsil sistemində özünəməxsus yerini qoruyur.”

Şəlalə Seyidova həmçinin qeyd etmişdir ki, sevindirici haldır ki, filiala yüksək balla daxil olan abituriyentlərin sayı ildən-ilə artır, bu isə təhsil müəssisəsinə olan inam və marağın göstəricisidir.

Görüş zamanı iştirakçılara filialın fəaliyyəti, əldə olunan uğurlar və həyata keçirilən layihələri əhatə edən videoçarx nümayiş olunmuşdur. Videoçarxda tədris, elmi-tədqiqat, ictimai və mədəni fəaliyyətlər, tələbə həyatı və beynəlxalq əməkdaşlıqlarla bağlı əsas məqamlar əks etdirilmişdir.

Tədbirin davamında iştirakçılar filialda tələbələrin asudə vaxtlarının səmərəli təşkili, tələbə-gənclər təşkilatlarının fəaliyyəti, yaradıcılıq dərnəkləri, könüllülük proqramları və filialın respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı barədə məlumatlandırılmışlar. Vurğulanmışdır ki, ADPU-nun Şamaxı filialı tələbələrin yalnız akademik deyil, həm də ictimai və şəxsi inkişafına xüsusi önəm verir.

Tədbirin sonunda Şamaxı Avropa Liseyinin müəllim və şagirdləri “Açıq qapı” gününün təşkilinə görə təşəkkürlərini bildirərək, bu cür təşəbbüslərin şagirdlərin ixtisas və universitet seçiminə müsbət təsir göstərdiyini vurğulamışlar. Həmçinin gələcəkdə də qarşılıqlı əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq ifadə olunmuşdur.