25 aprel 2025-ci il tarixində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub.
Mektebgushesi.az xəbər verir ki, tədbirin əsas məqsədi mərkəzin fəaliyyət istiqamətləri, təlim-tərbiyə imkanları və tələbələrin əldə etdikləri praktiki bacarıqlar barədə geniş ictimaiyyəti məlumatlandırmaq, eləcə də gənclərdə peşə təhsilinə marağı artırtırmaq olub.
Tədbirdə müxtəlif ictimaiyyət nümayəndələri, işəgötürən təşkilatların təmsilçiləri və Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərindən ümumilikdə 600-ə yaxın şagird iştirak edib. Qonaqlar peşə təhsilinin imkanları ilə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər.
Mərkəzin inzibati binasında 38 ixtisas üzrə əl işlərindən ibarət sərgi nümayiş etdirilib və master-klaslar göstərilib. Tələbələrin hazırladığı praktik işlər, layihələr və texniki nümunələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir iştirakçıları həmçinin mərkəzdə yaradılmış maddi-texniki baza, müasir avadanlıqlarla təchiz olunmuş təlim emalatxanaları və laboratoriyalarla da tanış olublar.
“Açıq qapı” günündə iştirakçılara 2025-2026-cı tədris ili üzrə qəbul aparılacaq ixtisaslar, peşə təhsili müəssisələrinə qəbul qaydaları, dual təhsil proqramı və yüksək texniki peşə təhsili barədə ətraflı məlumat verilib. Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və peşə təhsilinin gələcək imkanları barədə geniş məlumat verilib.