Dərc olunub: 29.04.2025
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında filial və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli tarixçi alim, professor Şahin Fərzəliyevin (Şahin Fazil) 85 illik yubileyinə həsr olunmuş “İlkin qaynaqlar tarixin güzgüsüdür” mövzusunda Respublika elmi konfransı keçirilib.
Konfransın rəsmi açılışında filial rəhbərliyi, professor-müəllim və tələbə heyəti, görkəmli alimlər, şəhid ailələrinin üzvləri  iştirak ediblər.
Quba filialının direktoru professor Yusif Alıyev konfransı giriş sözü ilə açaraq qeyd edib ki, professor Şahin Fazilin bütün yaradıcılığı təkcə Azərbaycana faydalı deyil, dünya elmi üçün böyük qənimətdir. Konfransın keçirilməsinin müasir Azərbaycan elminin dünya ictimaiyyətinə çatdırılması baxımından da faydalı olduğunu bildirən prof.  Y.Alıyev tədbirin həm də alimin yaradıcılığına olan diqqətin göstəricisi oduğunu vurğulayıb.
Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov geniş məruzəsində şair, şərqşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları ilə təltif edilmiş professor Şahin Fərzəliyevin yalnız alim, tarixçi, şair yox, eyni zamanda insanlıq keyfiyyətləri ilə seçilən, milli yaddaşı yaşadan bir fikir adamı olduğunu bildirib.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d., dos. Eynulla Mədətli alimin həyat və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.ü.f.d. Füzuli Qurbanov, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdirləri Tofiq Nəcəfli və prof. Tofiq Mustafazadə, Əməkdar dövlət qulluqçusu İsrafil Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, tanınmış şair Ramiz Qusarçaylı, qubalı ziyalı Əkrəm Qaflanoğlu, şair Eynulla Müslüm çıxışlarında Şahin Fazilin həyat və yaradıcılığına dair fikir və düşüncələrini bölüşüblər.
Şahin Fərzəliyevin qızı Ülviyyə Şahinqızı çıxış edərək, konfransın təşkilinə görə təşkilatçılara və filial rəhbərliyinə minnətdarlığını bildirib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Qeyd edək ki, konfransın təşkilat komitəsinə təqdim olunan bütün məqalələr toplu şəkilində nəşr olunacaq.