Dərc olunub: 30.04.2025

 

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)   “Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında dövlət–din münasibətləri” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov, Aİİ İlahiyyat fakültəsinin dekan müavini Asəf Qənbərov və tələbələr iştirak ediblər.

Aİİ İlahiyyat fakültəsinin dekan müavini Asəf Qənbərov “Dünyada dövlət-din münasibətləri modelləri” mövzusunda çıxış edib. O, fərqli  ölkələrdə mövcud din siyasəti haqqında fikirlərini səsləndirib. Bildirib ki, dövlət-din münasibətləri modelləri müxtəlif təsnifatlar əsasında qruplaşdırılır. Dövlət-din münasibətləri “dinə bağlı dövlət”, “dövlətə bağlı din” və “dinin dövlətdən ayrı olması” şəklində təsnif edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Azərbaycan Respublikasının Konstitusiyasında dövlət-din münasibətləri və dünyəvilik” mövzusunda çıxış edib. Məruzəçi Azərbaycanda və dünyada mövcud olan dövlət-din münasibətləri haqqında fikirlərini səsləndirib. O, respublikamızdakı tolerant və multikultural ənənələrə əsaslanan, özündə milli dəyərlərimizi ehtiva edən nümunəvi dövlət-din münasibətlərindən, bu sahədə görülən işlərdən danışıb.

“Azərbaycan Respublikasının Konstitusiyasında dini etiqad azadlığı” mövzusunda çıxış edən Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov dini etiqad və vicdan azadlığı haqqında Konstitusiyada və qanunlarda əks olunduğunu diqqətə çatdırıb. O, Konstitusiyada və qanunda əksini tapan maddələri şərh edib. Bildirib ki, bu hüquqlar müxtəlif dövlətlərdə fərdin mənimsədiyi dinin prinsiplərinə görə dəyişdiyi kimi, dövlət quruluşuna görə də dəyişə bilir.